UNEC-in COP29-a həsr etdiyi beynəlxalq simpozium uğurla yekunlaşıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə COP29-a həsr olunan Beynəlxalq Multidisiplinar Simpozium keçirilib.
 
UNEC-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, “BMT - COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya və Moldovadan olan alimlər təqdimatlarla çıxış ediblər.
 
Universitetin Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayevin moderatorluğu ilə keçirilən simpoziumda milli iqtisadiyyatın enerji tutumu, ekoloji strategiyalar, karbon neytrallığı, yeni çirkləndiricilərə nəzarət, istixana qazlarının emissiyaları, rəqəmsallaşmanın qlobal problemlərin həllində rolu, Xəzər dənizinin, göllərin, eləcə də təbii və təmizlənmiş tullantı sularının toksikliyinin monitorinqi, ekoloji təmiz təbiət, Azərbaycanda ekoəczaçılıq vasitələrinin inkişafı və yaradılması, iqlim dəyişikliyi geosiyasətində qloballaşma faktoru, sosial problemlərin həllində elmin rolu, ətraf mühitin mühafizəsində beynəlxalq ənənələr və digər mövzularda müxtəlif ölkələrin alimlərinin təqdimatları dinlənilib.
 
Təqdimatlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
 
Simpozium növbəti gün vorkşopla davam edib. Vorkşopda Rusiya Ekologiya Akademiyasının rəhbəri Sergey Xolodkeviç, Rusiyanın Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki Ramil Baxtizin, Çin Elmlər Akademiyasının Eko-Ətraf Mühit Elmləri üzrə Tədqiqat Mərkəzinin professorları Ming Xu, Yonguang Yin, UNEC-in professorları Əli Xəlilov və Ramil Sadıqov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
 
İki gün davam edən beynəlxalq simpoziumun sonunda beynəlxalq qrant layihələrində birgə iştirak etmək barədə razılıq əldə olunub.


03.09.2024 | 13:04