Kahramanmaraş Təhsil Şöbəsinin müdiri: Fəlakət zonasından olan uşaqlara dəstək verdiyi üçün Azərbaycana səmimi-qəlbdən minnətdarıq
“Türkiyənin Kahramanmaraş vilayətinin sakinləri 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəyə görə qardaş Azərbaycanın hökuməti və xalqına səmimi-qəlbdən minnətdardırlar”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib.
 
Onun sözlərinə görə, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər.
 
Erhan Baydur “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib. “Kahramanmaraş sakinlərinin gənc nəslinin yetişdirilməsində xidmətlərinə görə Azərbaycanın bütün strukturlarına və şəxsən Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə vilayət təhsil şöbəsinin müdiri qeyd edib.
 
Baydur xatırladıb ki, Heydər Əliyev adına yeni ibtidai məktəbin yerində əvvəllər də təhsil müəssisəsi olub, lakin ötən il baş verən zəlzələ zamanı dağıldığına görə sökülüb.
 
Azərbaycanın sayəsində yeni müasir məktəb tikilib. Azərbaycan hökuməti adından layihənin icraçı orqanı MİDA Mənzil İnşaatı Dövlət Agentliyi olub.
 
“Köhnə məktəbdə təhsil alan uşaqlar müvəqqəti olaraq başqa təhsil müəssisələri üzrə bölüşdürülüb. Yeni məktəblilərin qeydiyyatı da aparılıb. Heydər Əliyev adına ibtidai məktəb açılandan dərhal sonra onların hamısı yeni binada dərsə başlayacaqlar”, - deyə vilayət təhsil şöbəsinin müdiri vurğulayıb.
 
İki qardaş ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılış mərasiminin keçirilməsi sentyabrın 11-nə planlaşdırılır.
 
İbtidai məktəbin girişində Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsvirləri olan obelisk ucaldılıb.
 
Üçmərtəbəli müasir məktəb binasının tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb. Məktəbdə, həmçinin idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer də var.
 
Məktəbə bitişik ərazi abadlaşdırılıb, hazırlıq bölməsindəki şagirdlər üçün uşaq meydançası yaradılıb.


11.09.2024 | 16:18