ADPU-nun Quba filialında “Yaşıl enerji istehsalında problemlər və perspektivlər” mövzusunda görüş keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Almaniyada fəaliyyət göstərən Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, “Şeffler” şirkətinin senior vitse-prezidenti, “Siemens Energy” şirkətində yaşıl texnologiyalar üzrə bölmə müdiri, texnika elmləri doktoru, professor Yaşar Musayev ilə görüş keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizdə keçiriləcək COP-29 ilə əlaqədar “Yaşıl enerji istehsalında problemlər və perspektivlər” mövzusunda seminar-məruzə formatında keçirilən görüşdə filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, yerli ictimaiyyətin təmsilçiləri, o cümlədən şəhid ailələrinin nümayəndələri və qazilər iştirak ediblər.
 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
ADPU-nun Quba filialının müəllimi Kəmalə Bayramova professor Yaşar Musayevin bioqrafiyası ilə iştirakçıları tanış edəndən sonra məlumat verib ki, görüşün məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP-29 (Tərəflərin Konfransı-29) barədə fikir və düşüncələrini çatdırmaqdır.
 
Sonra Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bu gününə, eyni zamanda, Azərbaycan sevdalı alim, diaspor təşkilatçısı Yaşar Musayevə həsr olunmuş “Yaşar Musayev ömrünün həmişəyaşar təntənəsi” mövzusunda fotorolik efirdə nümayiş olunub.
 
Yaşar Musayevin elm və diaspor sahəsində göstərdiyi xidmətlərə görə hər zaman geniş ictimaiyyətin diqqətində olduğunu bildirən direktor Yusif Alıyev vurğulayıb ki, 2022-ci ildə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə, Yaşar Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi görkəmli alimin əməyinə dövlətimiz tərəfindən verilən layiqli qiymətdir.
 
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinin məram və məqsədlərindən danışan dosent Yusif Alıyev son illər dünyanın fikir və düşüncə mərkəzinə çevrilən Bakının bu tədbir sayəsində dünya ictimaiyyətinin diqqətini yenidən qlobal bir mövzuya çevirməyə nail olduğunu qeyd edib.
 
Prof. Yaşar Musayev COP-29 tədbirinin qarşıya qoyduğu qlobal vəzifələr, yaşıl enerjinin bu günü, sabahı, eləcə də Avropadakı Azərbaycan diasporunun fəaliyyəti barədə çıxış edərək Azərbaycan dövlətinin uğurlu beynəlxalq əlaqələrindən danışıb.
 
Professorun çıxışından sonra geniş sual-savab sessiyasında Quba filialının professor-müəllim heyətinin mövzu ətrafında peşəkar yanaşma sərgiləməsi bir daha təsdiq etdi ki, qlobal istiləşmə, iqlim dəyişikliyi, beynəlxalq enerji böhranı kimi ümumbəşəri məsələr hazırda insan cəmiyyətini narahat edən ən ciddi problemlər sırasında yer alır. Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməklə bütün bu problemlərin qlobal məkanda kompleks həllinə töhfə verməyə çalışır.
 
Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsini tarixi nailiyyət kimi dəyərləndirən alim əminliklə bildirib ki, ölkəmizin bundan əvvəl keçirdiyi dünya əhəmiyyətli tədbirlərdə qazanılan təcrübələrin bu konfransda tətbiqi beynəlxalq aləm tərəfindən böyük maraqla qarşılanacaq.
 
Çıxışında "Yaşıl hidrogen" prosesinin ümumdünya faydalılığına geniş yer ayıran professor Yaşar Musayev diqqətə çatdırıb ki, yaşıl enerji istehsalında iridium elementinin təkrar emalı onun təbiətə mənfi təsirinin qarşısının alınmasında mühüm və vacib əhəmiyyətli məsələdir.
 
Azərbaycan diaspor təşkilatlarının Avropanın ictimai ailəsində yeri və rolu mövzusunda fikir və mülahizələrini bölüşən alim qeyd edib ki, milli diasporçuluğun yaranması, formalaşması və təşəkkülü istiqamətində ulu öndər Heydər Əliyevin qarşımızda qoyduğu hədəflərə doğru getmək əsas prioritetimizdir. Prezident İlham Əliyev bu sahədə dinamizmə nail olmaq üçün daha mühüm hədəflər müəyyən edib.
 
Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova görüşə dəvət olunduğu üçün və dəyərli mülahizələrini bölüşdüyünə görkəmli alimə dərin təşəkkürünü ifadə edib.
 
Şair Ramiz Qusarçaylı Anadolu türkcəsində yenicə çapdan çıxmış “Vətən poeması” kitabını professor Yaşar Musayevə hədiyyə edib, dəyərli fikir və mühakimələrinə görə minnətdarlığını çatdırıb.
 
"AQSİA"-nın üzvü olan Azərbaycan və Almaniya iqtisadiyyat nazirliyinin sertifikatlı “headhunter”i Sevda Quliyeva çıxış edərək prof. Musayevin uğur və nailiyyətləri, eləcə də öz fəaliyyəti barədə fikir və düşüncələrini bölüşüb. Təqdimatda insan resurslarının idarə olunması, karyera qurmaq kimi məsələlərdən bəhs olunub.
 
Sonda filial rəhbərliyi tərəfindən prof. Yaşar Musayevə “Fəxri Diplom” təqdim olunub və qonaqlar “Xatirə kitabı”na ürək sözləri yazıblar.


12.09.2024 | 12:13