Azərbaycanın elm və təhsil nazirinin müavini Parisdə səfərdədir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirak məqsədilə Paris şəhərində səfərdədir. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir təhsilin rəqəmsallaşdırılması, süni intellektin təhsildə istifadəsi, yaşıl və rəqəmsal çağırışlar mövzularını əhatə edir. 
 
Tədbir çərçivəsində Həsən Həsənli UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb. Görüş zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub. 
 
Qeyd edək ki, növbəti günlərdə digər ikitərəfli görüşlərin keçirilməsi nəzərə tutulur. 
 
UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.


03.09.2024 | 09:30