Elmdə varislik və müasirliyin vəhdəti

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində qələbəlik idi. 500-dən çox gənc alim və tədqiqatçı buraya apardıqları tədqiqatlar haqqında, bir növ, hesabat verməyə gəlmişdi. Universitetdə doktorantların və gənc tədqiqatçıların növbəti XXII Respublika elmi konfransının açılış mərasimi keçirilirdi.

 

Konfransda təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

 

Konfrans çərçivəsində öncə ADPU-nun məzunları olmuş akademiklər Yusif  Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.

 

Elmi konfransı giriş sözü ilə açan ADPU-nun rektoru Cəfər Cəfərov  gənc alimlərin ilk  sınaq meydançası olan bu tədbirin ADPU-da keçirilməsinin universitetə göstərilən diqqətin ifadəsi  kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə  həsr edilmiş  konfransın elmdə varislik və müasirliyin vəhdəti baxımından xüsusi əhəmiyyəti var. Rektorun sözlərinə görə, ötən 100 il ərzində Azərbaycan elmi böyük inkişaf yolu keçib və bu prosesdə ADPU-nun da öz töhfəsi olub. Rektor bu zəngin tarixi irsin onların üzərinə böyük vəzifələr və məsuliyyət qoyduğunu deyib. Müəllim peşəsinə böyük qiymət verən ümummilli lider Heydər Əliyevin cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrədəcəyimizdən asılı olacaqdır fikrini xatırladan natiq  bu böyük şəxsiyyətin Azərbaycan cəmiyyətinin bütün sahələrində, o cümlədən elm və təhsilin inkişafındakı xidmətlərinin  öyrənilməsi və təbliğinin xüsusilə gənc tədqiqatçıların əsas vəzifələrindən olduğunu vurğulayıb. Rektor qeyd edib ki,  2021-ci ildə 100 yaşını qeyd edəcək ADPU-nun strateji inkişaf planında  universitetin  missiyası pedaqoji sahədə  tədqiqatların əsas mərkəzi kimi ifadə edilib.

 

Ölkədə elmin inkişafı üçün yaradılan münbit şəraitdən danışan professor C.Cəfərov  Prezident   İlham Əliyevin apardığı davamlı inkişaf siyasəti, təhsilə göstərdiyi qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işləri  şəxsi nəzarətdə saxlamasını təhsil və elm ictimaiyyəti üçün  tarixi bir fürsət adlandırıb.

 

Rektor deyib: “Məhz bu diqqətin nəticəsidir ki, hələ 3 il əvvəl Azərbaycanda qəbul imtahanlarında 500-dən yüksək bal toplayaraq elektron ərizəsində müəllimlik ixtisasını 1-ci yerdə qeyd edən abituriyentlərin sayı 102 olduğu halda, 2018-ci ildə belə abituriyentlərin sayı 2096 olub. ADPU üzrə  belə abituriyentlərin sayı isə 566 nəfər təşkil edib: Bu, ADPU üzrə nəticələrin 22 dəfə yaxşılaşması deməkdir. Bu gənclər bizə gələcək illərdə elmi tədqiqatlarda böyük ümidlər vəd edir. İndi əsas iş bu gənclərə, ümummilli liderin təbiri ilə desək, nəyi necə öyrətməyimizdən asılıdır”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  tədqiqat universiteti statusunun tələblərinə uyğunlaşdırılması ilə əlaqədar zəruri tədbirlər görüldüyünü bildirən rektor universitetlərində elmi tədqiqat işlərinin vəziyyətini əks etdirən  bəzi rəqəmləri də diqqətə çatdırıb. Bildirib ki, hazırda Pedaqoji Universitetdə 697 magistr və 137 doktorant təhsil alır. Universitet  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında olan 6 dövri elmi jurnalı müntəzəm nəşr edir. Hər il universitet bir neçə beynəlxalq konfransa ev sahibliyi edir.

 

Son illər universitetin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi məqsədli qrant müsabiqələrində 13 layihə ilə iştirak edib, 5 layihə qalib gəlib. Qalib qrant layihələrinin ümumi məbləği 235 min manat təşkil edir. Bu il Gənclər Fondunun elan etdiyi tələbə müsabiqəsində Pedaqoji Universitetin təqdim etdiyi  6 layihə qalib olub. Həmçinin  “Thomson Reuters”  agentliyinin siyahısına düşən impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayı da  son 3 ildə 4 dəfədən çox artıb. 2017-ci ildə ADPU-da aparılan 3 elmi tədqiqat işi AMEA-nın  mühüm elmi nəticələr siyahısına daxil edilib. Universitetin əməkdaşları müxtəlif innovativ tədbirlərdə iştirak edərək müasir yenilikləri mənimsəyirlər.

 

Çıxışının sonunda hazırda onları ən çox düşündürən məsələlərdən birinin mövcud elmi məktəblərin dünya elmi ilə inteqrasiya olunmuş, davamlı  rəqabət qabiliyyətli inkişafına nail olmaqla tədrisin keyfiyyətinin  yüksəldilməsi olduğunu deyən rektor   konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyinə əminliyini ifadə edib.

 

Açılış mərasimində çıxış edən  təhsil naziri Ceyhun Bayramov konfransın  dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri hesab olunan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərdən biri olduğunu deyib. Nazir tədbirə ev sahibliyi edən Azərbaycan  Dövlət Pedaqoji  Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri olmuş akademik  Yusif Məmmədəliyev, akademik Zahid Xəlilov və akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların istifadəyə verilməsini  konfransı əlamətdar edən amillərdən biri kimi qiymətləndirib.

 

Bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti ilə xarakterizə olunan müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolunun sürətlə artmaqda olduğunu diqqətə çatdıran Ceyhun Bayramov bu cəmiyyətin reallıqlarını əks etdirən müasir tendensiyaların elm və təhsilin vəhdətinə yeni məzmunda yanaşmanı zəruri etdiyini deyib. Qeyd edib ki, elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən hesab olunduğu ölkəmizdə dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, müvafiq strateji yol xəritələri və digər çoxsaylı dövlət proqramları  elm, təhsil və innovasiyaların inkişafı üzrə konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Nazirin sözlərinə görə, insan kapitalının inkişafı ilk növbədə elm və təhsilin keyfiyyəti ilə müəyyən olunduğundan Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Həmin kadrların müasir təfəkkürlü və kreativ düşüncəli olması, səriştəyə çevrilə bilən bilik və bacarıqlara sahib olması, praktiki vərdişlərlə müşayiət olunan nəzəri biliklər qazanması olduqca vacibdir.

 

Nazir ölkə Prezidentinin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib. Bildirib ki, Dövlət Proqramının əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.  Nazirin sözlərinə görə, beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini ölkəmizdə davam etdirən gənclərimizə də yeni imkanlar açacaqdır.

 

Nazir Proqramda qarşıya qoyulan əsas vəzifələri də qeyd edib: “Qarşıya qoyulan əsas vəzifələr sırasında doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması, beynəlxalq səviyyədə doktorantların  hazırlanması  və onların təhsillərinin maliyyələşdirilməsi mexanizmlərinin işlənməsi, təhsillərini başa vurduqdan sonra işlə təmin olunması kimi mühüm istiqamətlər vardır”.

 

Nazir diqqətə çatdırıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb. “Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər,”- deyə nazir əminliyini bildirib.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bütövlükdə ali təhsildə yeni mühitin formalaşdırılması üzrə çoxsaylı tədbirlər və layihələr həyata keçirildiyini deyən təhsil  naziri bu sahədə ümumi  mənzərəni daha dəqiq təsəvvür  etməyə imkan verən bir sıra statistik göstəriciləri  konfrans iştirakçıları ilə bölüşüb: “2017-ci il üzrə ölkəmizdə fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanması proqramlarını həyata keçirən müəssisələrin sayı müvafiq olaraq 117 və 88-ə bərabər olmuşdur. Hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ölkəmizdə ümumilikdə 2723 nəfər təhsil alır. Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67%-i (1452 nəfər), elmlər doktoru proqramları üzrə təhsil alanların isə 52%-i (291 nəfər) ali təhsil müəssisələrinin payına düşür”.

 

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir.  Gənclərin elmi fəaliyyətə daha aktiv cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu deyən nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib.

 

Təhsil naziri çıxışında   Nazirliklə “Clarivate Analytics” şirkəti arasında 2015-ci ildə yaradılmış əməkdaşlığa da toxunub. Bildirib ki, bu əməkdaşlıq nəticəsində ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi məlumat platformasına çıxışı təmin edilib. Nazirin sözlərinə görə, artıq bu əməkdaşlıq öz uğurlu nəticələrini verməyə başlayıb. Belə ki, 2017-ci il üzrə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə görə Azərbaycan ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb: “Son məlumata əsasən, “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycan üzrə 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstərici hesab olunur”. Eyni zamanda, təhsil naziri bu sahədə mövcud olan potensial imkanlardan daha səmərəli istifadə istiqamətində səylərin daha da gücləndirilməli olduğunu vurğulayıb.

 

Müasir şəraitdə elmi fəaliyyətin stimullaşdırılması üçün elmi tədqiqatların rəqabət əsaslı maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Nazir bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən reallaşdırılan layihələri yüksək qiymətləndirib və birgə elmi fəaliyyətə verdiyi töhfə nöqteyi-nəzərindən Fondun “Elm-təhsil inteqrasiyası” müsabiqəsini xüsusi qeyd edib. Bildirib ki, həmin müsabiqənin nəticələrinə əsasən 71 layihə qalib olub, onlardan 69-u təhsil müəssisələrində çalışan alim və mütəxəssislərin rəhbər və icraçı qismində iştirakı ilə həyata keçirilib.

 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq son illərdə istedadlı gənclərin aşkara çıxarılması, onların elmi potensialının daha da inkişaf etdirilməsi istiqamətində   davamlı işlər görülür. Nazir bu işlər sırasında bu il ilk dəfə olaraq “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsini, müasir təfəkkürlü və yaradıcı düşünən gənclərin bilik və bacarıqlarını üzə çıxaran və onların tədqiqatçı-mütəxəssis kimi formalaşmasına dəstək olan “Sabahın alimləri” müsabiqəsini, eləcə də  respublika fənn olimpiadalarının kütləvi xarakter almasını xüsusi qeyd edib.

 

Ölkə başçısının müvafiq sərəncamı ilə magistrant və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsinin akademik ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını xatırladan nazir bu qərarın təhsilin fasiləsizliyinin təmin olunması, gənclərin elmi fəaliyyətə cəlbinin stimullaşdırılması, ali təhsil müəssisələrində və elmi təşkilatlarda gender balansının qorunması baxımından çox böyük əhəmiyyət kəsb etdiyini deyib.

 

Təhsil naziri çıxışının sonunda elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı bir platforma statusu qazanmış bu konfransın yeni nəsil alimlərin yetişməsinə mühüm töhfə veməkdə olduğunu bildirib və onun işinə uğurlar arzulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Elçin Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

 

Tədbirdə gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.

 

Açılış mərasimindən sonra konfrans öz işini 15 bölmədə davam etdirib.

 

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans iki gün davam edəcək. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub. Konfransın materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin  dərc olunması  tövsiyə edilən  elmi nəşrlər siyahısına daxil ediləcək.

 

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

 

Yusif ƏLİYEV



23.11.2018 | 10:15