Məktəb şagirdlərinin yolunu gözləyir… - REPORTAJ
Yeni tədris ilinə hazırıqmı?
 
Yeni dərs ilinin başlanmasına  sayılı günlər qalır. Bir neçə gündən sonra sakit, sükut dolu məktəb dəhlizləri, sinif otaqları şagirdlərin şaqraq gülüşləri, hay-küylü səsləri ilə yenidən canlanacaq. Bəli, məktəb şagird və müəllimləri ilə məktəb olur. Əks halda quru binadan başqa bir yer deyil. Bəs görəsən məktəblərimiz sahiblərini qarşılamağa hazırdırlarmı? Bu suallara cavab tapmaq üçün qəzetimizin fotoqrafı Kənan Qafarovla birlikdə yolumuzu Bakı şəhəri Ağabəy Novruzbəyli  adına 46 nömrəli tam orta məktəbə salırıq. Burada məktəblərə xas olan öyrəşdiyimiz mənzərənin əksi, tam sakitçilikdir. Bizi qapıda gözətçi qarşılayır, gəlişimizin məqsədini ona deyirik və ümumtəhsil müəssisəsinə daxil oluruq. Dəhliz boyu məktəbin divarlarında müxtəlif guşələr, fotosərgilər, şagirdlərin rəsm əsərləri, müxtəlif məzmunlu məlumat lövhələri diqqətimizi çəkir. Onlarla tanış olduqca, artıq demək olar ki, məktəbin ümumi fəaliyyəti, uğurları, şagirdlərinin bacarıqları barədə müəyyən təsəvvürümüz yaranır. Qapının üstündə direktor yazılan otağa daxil olmaq istəyəndə yan otaqda kifayət qədər müəllimin toplaşdığını görürəm. Onlar məktəbdə olduqlarını təsdiqləmək üçün davamiyyət jurnalına qol çəkirdilər. Nə olsun ki, hələ dərs başlanmayıb. Müəllimlərin ki məzuniyyəti bitib... Və onlar artıq iş başındadırlar. Nizam-intizam da məhz davamiyyətdən başlayır.
 
 
“Bu günün yüksək təhsili, sabahın parlaq gələcəyi, inkişafın qarantıdır"
 
Məktəbin direktoru Əməkdar müəllim Sevinc Budaqova ilə görüşürük. Deyir ki, bir azdan pedaqoji kollektivlə yeni tədris ilinin başlanması ilə əlaqədar iclas keçirəcək. Vaxtdan istifadə edib, məktəb haqqında məlumat verməsini istəyirəm. 
 
Öyrənirəm ki, məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi təhsil müəssisəsinin açılışında iştirak edib. 4 mərtəbəli məktəbin 53 sinif otağı, idman, akt zalları və yeməkxanası var. Təhsil ocağında pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Təhsil ocağı 2024-2025-ci tədris ilinə 1300 şagirdlə başlayacaq. Onların təlim-tərbiyəsi ilə 84 müəllim məşğul olacaq. Burada tədris Azərbaycan və rus dillərində aparılır. Rus bölməsinin nəzdində yəhudi əsilli uşaqlardan ibarət komplektləşdirilmiş siniflərdə ivrit dili tədris olunur və onların təhsili üçün məktəbin digər korpusunda hər cür şərait yaradılıb. Həmçinin orada yəhudi ailələrdən olan uşaqlar üçün bağça və məktəbəqədər hazırlıq qrupu da fəaliyyət göstərir. 
 
 
Məktəb iki dəfə “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. Yeni tədris ilinə hazırlıqla bağlı işlərin demək olar ki, yekunlaşmaq üzrə olduğunu deyən direktor təhsil müəssisəsinin daxili imkanları hesabına artıq məktəbin bütün mərtəbələr üzrə dəhlizlərində, həmçinin məktəblə daim əməkdaşlıq edən fəal valideynlərin dəstəyi ilə müəyyən siniflərdə cari təmir işlərinin başa çatdığını qeyd edir: “Bilirsiniz, elə valideynlərimiz  var ki, onlar daim bizimlə fəal əməkdaşlıq edirlər. Çalışırlar ki, məktəbin inkişafında onların da əməyi keçsin, təhsil ocağında aparılan proseslərin  iştirakçısı olsunlar. Və çox xoşdur ki, valideynlərimiz bizimlə birlikdə məktəbə hazırlıq işlərində öz köməklərini əsirgəmirlər. Fürsətdən istifadə edərək kollektivimiz adından onlara təşəkkürümü bildirirəm”.
 
Direktor onu da bildirir ki, ümumtəhsil müəssisəsində təmizlik işləri aparılıb, məktəbətrafı sahə abadlaşdırılıb. 
 
 
Şagirdlərin dərslik komplektləri ilə təmin olunması prosesinə start verilib, onların təhsil alacaqları siniflər müəyyənləşdirilib. Məktəbin  ibtidai siniflərdə təhsil alan şagirdlər 2-ci, yuxarı siniflərdə təhsil alanlar isə 3-4-cü mərtəbələr üzrə paylaşılıb. Şagirdlərin siniflər üzrə dərs cədvəlləri hazırdır və müəllimlərin dərs saatlarının bölgüsü aparılıb. Bundan başqa, 2024-2025-ci  tədris ilində məktəbdə bir sıra yeniliklərin tətbiqi gözlənilir. Belə ki, pilot layihə olaraq tətbiq olunan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" bu məktəbdə də keçərli olacaq. Təhsil müəssisəsi yeni tədris ilindən adıçəkilən layihəyə qoşulan növbəti məktəblərdən biri olacaq. Artıq bununla bağlı həm müəllimlər, şagirdlər, həm də valideynlər məlumatlandırılıb. Keçirilən valideyn iclaslarında bu barədə geniş maarifləndirmə işləri aparılır. Hər bir sinfin qapısında yeni şagird davranış qaydaları ilə bağlı müxtəlif məlumat xarakterli lövhələr vurulacaq.
 
 
Məktəb həmçinin yeni tədris ilindən şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil müəssisələrində tətbiq olunan “Rəqəmsal bacarıqlar” layihəsinə də qoşulur. Direktor qeyd edir ki, bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. 
 
Təhsil müəssisəsində şagirdlərin rahat məşğul ola bilmələri üçün STEAM kabineti də var.
 
 
Məktəbdə təlim-tədris prosesinin keyfiyyətinin artırılması işi diqqətdə saxlanılan başlıca məsələlərdəndir. Direktor bildirir ki, elə məktəbin devizi də yüksək təhsilin önəmini bir daha vurğulayır: “Bu günün yüksək təhsili, sabahın parlaq gələcəyi, inkişafın qarantıdır".
 
Qapılarının valideynlərin hər zaman üzünə açıq olduğunu söyləyən Sevinc Budaqova söyləyir ki, onlar üçün əsas məsələ şagird, valideyn məmnunluğudur. Valideyn istənilən zaman öz övladının oxuyacağı siniflə, müəllimləri ilə, bütövlükdə məktədə yaradılan şəraitlə tanış ola bilər. Və onları maraqlandıran bütün suallar ən xırda detallara qədər məktəbin rəhbərliyi və pedaqoji heyət tərəfindən cavablandırılmalıdır. Uşaqların  sağlamlığı, təhlükəsizliyi də məktəbin başlıca vəzifələrindən biridir. 
 
 
Sevinc Budaqova ilə xeyli söhbətləşdikdən sonra o, pedaqoji heyətlə bir azdan keçiriləcək iclasdan öncə otağına direktor müavinləri Gülnarə İsmayılovanı, Lalə Ələkbərovanı və təşkilatçı Aida Quliyevanı çağırır. Onlarla yeni tədris ilinə hazırlıqla bağlı mövcud vəziyyəti təhlil edir. Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə uyğun olaraq ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs gününün “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunması ilə bağlı məktəbdə aparılan hazırlıqlarla əlaqədar müavinlərin hesabatlarını dinləyir, bu istiqamətdə görüləcək işlər barəsində müəyyən tapşırıqlarını verir. 
 
Qısa çəkən iclas başa çatır və müavinlərlə məktəbi gəzməyə davam edirik. Yenicə təmirdən çıxmış işıqlı dəhlizlər, sinif otaqları göz oxşayır. Kitabxanaya daxil oluruq. Bura qələbəlikdir. Kitabları komplektləşdirən kim, siniflərə aparan kim. Hər kəs öz işi ilə məşğuldur. Dərslik komplektləri sinif rəhbərlərinə təhvil verilirdi. Kitabxananın müdiri Təzəgül Məmmədovaya yaxınlaşırıq. Deyir ki, bir sıra dərsliklər yeniləndiyi üçün şagirdlərimizə təzələri veriləcək. Kitabxanada kifayət qədər dərslik var və demək olar ki, əksər sinif rəhbərləri artıq öz şagirdləri üçün dərslikləri təhvil alıblar. Bir-iki günə bu proses tamamlanacaq. 
 
 
Təmirli sinif otağı, gözəl şərait... 
 
Öz şagirdlərinin dərsliklərini kitabxanadan təhvil alan IV sinif müəllimi Gülarə Qarayeva ilə birlikdə onun sinfinə gedirik. Təzə təmirdən çıxmış sinif otağı, burada yaradılan şərait göz oxşayırdı. Gülarə müəllim deyir ki, 30 şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. Şagirdləri üçün darıxdığını söyləyən pedaqoq ona dəstək olan bütün valideynlərə minnətdarlığını bildirir. Qeyd edir ki, sinfin valideynləri uşaqlarının istər təlimi, istərsə də tərbiyəsi ilə gündəlik olaraq maraqlanırlar. Sinifdə uğurlu müəllim-şagird-valideyn əməkdaşlığı qurulub. Bu dərsliklər də valideyn iclasında valideynlərə təqdim olunacaq. 
 
                           
Təmizlik məktəbin güzgüsüdür 
 
Məktəbdə ən xoşumuza gələn məqam təmizliyə riayət olunması idi. Təhsil müəssisəsində səliqə-səhman göz oxşayırdı. Gəzdiyimiz bütün sinif otaqları tərtəmiz idi. Məktəbin təmizlik işlərinə baxanlardan biri ilə söhbətləşirəm. Mehparə Yusifova 20 ilə yaxındır bu ümumtəhsil müəssisəsində təmizlik işlərinə baxır. İkincilərin oturduğu sinfin pəncərələrinin şüşələrini silirdi. Adama elə gəlirdi ki, sanki öz evinin təmizliyini aparır. Ürəklə, böyük həvəslə çalışırdı. Deyir ki, bu məktəb onun üçün də doğmadır. Onun dili ilə söyləsəm, çörək pulusunu buradan qazanır. Hər bir işdə halallıq olmalıdır. Tökdüklərini yığışdırdığı nadinc şagirdlər üçün xüsusilə darıxıb. “İşiniz ağır deyil ki? - sualıma cavabı bu olur ki, işinə məsuliyyətlə yanaşan üçün iş həmişə ağırdır. Əvvəllər məktəb təmirsiz idi, onda yığışdırmaq çətin idi. Məktəbimiz əsaslı təmir edildikdən sonra işimiz yüngülləşdi. Bilirsiz, təmizlik məktəbin güzgüsüdür. Məktəbə daxil olan hər bir kəs ora baxır və o ayna hər zaman təmiz olmalıdır. Zəhmətkeş qadınla sağollaşıb çıxıram və dəhlizdə balaca bir qızın dayandığını görürəm. 
 
                     
Məktəbi, sinif yoldaşları üçün çox darıxıb
 
Ayan Qarayeva bu məktəbin 3-cü sinfində oxuyacaq. Anası bu məktəbin müəllimi, özü isə şagirdidir. Məktəbi, müəllimi və yoldaşları üçün çox darıxdığını bildirir. Deyir ki, işıqlı məktəbi var və burada təhsil almaq onun xoşuna gəlir. 
 
Müəllimlər Lamiyə Əhmədovanın, Səbinə Behbudovanın, Fatma Quliyevanın da siniflərində oluram. Partaların üzərində hər bir fənn üzrə dərsliklər qoyulub. Valideynlər iclas günü gəlib aparacaqlar. Deyirlər ki, məktəb şagirdlərsiz cansıxıcıdır. İndiki yeniyetmələr daha hazırlıqlı və məlumatlıdırlar. İT bacarıqları da yüksək səviyyədədir. Həmsöhbətim olan müəllimlər də yeni tədris ilinə hazırlaşırlar. Deyirlər ki, müəllim daim öz üzərində işləməli, yaradıcı olmalıdır. Uşaqlarda fənnə maraq oyatmaq, sevdirmək də müəllimin peşəkarlığından bilik və bacarığından asılıdır. 
 
Digər olduğumuz fizika kabineti və laboratoriya otağı da ən müasir avadanlıqlarla təchiz olunub. Fizika fənni üzrə metodbirləşmənin sədri Solmaz Ulubəyova həm də STEAM dərslərini aparır. Şagirdlərin hazırladıqları əl işlərini bizə göstərir. Rus bölməsinin fizika müəllimi Asiya Qasımova isə dərs planını hazırlayırdı. 
 
 
Valideynin arzusu 
 
Artıq günortadır. Yavaş-yavaş valideynlərin məktəbə gəldiyini müşahidə edirik. Onlara yaxınlaşıb məktəbə gəlişinin səbəbini soruşuram. Valideyn Mədinə Dadaşova deyir ki, özü də məktəbin məzunu olduğuna görə bura onun üçün doğmadır. Buradakı təlim-tərbiyə prosesindən razıdır. İki qızı da bu məktəbdə təhsil alır. Böyük qızı Sara VIII, kiçiyi İradə isə IV sinifdə oxuyacaqlar. Sara gələcəkdə ibtidai sinif müəllimi olmaq, özü də oxuduğu məktəbdə çalışmaq  istəyir. 
 
Digər söhbətləşdiyim valideyn Röya Əliyeva da bu məktəbin məzunudur. Kiçik qızı Zeynəb Salahova 1-ci sinifdə oxuyacaq. Onun sənədlərini məktəbə gətirib. İbtidai sinif müəllimi Sevda Heydərovadır. Böyük qızı digər məktəbdə oxuyur. Onu da bu təhsil ocağına gətirməyi düşünür.
 
                      
Yeni dərs ilinə, yeni arzularla... 
 
Beləcə, məktəblə ətraflı tanışlığımız yekunlaşır. Yeni dərs ilinə yeni arzularla qədəm qoyan ümumi təhsil müəssisəsinin rəhbərliyinə, pedaqoji kollektivə uğurlar diləyərək yenidən buraya dönmək arzusuyla ayrılırıq. 
Şagird həniri, səs-küyü üçün darıxan, yalnızlaşmış məktəb sahiblərinin yolunu gözləyir...
 
Samirə KƏRİMOVA 
Foto: Kənan QAFAROV


11.09.2024 | 11:41