DİM sədrinin "Azərbaycan müəllimi" kollektivinə təbrik məktubu | |
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Azərbaycan müəllimi" qəzetinin əməkdaşlarını 90 illik yubiley münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Azərbaycan müəllimi" qəzetinin hörmətli kollektivi! Sizi qəzetinizin nəşrə başlamasının 90 illiyi münasibətilə Dövlət İmtahan Mərkəzinin kollektivi və şəxsən öz adımdan təbrik edirəm!
Uzun illər respublikamızda pedaqoji təmayüllü qəzet kimi fəaliyyət göstərən "Azərbaycan müəllimi" böyük yol keçmiş, xalq maarifinin inkişafında əhəmiyyətli rol oynamış, pedaqoji fikrimizin qiymətli xəzinəsi kimi təhsil tariximizə daxil olmuşdur. Fəaliyyətinin qısa xarakteristikasını verməli olsaq, deyə bilərik ki, təmsil etdiyiniz qəzet respublikada savadsızlığın ləğv edilməsində, yeni məktəblərin təşkilində, məktəb tahsilinin elmi-pedaqoji cəhətdan təkmilləşdirilməsində, yeni təlim üsullarının, təlim- tərbiyənin forma və metodlarının şərhində, gənc nəslin tərbiyəsi işinin təşkili və yerinə ye tirilməsində, təhsili idarə edən orqanlar tərəfindən irəli sürülmüş vəzifələrin həyata keçirilməsində və müəllim hazırlığında səmərəli fəaliyyət göstərmişdir.
"Azərbaycan müəllimi"ndə davamlı olaraq tanınmış pedaqoqların pedaqoji görüşləri aradıcıl surətdə şərh və təbliğ edilmişdir. Onun səhifələrində həmçinin tanınmış əlimlərin, pedaqoq və psixoloqların, təcrübəli müəllimlərin məqalələri dərc olunmuşdur.
Respublikamızda təhsil sahəsində əldə olunan nailiyyətlərdə "Azərbaycan müəllimi"nin xidmətləri inkaredilməzdir. Azərbaycan xalq pedaqogikası, pedaqoji fikir tariximizin nadir inciləri, maarifçi ideyalar, məktəb tariximizlə bağlı araşdırmalar, xalqımızın mütərəqqi ziyalılarının, mütəfəkkirlərin təhsil və tərbiyə haqqında fikirləri pedaqoji kollektivlərə həm də bu mətbuat orqanı vasitəsilə çatdırılmışdır. Səhifələrində əks olunan qabaqcıl təcrübənin əksəriyyətinin təkcə məqalənin çap olunduğu zamanın deyil, eləcə də sonrakı dövrlərin məktəbi üçün yararlı olması da qəzetin funksiyasını yerinə yetirdiyini deməyə əsas verir.
Müasir təhsil sistemi yeni pedaqoji düşüncə tərzinin formalaşmasını tələb etdiyindən, həyata keçirilən islahatlar elmi-pedaqoji fikrin məhsulu olan nəzəri-pedaqoji məsələlərin təhsil işçilərinə çatdırılmasını aktuallaşdırıb. Ona görə də daha çox yeni yanaşma, yeni mühakimə tələb edən məqalələrin nəşr olunmasına zərurət yaranıb. Xüsusilə son dövrlərdə təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, qiymətləndirmə, kurikulum, Boloniya prosesi, qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, respublikamızda təhsil sahəsində həyata keçirilən dövlət proqramlarının məramı və məzmunu ilə bağlı məqalələrin dərc olunmasına indi daha çox ehtiyac duyulur. İnanırıq ki, işgüzar kollektiviniz bu vəzifələri də şərəflə yerininə yetirəcəkdir.
Sizi bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edir, sizə cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm!
Hörmətlə,
Məleykə Abbaszadə,
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
|
|
10.09.2024 | 16:06 | |
|
|
|