Masallıda yeni məktəb binasının açılışı olub
11 sentyabrda tikinti-təmir işləri qısa müddət əvvəl bitən Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəbinin təntənəli açılış mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılışda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və digər rəsmilər iştirak ediblər.
 
180 yerlik və 3 mərtəbəli bu təhsil müəssisəsi, yeni nəsil texnoloji avadanlıqlarla təchiz edilərək şagirdlərə keyfiyyətli təhsil üçün ən müasir şərait yaradıb.
 
Məktəbin açılışında çıxış edən məktəb direktoru Sevda Nuriyeva, kənd sakinləri Cabir Hüseynov,  Afərin Əliyev və başqaları ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin tikintisinə göstərdikləri dəstəyə görə dərin minnətdarlıqlarını bildiriblər. Onlar təhsilə göstərilən qayğını yüksək qiymətləndirərək bu kimi layihələrin Azərbaycanın hər bir bölgəsində gənclərin təhsil almaq imkanlarını genişləndirdiyini və ölkənin ümumi inkişafına böyük töhfə verdiyini vurğulayıblar.
 
Qeyd edək ki, qəzalı vəziyyətdə olan Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəbinin yenidən tikilməsi ilə bağlı sərəncam Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ildə imzalanıb.
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçi


12.09.2024 | 12:05