Yeni tədris ili və Müəllim olmaq
Yeni tədris ili başlayır, ümumtəhsil müəssisələrimizin həyətində, dəhlizlərdə, sinif otaqlarında yenə şagird səsləri eşidiləcək, dərslər arası tənəffüslər üçün zəng çalınacaq.
 
Əminəm ki, uzun yay tətilindən sonra həm şagirdlərimiz, həm də müəllimlərimiz məktəb üçün çox darıxır və yeni tədris ilinin başlanılmasını səbirsizliklə gözləyirlər. Üç ay qədər uzun bir fasilədən sonra müəllimlərimiz şagirdlərdə məktəbə olan bu həsrət hissindən yaxşı mənada istifadə edərək, onlara məktəbi, sinif otaqlarını, müəllimlərini, kitabı, dərsləri, öyrənməyi və məktəbdə keçirilən zamanı sevdirməyə çalışmalıdırlar. 
 
Günümüzdə istənilən yaşda olan insan özünə lazım olan informasiyanı çox rahatlıqla əldə edir, sözügedən informasiya barədə çox qısa və ya ciddi mənada geniş məlumatların əldə edilməsi çox asanlaşıb. Belə olan təqdirdə, informasiya mərkəzi olan məktəb və informasiya mənbəyi olan müəllim bu baxımdan öz statusunu itirir və ya demək olar ki, itirib. Artıq Amerika Birləşmiş Ştatlarında müəllim olmadan süni intellekt vasitəsi ilə dərslərin tədris edildiyi məktəblər yaradılır. Günümüzün məktəbi şagirdlərin xoşbəxt olacaqları, əylənərək öyrənəcəkləri məkana çevrilməlidir. Şagirdlər öyrənərək əylənməli və eyni zamanda onlara əylənərək öyrənmə imkanları tanınmalıdır. Müəllimlər tərəfindən şagirdlərə bu və ya digər sahəni öyrətməkdən daha çox öyrənmə prosesinin özünü öyrətməli, şagirdlərin öyrənmə prosesindən zövq almaları təmin edilməlidir. Bu prosesdə isə müəllimin rolu olduqca böyükdür. 
 
Müəllimlər seçilmiş şəxslərdir. Müəllim olmaq gözəllik, fədakarlıq, sevmək, sevilmək, dostluq, yoldaşlıq, paylaşmaqdır. Müəllim sözünün qarşısına hər hansı bir sifətin əlavə edilərək yaxşı müəllim, savadlı müəllim, nəzakətli müəllim, sevilən müəllim və s. ifadələrinin doğru olmadığını düşünürəm. Əgər bir şəxs müəllimdirsə və ya müəllim olmaq arzusundadırsa, o şəxs yaxşı olmalı, savadlı olmalı, bilikli olmalı, sevilən olmalı, nəzakətli olmalıdır və s. Şagirdlərin hər zaman məktəbdə sevdikləri, nümunə götürdükləri, onlar üçün rol-model olan müəllimlər vardır. Bu səbəbdən müəllimlərimizin məsuliyyəti olduqca böyükdür. Uşaqlar böyüklərinin sözünü dinləməkdə bir o qədər bacarıqlı deyillər, ancaq onların çox yaxşı bacardıqları məqam böyükləri təqlid etmələridir. Unudulmamalıdır ki, şagirdlər müəllimlərinin əsəblə qaldırdıqları işarət barmağını deyil, onların ayaq izlərini təqib edirlər. Müəllim öyrədəndir, öyrənməyi öyrədəndir, öyrənməyi sevdirəndir. Ancaq öyrənməyən, öyrənməyi sevməyən, öyrənməyi öyrənə bilməyən müəllimin bunu şagirdlərə aşılaya bilməsi də mümkün deyil. Günümüzün müəllimi dərslərin daha maraqlı, daha innovativ, daha əyləncəli və daha düşündürücü keçməsi üçün hər gün axtarışda olmalıdır. Öyrənməyi və özünü yeniləməyi dayandıran müəllim, əslində, elə müəllimliyi dayandırıb deməkdir. Bu gün sinfə daxil olan müəllim 45 dəqiqə boyunca şagirdlərin maraq dairəsində olmalıdır. Bunun üçün isə dərsinə tam hazır olmalı, mövzunu ən gözəl və ən anlaşılan şəklidə şagirdlərə çatdırma yollarını və metodlarını hazırlamalı, günün lətifəsi, günün aforizmi, günün hekayəsi ilə sinfə daxil olmalıdır. 
 
Uşaqların evdə valideynlərindən, məktəbdə müəllimlərindən gözlədikləri özlərinin dəyərli olduqlarını hiss etmələri və onlara güvənildiyini görmələridir. Müəllim və şagird arasında olan ünsiyyət təktərəfli olmamalı, dərslərin bu və ya digər məlumatların çatdırıldığı, təktərəfli mesajların ötürüldüyü, yaxud bu və ya digər məlumatların təbliğinin edildiyi ab-havadan çıxarılmalı və qarşılıqlı ünsiyyət mühitinə çevrilməlidir. Sinif otağında istənilən mesaj, istənilən informasiya müəllim tərəfindən təktərəfli çatdırıldıqda,  şagirdlər isə sadəcə dinləyən qismində çıxış etdiklərində özlərini dəyərsiz hiss etməyə başlayırlar. Öyrənmə prosesinin ən gözəl baş verdiyi mühit sağlam və qarşılıqlı ünsiyyətin olduğu mühitdir. Qarşılıqlı ünsiyyət isə etibarın, güvənin olduğu və ya təmin edildiyi zaman baş verir. 
 
Digər tərəfdən məktəb rəhbərliyi, müəllimlərimiz tərəfindən şagirdlərin meyil və maraqları nəzərə alınmalı və bu istiqamətdə onlara dəstək olunmalıdır. Hər bir şagirdin, mütləq ki, bir istedadı var. Bir balıq ağaca çıxma qabiliyyətinə görə mühakimə edilərsə, hər zaman qabiliyyətsiz olaraq görüləcək. Əndərunun divarlarında “Heç bir quş üzməyə, heç bir balıq uçmağa məcbur edilə bilməz” ifadəsi yazılırdı. Bu xüsuslara diqqət yetirilərsə, şagirdlər məktəbdə, sinif otaqlarında keçirdikləri zaman dilimindən zövq alacaqlar. Sinif otaqlarının qapı dəstəkləri içəridən deyil, çöldən daha tez xarab olacaq, çünki uşaqların sinfə daxil olma istəyi, sinifdən çıxma istəyindən daha yüksək olacaqdır. Bunu təmin edənlər isə təbii ki, müəllimlərdir.
 
Şagirdlərlə qurulan düzgün ünsiyyət mühiti istər dərs zamanında, istər tənəffüslərdə onlarda özlərinə inamın artmasına, dəyər verildikcə dəyərli olduqlarına inanmalarına, ünsiyyət qurulduqca müəllimlərlə bu və ya digər mövzularda fikir mübadiləsi aparılmalarına, bir çox hallarda düşüncələrini paylaşmalarına, dərdləşmələrinə, etibar edəcəkləri insanların ətraflarında olduğuna inanmalarına səbəb olacaq.
 
Yeni tədris ili münasibəti ilə bütün müəllimlərimizi təbrik edir, ölkənin gələcəyini inşa etmə kimi çox ülvi missiyalarında onlara müvəffəqiyyələr arzu edirik!
 
Fuad QARAYEV,
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini


11.09.2024 | 16:18