ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb | |
Sentyabrın 10-da “TələbəPlus” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
İmzalanma mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov, universitet və Fondun əməkdaşları, Kapital Bankın, eləcə də “Visa” şirkətinin nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov yeni tədris ilinə hazırlıqla bağlı məlumat verdikdən sonra Fond və universitet arasındakı əməkdaşlıqdan bəhs edib. O, əməkdaşlıq çərçivəsində tələbələrə yeni tələbə kartlarının verilməsinin faydalı olacağını qeyd edib və bildirib ki, universitet olaraq digər önəmli layihələrin icrası ilə bağlı da Fondla əməkdaşlıqda maraqlıdır.
Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.
O, bildirib ki, layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Gələcəkdə “TələbəPlus” kartı ölkənin ali təhsil müəssisələri ilə yanaşı, kollec və peşə təhsil müəssisələrində oxuyan tələbələrə də şamil ediləcəkdir.
|
|
11.09.2024 | 09:39 | |
|
|
|