Geyim, rəftar, bilik – Şagird qarşısına ilk dəfə çıxan müəllim nələrə diqqət etməlidir? | |
Sinfə girən gənc kadr ilk gündən səmimiliyi və qayğıkeşliyi ilə uşaqları ələ ala bilər
Bilik günü yaxınlaşdıqca həyəcan və sevinc qarışıq hisslər də güclənir. Xüsusən ilk dəfə müəllim kimi sinfə girəcək gənc kadrlar üçün bu həyəcanın miqyasını təxmin etmək çətin deyil.
“Azərbaycan müəllimi” müəllim kimi ilk dəfə dərsə girəcək gənc kadrlara sinifdə nə lazım olduğunu araşdırıb.
“Şagird bilikli müəllimi sevir”
Bakı Dövlət Universitetin professoru, pedaqoji elmlər doktoru, pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova hesab edir ki, ilk dərs günü gənc müəllimlər sinfə daxil olarkən hər şeyə diqqət etməlidir, xüsusən də geyiminə: “Maksimum dərəcədə uşaqların diqqətini yayındıra biləcək hərəkətlərə yol verməməlidir. Elə etməlidir ki, nəzərləri təlim-tədris prosesindən yayınmasın”.
Professorun fikrincə, müəllim həm də ünsiyyətə diqqət etməlidir: “Şagird və ya tələbə görməlidir ki, sinfə və ya auditoriyaya daxil olan, sözün əsl mənasında Azərbaycan müəllimidir. Pedaqoji prosesin mərkəzində şagirdin şəxsiyyətinin formalaşması dayanır, bu məqsədə nail olmaq üçün tərbiyə olunanların fəaliyyətini, yəni onların fəallığını, xüsusiyyətlərini bilməli, özü onlara hansı yolla təsir göstərəcəyini dərk etməlidir”.
Kafedra müdirinin fikrincə, gənc kadrlar dərs dediyi fənni yaxşı bilməlidir: “Müəllim öz fənninə dərindən bələd olmalıdır. Çünki onun bilikli olduğunu görmək şagird və ya tələbənin müəllimə olan güvənini artırır. Müəllimin savadlı olduğunu düşünərsə, həmin dərsə daha ciddi münasibət göstərir”.
Həm tələbkar, həm də səmimi olan kadrlar müəllimlikdə uğur qazanırlar: “Sinfə girən gənc kadr ilk gündən səmimiliyi və qayğıkeşliyi ilə uşaqları ələ ala bilər”.
Öncə geyim, xoş ünsiyyət sonra…
ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Quliyeva da müəllimdə ünsiyyət bacarığının əhəmiyyətini qeyd edib: “Müəllim körpə beyinlərə nur, işıq paylamaq kimi, müqəddəs bir funksiyanı yerinə yetirir. Təbii ki, ilk dəfə məktəbə qədəm qoyan müəllimin biliyi, savadı barədə şagirdlər heç bir təsəvvürə malik deyil. Onlar, ilk növbədə, müəllimlərin münasibətini dəyərləndirirlər. Ona görə də ilk gündən şagirdlərlə xoş ünsiyyət qurmağı bacarmaq lazımdır".
K.Quliyeva əlavə edib ki, məktəbdə maddi texniki baza nə qədər güclü olsa da, müəllim şagird münasibətləri sağlam qurulmayıbsa, sinifdə sağlam mənəvi psixoloji mühit yaradılmayıbsa, təhsilin keyfiyyətindən danışmaq olmaz:
"Bəzən özünüzü onların yerinə qoymağı bacarın, unutmayın ki, rəssam üçün rəng duyumu, musiqiçi üçün musiqi duyumu nə qədər vacibdirsə, müəllim üçün də pedaqoji duyum o qədər zəruridir. Anton Semyonoviç Makarenkonun bir fikri var. “Pis şagird yoxdur, uğursuz müəllim var”. Hər bir müəllimin uğurunun açarı məhz pedaqoji ünsiyyətin düzgün qurulmasındadır. Ona görə gənc kadrlar ilk gündən sinifdə hansı şagirdə necə yanaşacağını bilməlidirlər”.
Düzgün qurulan ünsiyyət müəllim-şagird münasibətlərini yaxşılaşdırır, müəllimi sevdirir: “Hər bir müəllim tədris etdiyi fənni maraqlı metodlarla tədris etməyi bacarmalıdır, yəni həm şagirdlə münasibətlərdə, həm də seçdiyi tədris üsulu ilə uğur qazanmalıdır. Unutmayaq ki, şagirdlər həmişə sevdikləri müəllimin fənnini yaxşı oxuyurlar, yəni müəllimə məhəbbət fənnə məhəbbətdən əvvəl yaranır. Müəllimi əbəs yerə ikinci valideyn hesab etmirlər. Onlara valideyn qayğısı göstərərək, hər xırda dəcəlliklərinə mənfi münasibət bəsləmədən təhsilə cəlb etməliyik”.
Kubra ŞAHİN
|
|
10.09.2024 | 10:22 | |
|
|
|