“Unudulmazlar” | |
Məhyəddin müəllim çağdaş jurnalistikamıza gələndə, çox güman, mən orta məktəb şagirdi olmuşam. Və burası da gün kimi aydındır ki, hələ o ərəfədə bilməzdim insan insanı necə dəyərləndirir, niyə onun müsbət xarakterini, xasiyyətini qabarıq planda işıqlandırır. Heç demə, bu peşə borcuymuş. Onu ilk dəfə “Hökumət evi”nin sonuncu mərtəbəsində - “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında görmüşəm. Həmin dövrdən bir qərinədən artıq vaxt keçməsinə baxmayaraq, o görüş indi də göz yaddaşımda yaşayır, bədii mənzərə kimi daim xəyalımda canlanır.
Mərhum Şahin Səfərov, Tahir Əliyev, Məhyəddin müəllim bir otaqda əyləşmişdilər. Nabələdliyimdən sıxıldım, utanıb-çəkindim. Əlimdəki ikicə vərəq yazım çiynimə düşən iki ton ağırlığında yükə çevrilmişdi. Bura soraqsız gəldiyim kimi, soraqsız da qayıdıb qaçmaq istəyirdim ki, xoşsifət, mülayim səsli adam (Məhyəddin müəllim) dilləndi: “Gəl, çəkinmə. Məqalə gətirmisən? Gəl, görək nə yazmısan?”. Mehriban münasibətdən ürəkləndim. Yazımı alıb o üzünə, bu üzünə çevirib, deyəsən bir neçə cümlə də oxudu. Handan-hana: “Hə, istifadə edərik” dedi. Bu üç kəlmə o qədər səmimi, o qədər şirin oldu ki, saatlar, günlər necə ötüb keçdi, bilmədim. Amma imzamı, naşı cümlələrimin əvəzində rəvan, şirindilli cümlələri “Azərbaycan müəllimi”nin səhifəsində oxuyanda düşündüm ki, dünya mənimdir. O sevinc və fərəhi mənə Məhyəddin müəllim vermişdi.
Bir də jurnalistikanın ziqzaqlı yollarını keçməyim üçün həyanım, mayakım olmuşdu. İllərdən bəri bu sahədə nə qazanmışamsa, nəyə nail olmuşamsa, bütövlükdə onların hamısını Məhyəddin müəllimin əbədi ünvanına, müqəddəs ruhuna ərməğan edirəm.
Xatirə yazmaq çətindir. Elə çətindir ki, gülmək istəsən gülə bilmirsın, kövrəlmək istəsən bunu da bacarmırsan. Qalırsan odla su arasında. Ürəyin soğan qabığı kimi lay-lay soyulur. Dünyanın işinə bax ki, ilin-günün bu gözəl çağında ad günümdə - adidən-adi, sadədən-sadə ağsaqqalım, qələm dostum barəsində xatirə yazıram.
Yazmaq, peşə marağım, alın yazım, qismət payım sonralar Məhyəddin müəllimlə məni daha yaxın etdi. Bəzən elə olurdu ki, saatlarla onun kabinetində əyləşib dünyada baş verən olaylardan danışardıq. Telefon zənglərinə cavab verərdi. Yanına müxtəlif xarakterli, müxtəlif yaşlı müəlliflər gələrdi. İnanın, bircə dəfə də olsun onun dilindən “yox” sözü eşitmədim. Çalışardı imkanı, vəzifəsi (baş redaktorun müavini idi) daxilində hamıya kömək etsin. Burasını da bilirdim ki, o sevinc və fərəhini ürəyində saxlamağı bacarandı. Nədənsə əsəbiləşəndə əllərini çənəsinə dirsəkləyib, pəncərədən küçəyə baxardı. Sanki gərginliyini gözlərindən bayıra qovardı. Yenə həmin adətinin şahidi oldum. Handan-hana yerində əyləşib, masanın üstündəki yazıya işarə ilə:
- Ay balam, adamdan soruşarlar ki, bir kimsə səni vadar edir yazasan? Yaza bilmirsən, yazma da! Qoltuğuna böyük bir qovluq vurub, döymədiyi qapı qoymur... Heç nə demirəm, yazığım onun “dərs” dediyi tələbələrə gəlir. Belə bir sadə, adi, zərif qəlbli, kövrək ürəkli insan idi bizim Məhyəddin müəllim. Son dərəcə əqidəsi təmiz adam idi. Vaxtı olanda kabinetində əyləşib söhbətləşirdik.
Məhyəddin müəllim yaşıdları arasında deyərdim ki, ən məhsuldar, ən cəfakeş qəzetçi idi. Baş redaktorun müavini kimi bütövlükdə hər nömrəyə nəzarət edər, çap prosesinin son anına kimi redaksiyanı, iş yerini tərk etməzdi. Pedaqoji sahəni bəlkə də pedaqoq alimlərdən, mütəxəssislərdən yaxşı bilirdi. Bu sözlər dilinin əzbəriydi:
“Ömrümdə əlimə könülsüz qələm almamışam. Bir dəfə də olsun başdansovdu yazı yazmamışam”. Onun məqalələrinin birində oxuduğum bu fikirlər indi də göz yaddaşımda qalıb: “Yeniyetmə, gənclik yaşlarının çox məziyyəti var. O inanır, səmimidir, alicənabdır, təmiz və fadakardır. Ömrün bu yaşını hər birimiz qorumalı, qayğısına qalmalıyıq... Uşağı buyurmaq yox, öyrətmək, yol göstərmək, idarə etmək yox, istiqamət vermək, əmr etmək yox, məsləhət vermək, öyüd vermək yox, isbat, sübut etmək lazımdır... Uşağa yalnız ata olmaq kifayət deyil, həm də yaxşı dost, əsl sirdaş olmaq lazımdır. Atanın sərtliyi çox gözəl dərmandır: onda daha çox şirinlik var, nəinki acılıq. Əgər məndən soruşsalar ki, bütün dövlətin əsası nədən ibarətdir, məmnuniyyətlə deyərdim: gənclərin tərbiyəsindən. Həqiqətən hər yerdə, xüsusən tərbiyədə vacib şərtdir. Çörəkdən sonra xalq, cəmiyyət üçün ən vacib şey məktəbdir!”.
Məhyəddin müəllimdə kadr yetişdirmək həvəsi, marağı vardı
... Dostumuz, ağsaqqalımız, saf əqidəli, genişqəlbli, böyük ürəkli Məhyəddin Əbdülovun bu bahar bizlərə həmişəlik əlvida deməsinin bir yaşını da artırdı. Amma o bizlərdən uzaqlaşdıqca, daha da mərhəm, doğma, əziz, istəkli olur. Necə ki, Zöhrə ulduzu bəşər boyu ənginlikdə bərq vurur, inanıram ki, dövran dəyişsə də, zaman ötüb keçsə də, Məhyəddin müəllim unudulmayacaq, vaxt-bivaxt məhəbbətlə, sevgiylə xatırlanacaq, yad olunacaq. Çünki o bu istəyi yaşaya-yaşaya qazanmışdı. Qazandığı üçün də ona rəğbət bəsləyənlər yazın bu oğlan çağının tər çiçəklərindən, ətirli güllərindən dəstə bağlayıb, onun əbədi uyuduğu ünvana göndərirlər. Təskinliyim isə budur ki, “qardaşoğlu” deyə müraciət etdiyim Məhyəddin müəllimin istəkli balası Elmanı hər gün görürəm. O, atasının müqəddəs işinin davamçısıdır və hər gün də ən azı yüz dəfə “atan rəhmətlik olsun” sözlərini eşidir. Ruhun şad, yerin behiştlik, Məhyəddin müəllim!
Telman MEHDİXANLI 13 iyun 2002-ci il
|
|
07.09.2024 | 09:09 | |
|
|
|