Emin Əmrullayev: Qəzalı məktəblərin sayı yarıbayarı azalıb
“Hər il qəzalı məktəblərin sayı azalır”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin  Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq.
 
Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib. 
 
“Bununla belə yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. 
 
İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”,- deyə nazir əlavə edib.
 
 
Günel ABBAS


10.09.2024 | 11:28