MDU-da keçirilən “Tyutor xidməti - 2024” təlim proqramı yekunlaşıb
Avqustun 26-dan 31-dək Mingəçevir Dövlət Universitetində (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin keçirdiyi “Tyutor xidməti - 2024” təlim proqramı uğurla yekunlaşıb.
 
MDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, təlimlərdə iştirak edən 70-dən çox iştirakçı bir həftə ərzində akademik məsləhətçi (tyutor) xidməti və digər vacib mövzular üzrə dərin biliklər qazanıblar.
 
Təlim proqramı çərçivəsində MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev, Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və akademik məsləhətçisi Afiqə Əhmədova, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva və İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova tərəfindən müxtəlif mövzularda geniş məzmunlu təqdimatlar edilib.
 
Təlim proqramını uğurla yekunlaşdıran iştirakçıların monitorinq və qiymətləndirməsi məqsədilə imtahan təşkil ediləcək və nəticəyə əsasən qiymətləndirilərək müvafiq sertifikatla təltif olunacaqlar.
 
Qeyd edək ki, MDU-da təşkil olunan bu təlimlər ali təhsil müəssisəsində akademik məsləhətçi xidmətinin inkişaf etdirilməsi, tələbə-müəllim əlaqələrinin möhkəmləndirilməsi və tədris prosesinin daha səmərəli təşkili istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlərdən biridir. Təlimlərə göstərilən maraq və iştirakçıların fəallığı növbəti illərdə də bu cür proqramların təşkilinə təkan verəcək.


31.08.2024 | 17:58