Gəncə-Daşkəsən RTİ üzrə təhsil işçilərinin sentyabr konfransı baş tutub
Sentyabrın 5-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyi yanında  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, ATİAHİ sədrinin müşaviri Tehranağa Abdullayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, aidiyyətı idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə həmçinin, STEAM və Peşə təmayüllü siniflərin təqdimatı, şagirdlərin  idman nailiyyətlərinə baxış keçirilib. 
 
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyi yanında  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. 
 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Anar Qədiməliyev növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib. 
 
Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
Şagird qiymətləndirilməsi, statistik göstəricilər, 4-6-cı sinif şagirdlərinin monitorinqindən çıxan nəticələr, olimpiada və digər müsabiqələrin nəticələri, növbəti tədris ili ərzində nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.


06.09.2024 | 10:08