Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Qax şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsi müdirinin müavini Nəriman Qəhrəmanlı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qax rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev, regionda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
 
Tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 
Sonra konfrans iştirakçıları şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Konfransda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Siyasəti Şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər” sənədinin əhəmiyyətindən, bu çərçivədə müəyyən edilmiş 5 Milli Prioritetdən danışıb. O, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə tədris ilində uğurlar arzulayıb.
 
Nəriman Qəhrəmanlı çıxışında məktəbəqədər və məktəbəhazırlıq mərhələlərinin vacibliyi, tərbiyəçi müəllimlərin Diaqnostik Qiymətləndirilməsi, 7900 tədris sinfində 196 minə yaxın şagirdin STEAM təhsilinə cəlb edilməsi, sertifikatlaşdırma imtahanları, təhsil müəssisələrinə işə qəbul prosesi, tikinti və təmir işləri barədə geniş məlumat verib. O çıxışında, həmçinin peşə təmayüllü və inklüziv siniflərin inkişafı, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış çərçivəsində təhsil müəssisələrinin yaradılması, Qarabağ Universiteti və noyabrda Bakıda keçiriləcək COP29 konfransı və digər məsələlərə də toxunub.
 
Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ilinin başlanması münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıb. 
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.
 
Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı şagird qiymətləndirilməsi, statistik göstəricilər, 4-6-cı sinif şagirdlərinin monitorinqindən çıxan nəticələr, olimpiada və digər müsabiqələrin nəticələri, növbəti tədris ili ərzində nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. 
 
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


06.09.2024 | 10:27