Yulduz Rəhimov: Bizim COP29 konfransına böyük dəstək olmaq potensialımız var
Kanadanın York Universitetinin professoru Yulduz Rəhimov “Gülüstan “sarayında keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ikinci günündə “Ətraf mühit nümunələrinin proqnozlaşdırılmasında və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu” mövzusunda çıxış edib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, son 26 ildə York Universitetində çalışan alim böyük qürur hissi ilə forumda iştirak etdiyini bildirib. Bu müddət ərzində minlərlə tələbəyə dərs dediyini deyən professor iqlim dəyişmələrindən danışarkən bu məsələdə riyazi modelləşdirmənin vacibliyini qeyd edib.
 
Öz çıxışında Yulduz Rəhimov Azərbaycanın bu il keçiriləcək COP29 konfransına ev sahibliyi etməsindən danışıb. Qeyd edib ki, bizim bu konfransın işinə böyük dəstək olmaq potensialımız var. Onun sözlərinə görə, “Prezident İlham Əliyev 2024-cü il martın 2-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası zamanı “Euronews” telekanalına müsahibəsində demişdir: “COP 29 bizim ortaq yaşıl gündəmimizin və məsuliyyət hissimizin bir hissəsidir, çünki qalıq yanacaqlarla zəngin bir ölkə yaşıl enerjiyə keçid prosesində olan ölkələr arasında ön sıralarda olmalıdır”. 
 
Y.Rəhimov ümid etdiyini bildirib ki, DAAB bütün dünyada və xüsusilə Azərbaycan Respublikasında ekoloji tarazlığın qorunması ilə məşğul olan bütün təşkilat və qurumların səylərinin vahid akademik platforma ətrafında birləşməsində layiqli rol oynayacaq. Əldə edilmiş elmi-tədqiqat nəticələrinin Azərbaycanda tətbiqinin təşkil edilməsinə və respublikamızda “yaşıl sənaye”nin inkişafına mühüm töhfələr verəcək.
 
Oruc MUSTAFAYEV


11.09.2024 | 16:53