İsmayıllıda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

Sentyabrın 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 2023-2024-cü il tədris ilində İsmayıllı Rayon Təhsil sektorunun yüksək nəticə göstərmiş məzunları rayonun ümumi təhsil məktəblərinin məzunları ilə görüş keçirilib.  

 

"Azərbaycan müəllimi" xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımov, rayon rəsmiləri, təhsil işçiləri, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar və valideynlərin iştirak etdiyi tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər qoyulub.  

 

Ardınca torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bütün məzunları təbrik edib, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı hesabına təhsil sahəsində görülən işlər, qarşıya qoyulan məqsədlər, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, Azərbaycanda, o cümlədən rayonumuzda son illərdə elmin və təhsilin inkişafında qazanılan uğurlardan danışıb. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan natiq sabahımız üçün bilikli, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdrinin səlahiyyətlərini icra edən Həmid Qasımov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanmış bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib. O, bildirib ki, 2023/2024-cü tədris ilində İsmayıllı rayonunda orta ümumtəhsil məktəblərinin 400-dən artıq məzunu ali məktəblərə qəbul olub. Məzunlarından 30 nəfəri 600 bal, 57 nəfəri 500-dən yuxarı bal toplayıb. Rayon üzrə və Dağlıq Şirvan regionu üzrə ən yüksək nəticəni İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbin məzunu Bədəlova Nərgiz Cəlal qızı qazanıb. O, 685,1 bal toplayaraq ADİA-nın "Hüquqşünaslıq" ixtisasına qəbul olub.

 

Ardınca çıxış edən müəllim və valideynlər respublikamızda eləcə də İsmayıllıda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərmiş 30 məzuna Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələri və pul mükafatı, orta məktəbi qızıl medalla qurtaran məzunlara medal və attestatla bitirənlərə həmçinin bir sıra müxtəlif layihə və müsbiqələrdə qalib olmuş məzunlara Fəxri Fərman və mükafatlar təqdim olunub.

 

Sonda xatirə şəkli çəkilib.  

 

Elnarə Qasımova,

Dağlıq Şirvan bölgəsi

 



12.09.2024 | 12:58