Şərqi Zəngəzur və Lənkəran – Astara regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib
Sentyabrın 10-da Şərqi Zəngəzur və Lənkəran – Astara regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.
 
Tədbirlərdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 
Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib. 
 
Konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində ölkədə aparılan uğurlu islahatlardan danışıb. Vəfa Yaqublu çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
 
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
 
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.
 
Daha sonra hesabatla çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində yaradılmış təhsil mühitindən danışıb.
 
Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
 
 
***
 
 
Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, eləcə də region üzrə şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri, şöbə müdirləri, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
 
Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. 
 
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva yeni tədris ili münasibətilə iştirakçılara uğurlar arzulayıb. 
 
Sonra  Təhsil İnstitutunun direktor müavini İlham Cavadov çıxışı zamanı IV və VI siniflər üzrə monitorinq nəticələrinin təhlili, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin təhlili, olimpiada və respublika səviyyəli müsabiqə nəticələri, eləcə də növbəti tədris ilində nəzərdə tutulan layihələrlə bağlı statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb. 
 
Sonda çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə isə təmsil etdiyi qurumun təhsil işçiləri üçün yaratdığı yeni imkanları diqqətə çatdırıb. 
 
Müzakirələrlə davam edən konfransın sonunda xatirə şəkli çəkdirilib.


11.09.2024 | 10:06