Ucqar kənd məktəbinin inanılmaz uğuru
Məqsədlərinə gedən yolda nə relyefi dərd ediblər, nə də havanı. Nə qar onlara əngəl olub, nə də boran. Belə ki, bu il ucqar dağ kəndində yerləşən orta məktəbin 12 məzunundan 11-i ali təhsil müəssisələrinə qəbul olub. Yardımlı rayonu Şəfəqli kənd Ş.Şabiyev adına tam orta məktəbin məzunlarından dördü qız, yeddisi oğlan olmaqla, tələbə adını qazanıblar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdləri ali məktəbə qəbul zamanı yüksək nəticə göstərən kənd məktəbinin direktoru Ramin Qənbərov "Kaspi"yə müsahibə verib.
 
 
Onların hər biri məktəbdə hazırlaşıb
 
Ramin müəllim “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, şagirdlərin hər biri məktəbin müəllimləri ilə hazırlaşıb, ciddi əmək sərf edərək bu nəticəyə nail olublar: “Yardımlı şəhər Şəfəqli kəndində şagirdlərin xüsusi olaraq hazırlaşması üçün heç bir təhsil kursu yoxdur. Ucqar kənd məktəbi olduğu üçün şagirdlərin imkanları da dar çərçivədə olub. Bu uğur şagirdlərin, müəllimlərin, valideynlərin birlikdə əməyinin nəticəsidir. Bu zəhmətkeş şagirdlərin hər biri ilə fəxr edirik”.
 
 
“Savadlı qadın, savadlı cəmiyyətdir”
 
Direktoru sevindirən ikinci əsas amil isə, kənddə qızların  da təhsilə marağının olması, valideynləri tərəfindən dəstəklənməsidir: “Bilirsiniz ki, kənd məktəblərində qızlarla bağlı problemlər var idi. Bundan bir neçə il öncəsinə qədər onlar təhsildən yayındırılır, məhz qadın olduqları üçün valideynləri tərəfindən təhsil almaq hüquqları əllərindən alınır, bəzi hallarda erkən nikaha məcbur edilirdilər. Biz də bununla mübarizə aparmışıq. Sevindirici haldır ki, bu il qəbul olan şagirdlərin dördü qızdır. Bu mərhələyə gəlmək üçün kollektivimizlə birlikdə valideynlərlə mütəmadi olaraq işləmişik. Ən əsas vəzifələrimizdən biri qız uşaqlarının təhsildən yayındırılmasının qarşısını almaq, erkən nikahlarla mübarizə idi. Bunun üçün kollektiv olaraq onlarla söhbətlər aparır, qızları tədbirlərə cəlb edirdik. Hətta kənddə qızların voleybol komandasını belə yaratdıq. Ona görə də qızların bu nəticəsi məni ikiqat sevindirir. Ötən il də 11 nəfər məzunumuzdan yeddisi ali məktəbə qəbul oldu, onlardan üçü qız idi. Savadlı qadın savadlı cəmiyyətdir”.
 
 
Direktor deyir ki, bu məktəbdə təhsildən yayınan şagird olmayıb: “Biz hansısa şagirdin bir neçə gün ard-arda gəlmədiyini müşahidə edən kimi, valideyni ilə təmasa keçir, təhsilin vacibliyini, məcburiliyini izah edirdik. Kənd yerlərində valideynlər müəllimlərin fikirlərinə etimad göstərir, etibar edirlər”.
 
 
"Şagirdlərimiz nə relyefi dərd edib, nə də havanı..."
 
Direktor kənd və şəhər uşaqları ilə bağlı stereotiplərdən də danışdı. Deyir ki, oxuyan hər yerdə oxuyur: “Əgər bir insan təhsil almaq istəyirsə, yerləşmə yeri buna maneə ola bilməz. İstər şəhər olsun, istərsə də kənd, oxuyan şagird hər yerdə seçilir, məqsədinə nail olur. Sadəcə, sistem düzgün qurulmalıdır. Bizim son üç ildə 38 məzunumuz olub və onlardan 24 nəfəri, yəni 63 faizi ali məktəbə qəbul olub. Şagirdlərimiz nə relyefi dərd edib, nə də havanı. Nə qar, nə boran onlara əngəl olmayıb. Məktəbdə təminatımız da normaldır. Təhsil sırf şagirddən, müəllimdən və pedaqoji heyətin vəzifə borcunu nə dərəcədə yerinə yetirməsindən asılıdır”.
 
 
“Şagirdlərim həm də mənim övladlarımdır”
 
Pedaqoji heyətin vəzifə borcundan danışarkən direktor bildirir ki, müəllim bu adla kifayətlənməməli, öz üzərində işləməlidir: “Bizim müəllimlərimiz də savadlı, həvəsli, işlərinin peşəkarıdırlar. Yeddi müəllimimiz sertifikasiyadan yüksək qiymətlərlə keçiblər. Təbii ki, belə müəllimlərin yetişdirdiyi şagirdlər də uğurlu nəticə göstərəcək. Bir şagirdin karyerasında müəllimin rolu danılmazdır. Müəllim burada ikinci valideyn deməkdir. Biz inzibati vəzifəmizdən əlavə, həm də valideynik. Məsələn, mənim qızım da ali məktəbə 569 balla qəbul olub və 11 şagirddən biridir. Şagirdlərim həm də mənim övladlarımdır. Onların heç birini öz qızımdan ayırmamışam. Uşaqlar utanmadan, çəkinmədən problemlərini mənimlə bölüşürlər, həll yolunu tapırıq. Bu sinifdən yalnız bir nəfər qəbul olmadı, onun da seçimi ali təhsil deyildi, sənəd də verməmişdi. Hər bir müəllimin cəmiyyət, valideyn, dövlət qarşısında vicdan borcu var. Müəllim bunu hiss etməli, ləyaqətli olmalıdır. Biz cəmiyyətə şagird, tələbə yetişdiririk. Ona görə də məsuliyyətimizi dərk etməliyik”.
 
 
“O qədər sevincli idik ki...”
 
Direktor vurğulayır ki, nəticələr açıqlananda gec saatlara qədər valideynlərlə, şagirdlərlə danışıb, onların sevinclərinə şərik olub: “Şagirdlərin bütün qəbul prosesini biz edirik. Kənd yerində şərait olmadığı üçün kodlaşdırma da məktəbdə edilir. Bütün günü müzakirə edir, məsləhətləşir, hər gün valideynlərlə görüşürdük. Nəticələr açıqlanan gün gecə saat üçdə yatmışam. Bütün valideynlərlə danışıb təbrik etmişəm. O qədər sevincli idik ki... Sistem donduğu üçün bəzi şagirdlərin nəticəsini gec bildik. Sonuncunu da öyrənib təbrik edənə qədər gözləmişəm. Şagirdlərimin uğurları mənim uğurumdur”.
 
 
Ramin müəllim onları universitet həyatında da dəstəkləyir. Deyir ki, işimiz onların məzun olması ilə bitmir: “Hazırda universitetlərə qeydiyyatlarını edirik. Hətta şagirdlərimizdən biri Gəncəyə düşdüyü üçün onun yataqxana məsələsini də birlikdə həll edir, digərlərinin ev məsələsinə kömək edirik. Bütün şagirdlərin yerləşməsinə qədər onlara məktəb olaraq dəstək oluruq. Onlar bizim övladlarımızdır, hər çətinliklərində müəllimləri olaraq yenə də arxalarında dayanmışıq”.


31.08.2024 | 13:41