Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub | |
Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Oktay Qasımov və elmi işçi Mətanət Baxışovanın İtaliyanın Nanotexnologiya İnstitutu və Azərbaycan Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev və Elxan Kazımovla birgə işləri Q1-ə daxil olan (İF= 5.3, SiteScore= 8.3) “ACS Applied Nano Materials” adlı nüfuzlu jurnalda dərc olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə Biofizika İnstitutundan məlumat verilib. Qeyd olunub ki, məqalədə görülən işlərin əsas məqsədi bu gün dünyada tibbin əsas prioritet sahəsi olan “Fərdiləşmiş təbabətə” töhfə verməkdir. Fərdiləşmiş təbabət vasitəsilə hər bir xəstə üçün xüsusi fizioloji parametrlərin müəyyənləşdirilməsi və ən uyğun, effektiv müalicə üsullarını təyin etmək mümkün olur. Dərman müalicəsinin dozası və müddəti bir tərəfdən dərmanın effektivliyini artırmaq, digər tərəfdən isə yan təsirləri minimuma endirmək üçün fərdiləşdirilməlidir. Başqa sözlə desək, dəqiq təbabət plazmadakı dərman konsentrasiyasını təyin etmək və müvafiq olaraq dozaj diapazonunu optimallaşdırmaq üçün terapevtik dərman monitorinqini həyata keçirir.
Məqalədə xərçəng xəstəliyinin müalicəsində istifadə edilən və ciddi yan təsirləri ilə diqqəti cəlb edən Doxorubicinin (DOX) qan plazmasındakı monitorinqi öz əksini tapıb. Bunun üçün qan plazmasında DOX-u təyin etməyə imkan verən ultrahəssas rejimdə işləyə bilən biosensor hazırlanıb. Bundan sonra biosensorlar Milli Onkologiya Mərkəzində müalicə alan xəstədə dərmanın zamandan asılı dəyişməsinin izlənilməsində istifadə edilib və uğurlu nəticələr əldə olunub.
|
|
04.09.2024 | 09:51 | |
|
|
|