Gəncə-Daşkəsən RTİ tabeliyində 40-a yaxın təhsil müəssisəsində cari təmir aparılıb, 3 məktəb yenidən tikilir
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 40-a yaxın təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.
 
Gəncə şəhəri üzrə 4, Goranboy rayonu üzrə 6, Göygöl rayonu üzrə 4, Daşkəsən rayonu üzrə 3 ümumi təhsil müəssisəsində cari təmir işləri yerinə yetirilib. 
 
Bundan başqa Gəncə şəhəri üzrə 2, Daşkəsən rayonu üzrə 6, Goranboy rayonu üzrə 5, Göygöl rayonu üzrə 1, Samux rayonu üzrə 5 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib. 
 
Hazırda Samux rayon Alıuşağı kənd tam orta məktəb, Göygöl rayon Topalhəsənli kənd tam orta məktəb, Goranboy Şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya yenidən tikilir.
 
Yeni tədris ilinə hazırlıqla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 442 938 dərslik ümumi təhsil müəssisələri tərəfindən şagirdlərə təqdim edilib. Bunlar Gəncə şəhəri üzrə - 224 467, Samux rayonu üzrə - 27 432, Goranboy rayonu üzrə - 65 224, Göygöl rayonu üzrə - 46 855, Daşkəsən rayonu üzrə isə 13 052 təşkil edib.
 
Yeni tədris ilində region üzrə 6378 şagird 11-ci sinifdə, 8454 şagird isə 9-cu sinif təhsil alacaq, birinci sinfə başlayanların sayı isə 6 265 təşkil edəcək.
 
Türkan ABBASOVA
Gəncə-Daşkəsən regionu üzrə təmsilçi


11.09.2024 | 09:42