Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 6-da Şamaxı şəhər 2 saylı tam orta məktəbin akt zalında Dağlıq Şirvan Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Elm və Təhsil naziriyinin aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, təhsil işçisi olan şəhid ailə üzvləri, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, bağça müdirləri, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər.
 
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra STEAM və Peşə təmayüllü siniflərin şagirdlərinin hazırladığı təqdimatlar izlənilib, rəsm və əl işlərindən ibarət sərgiyə və məktəblilərin idman üzrə əldə etdikləri nailiyyətlərə baxış keçirilib.    
 
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    
       
Giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil işçilərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, Böyük qayıdış proqramından, təhsil sahəsində aparılan islahatlardan və ölkəmizin təhsilində baş verən nailiyyətlərdən, ölkədə yeni təhsil müəssisələrinin tikintisindən, məktəblərin müasir maddi-texniki bazasından, gənc müəllimlərin bu müəssisələrdə həvəslə çalışmaq istəyindən, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlərdən söz açıb. Qarabağda və bütün Respublika ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri və Qarabağ Universiteti haqqında danışıb. Qeyd edib ki, Bizim ölkə, xalq olaraq artıq özümüz üçün müəyyən etdiyimiz strateji hədəflərdən biri də məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Elm və Təhsil Nazirliyi tərəfindən bununla bağlı yeniyetmə və gənclər arasında bir sıra maarifləndirici işlərin həyata keçirilir, layihələr reallaşdırılır deyən Mətin Kərimli Qarabağ Universitetində təhsilalanlar və akedemik heyət üçün fərqli, müasir mühitin formalaşdırıldığını diqqətə çatdırıb. 
       
Ardınca çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə həyata keçirilən təhsil siyasəti, qabaqcıl dünya təhsil sistemlərinə inteqrasiya, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi məsələlərini vurğulayıb.   
 
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Həmid Qasımov 2023-2024-cü tədris ilində idarənin fəaliyyət istiqamətləri üzrə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, ümumi təhsilin prioritet istiqamətləri və digər məsələlərdən, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrdən söz açaraq yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.    
         
Azərbaycan Respublikası Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlı ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, IV və VI siniflər üzrə monitorinqin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, olimpiada və respublika səviyyəli müsabiqələrin nəticələri, həmçinin növbəti tədris ili üçün nəzərdə tutulan layihələr barədə məlumat verib. 
         
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   
 
Elnarə QASIMOVA,
Dağlıq Şirvan bölgəsi
 

 



06.09.2024 | 15:59