“Yaşıl” iqtisadiyyat Azərbaycan və xarici tələbələrin gözü ilə | |
Azərbaycan Dövlət İqtisad Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universiteti, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və “Müasir İqtisadiyyatın Problemləri” elmi nəşr redaksiyasının birgə təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzetinin media tərəfdaşlığı ilə “Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya” mövzusunda beynəlxalq elmi praktik konfrans çərçivəsində “Yaşıl” iqtisadiyyat Azərbaycan və xarici tələbələrin gözü ilə” adlı elmi seminar keçiriləcək.
Seminar 3-4 oktyabr 2024-cü il tarixində UNEC-də Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunan elmi tədbirlər planı çərçivəsində baş tutacaq.
“Yaşıl” iqtisadiyyat dünyada müxtəlif müzakirələrdə prioritet məsələyə çevrilib. Bu gün iqtisadiyyatın səmərəli fəaliyyətinin təmin edilməsi ilə ekoloji problemlərin artması arasında sıx əlaqə izlənilir.
Deməli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün təkcə onların rifahının yüksəldilməsi probleminin həlli kifayət etməyəcək, həm də ətraf mühit problemlərinə xüsusi diqqət günün tələbidir.
Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib“ və bu sərəncəmın icrası ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetində də “Yaşıl UNEC” ili elan olunub. COP 29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq üçün elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin və qonaq məruzəçilərin iştirakı ilə UNEC –də elmi tədbir və panel müzakirələrinin təşkili və ekspertlər tərəfindən mühazirələrin keçirilməsi nəzərdə tutulur.
Belə ki, 3-4 oktyabr 2024-cü il tarixlərində UNEC-də “Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Bununla yanaşı, bu gün ali təhsil sistemi qarşısında ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi kimi ekoloji dəyərlərə sadiq müasir təhsialanların formalaşması ciddi bir vəzifə kimi durur.
Fundamental və tətbiqi elmi tədqiqatların aktivləşdirilməsi, tələbələr və gənc tədqiqatçılar arasında elmi ünsiyyətin təşkili, elmi nəticələrin geniş müzakirəsi və gənc tədqiqatçıların elmi təşəbbüslərinin inkişafına dəstək olmaq məqsədilə “Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində Almaniya, Türkiyə, Rusiyanın nüfüzlü universitetlərinin tələbələrinin iştirakı ilə “Yaşıl” iqtisadiyyat Azərbaycan və xarici tələbələrin gözü ilə” adlı elmi seminar keçiriləcəkdir.
Məqsəd tələbələrin - Beynəlxalq təcrübədə və Azərbaycanda ekoloji proseslərin dövlət tənzimlənməsi alətlərini öyrənmək; ərazilərin davamlı inkişafı üçün yaşıl iqtisadiyyatın gücləndirici rolunu araşdırmaq; yaşıl iqtisadiyyatı təmin etmək üçün normativ hüquqi bazanın inkişafını araşdırmaq; yaşıl iqtisadiyyat prinsiplərinin həyata keçirilməsi sahəsində biliklərini gücləndirməkdir.
Seminarın materialları “UNEC Tələbə Tədqiqatları Jurnalı”nda nəşr olunacaqdır.
Səadət Qəndilova,
UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent
|
|
31.08.2024 | 13:50 | |
|
|
|