Abşeron-Xızı üzrə 1 məktəb tikilib, 7 məktəbdə əsaslı, 12 müəssisədə isə cari təmir işləri aparılıb
2024-2025-ci tədris ilinin başlamasına saylı günlər qalır. Hazırda ölkənin bütün tədris  müəssisələrində yeni dərs ilinə hazırlıq işləri aparılır. Regionlarda da məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binası və əlavə sinif otaqlarının tikintisi, əsaslı və cari təmiri işləri xüsusi diqqət mərkəzindədir. 
 
Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq məlumat verilib ki, Masazır qəsəbə “Yeni Bakı” yaşayış massivində 1200 şagird yerlik yeni məktəb binasının inşası həyata keçirilib. 2021-ci ilin fevral ayından tikintisinə başlanılan təhsil müəssisəsində son tamamlama işləri görülür. Məktəbdə 50 sinif otağı, 6 laboratoriya, 2 əmək təlimi otağı, 2 informatika kabineti, hərbi hazırlıq kabineti, kitabxana, oxu zalı, akt zalı, yeməkxana, idman zalının fəaliyyət göstərəcəyi nəzərdə tutulur. 
 
Yeni tikilən məktəb binası ilə yanaşı regionun bir sıra təhsil müəssisələrində cari və əsaslı təmir işləri aparılıb. Belə ki, Sumqayıt şəhər 21, 36 nömrəli tam orta, Abşeron rayon Hökməli qəsəbə tam orta, Saray qəsəbə 1 nömrəli, Qobu qəsəbə 3 nömrəli, Xırdalan şəhər 8 nömrəli və Novxanı kənd 1 nömrəli tam orta məktəblərində əsaslı təmir işləri həyata keçirilib. Sumqayıt şəhər 22, 26, Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəblərdə, Sumqayıt şəhər 25, 30, 41, 47, 50, 52, 53, 54, 60 nömrəli körpələr evi-uşaq bağçalarında, eləcə də Xızı rayon Şorabad qəsəbə tam orta məktəbində isə cari təmir işləri aparılıb. Adı çəkilən təhsil müəssisələrinin bəzilərində hal-hazırda təmir işləri davam etməkdədir.
 
Lamiyə Əlimərdanova
Abşeron-Xızı regionu üzrə təmsilçi


12.09.2024 | 10:05