Mədəniyyət Nazirliyinin kollektivi “Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin kollektivi “Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir:
 
"Azərbaycan müəllimi" qəzetinin kollektivinə!
 
Sizi "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
 
Bir əsrə yaxındır fəaliyyət göstərən "Azərbaycan müəllimi" qəzeti ölkəmizin təhsil və mədəniyyət sahəsində mühüm rol oynamış, müəllimlərin, mədəniyyət sahəsində çalışan insanların daim izlədiyi və maraqla oxuduğu dəyərli bir mənbə olmuşdur. Qəzetin səhifələrində elm və təhsil mövzuları ilə yanaşı, Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin, şair və yazıçılarımızın yazılarına, müsahibələrinə daim geniş yer verilmiş, eyni zamanda milli-mədəni irsimizin qorunması, təbliği və inkişafına həsr olunan maraqlı məqalələr dərc edilmişdir. Bu da qəzetin yaradıcı heyətinin zəngin ənənələrimizi qorumaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən bir mətbu orqan kimi formalaşdırmaq sahəsində göstərdiyi böyük əzmin bariz nümunəsidir.
 
Qəzetin fədakar kollektivi, Azərbaycanın təhsil siyasətini, müəllimlərin çətin və şərəfli işini İşıqlandırmaqda və cəmiyyətimizdə mütərəqqi ideyaların yayılmasında özünəməxsus rol oynamaqda davam edir.
 
90 illik şərəfli yubiley münasibətilə sizi bir daha təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzulayırıq. Əminik ki, "Azərbaycan müəllimi" qəzeti bundan sonra da ölkəmizin təhsil və mədəniyyət həyatında özünəməxsus rol oynamağa davam edəcəkdir.


06.09.2024 | 11:36