Müəllim cari və illik planlaşdırma edərkən nələrə diqqət etməlidir?

Fənlər üzrə müvafiq təlim nəticələrinə çatmaq üçün müəllimlərin cari və illik planlaşdırma etməsi olduqca vacibdir. Dərsin planlaşdırılması tədris prosesində müəllimin dərsin məqsədlərini, məzmununu, metodlarını və qiymətləndirmə üsullarını əvvəlcədən müəyyənləşdirməsi və təşkil etməsidir.
 

Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün intizam və mülki məsuliyyət daşıyır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.2. bəndinə müvafiq olaraq, müəllim həm də təhsil proqramlarının mənimsənilməsini təmin etmək və keyfiyyətli təhsil vermək vəzifəsini icra edir.
 

Ümumilikdə planlaşdırma pedaqoji prosesin sistemliliyini təmin edir, sinif idarəetməsini asanlaşdırır. Müəllim dərsi planlaşdırarkən müasir təlim metodlarını əsas götürməli, planın şagirdyönümlü olmasına diqqət yetirməli, planda verilmiş fəaliyyətlərin spesifik, ölçüləbilən olmasına və vaxt çərçivəsinə diqqət etməlidirlər.
 


 

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, effektiv planlaşdırma metodologiyası ilə müəllim planlaşdırmanı daha optimal şəkildə qura bilər. Belə ki, müəllimlər illik və cari planlaşdırma edərkən SMART texnologiyasından istifadə edə bilərlər. SMART çərçivəsi təlim məqsədlərini beş əsas xüsusiyyətə bölür: spesifik (S – specific), ölçülə bilən (M – measurable), əldə edilə bilən (A – attainable), məzmuna uyğun (R – relevant) və müəyyən zamana bağlı (T – time bound). 
 

S (spesifik) – Tədris məqsədi düzgün müəyyən edilmiş, aydın və birmənalı olmalıdır. Geniş və ya ümumi məqsəd qoymaq əvəzinə, pedaqoqlar tədris ilini və ya dərsi müvəffəqiyyətlə başa vurduqdan sonra şagirdin nəyə nail olacağını müəyyənləşdirməyə çalışmalıdır. Bunu düşünməyin başqa bir yolu, şagirdin dərsi və ya müvafiq tədris ilini bitirdikdən sonra əvvəldən edə bilmədiyi və ya başa düşə bilmədiyi nəyi edə biləcəyini və ya başa düşə biləcəyini nəzərdən keçirməkdir.
 

M (ölçülə bilən) – Məqsəd inkişaf və nəticənin ölçülməsi üçün meyarları ehtiva etməlidir. Bu, şagirdin irəliləyişinin izlənilməsini və təlim prosesinin effektivliyinin qiymətləndirilməsini təmin edir.
 


 

A (əldə edilə bilən) – Tədris məqsədi real və əldə edilə bilən olmalıdır. İddialı məqsədlər motivasiya ola bilsə də, onlar məyusluq və ya ruh düşkünlüyü ilə nəticələnə biləcək və ya əlçatmaz olacaq qədər çətin olmamalıdır. Buna görə də müəllimlər çox uzun və ya mürəkkəb təlim məqsədləri qoymaqdan çəkinməlidir, əks halda məqsəd şagirdlər üçün əlçatmaz görünə və onları motivasiyadan sala bilər.
 

R (məzmuna uyğun) – Məqsəd öyrənənin daha geniş təhsil və ya peşəkar məqsədlərinə uyğun olmalıdır, öyrənmə prosesinin mənalı olmasını və onların ümumi inkişafına uyğun olmasını təmin etməlidir. Nümunə üçün, əgər xarici dil 8-ci sinif üzrə danışıq məzmununa uyğun olaraq 2.2.1. Müxtəlif məzmunlu şəkillərdə əks olunan əşya və hadisələri adlandırır alt-standartı qoyulubsa, şagirdlərə bu istiqamət üzrə yox tam fərqli məzmun üzrə yükləmək olmaz.
 

T (müəyyən zamana bağlı) – Hər bir məqsədin müəyyən edilmiş vaxt qrafiki olmalıdır və öyrənmə məqsədinə nə vaxt nail olmaq üçün aydın son tarix verilməlidir. Bu, motivasiyanı artırır və zamanla şagirdlərin inkişafını izləməyə imkan verir.
 

Maraqlı bir keys
 

“Azərbaycan müəllimi” qəzetində 8 yanvar 1948-ci ildə Levşinin imzası ilə verilmiş “Yaxşı və pis dərs haqqında” başlıqlı yazıda Stalinqrad vilayətinin gənc bir müəllimi “Uçitelskaya qazeta”ya məktubunda yazır:
 


 

“Mən metodikadan və özümün az təcrübəmdən bilirəm ki, dərsin şablon planı ola bilməz. Adətən tələb olunurdu ki, (və mən bunu ağıllı hesab edirdim) planda dərsin nömrəsi, mövzu və məzmunu göstərilsin. Bu il rayon müfəttişinin tələbi üzrə planda (hətta VIII-X siniflərdə belə) mövzudan sonra dərsin məqsədi yazılır. Elə buradan da əsl “yaradıcılıq” başlayır. Bəziləri bu məqsədi geniş, bütün təhsil və tərbiyəvi məsələləri sayaraq izah edirlər. Başqaları dərsin mövzusunu nağıl etməklə kifayətlənir və dərsin məqsədini bu sözlərlə başlayırlar: şagirdlərə məlumat vermək və ya göstərmək – bundan sonra dərsin mövzusu təkrar olunur. Dərsin məqsədinin bu cür ifadə olunması bizə nə fayda verə bilər? Odur ki, mən “Uçitelskaya qazeta”nın redaksiyasından bu məsələni öz səhifələrində işıqlandırmağı xahiş edirəm”.
 

Həmin məqalədə qeyd olunur ki, yaradıcı müəllim işə tamamilə başqa cür yanaşır. Onun fikri maqnit əqrəbi kimi daima bir yerə – uşağa, onun canlı, inkişaf edən düşüncəsinə qayıdır. Belə müəllim müəyyən mövzu üzrə dərsə (və yaxud bir neçə dərsə) hazırlaşarkən öz qarşısına bu məsələləri qoyur:
 

“Uşaqların şüurunda hansı müəyyən təsəvvürləri oyatmalıyam?”, “Onlar hansı yeni anlayışı mənimsəməlidirlər?”, “Onların fikrini hansı məntiqi əlaqələrə xüsusi olaraq cəlb etmək lazımdır?”, “Mən müəyyən surətə, hadisəyə, dəlilə qarşı onlarda nə cür münasibət oyatmaq istəyirəm?” və s.
 

Məqaləni ümumiləşdirsək, hələ həmin dövrdə dərsin planlaşdırılması ilə bağlı aşağıdakı məsələlər qeyd olunmuşdur:
 

- Bir çox müəllimlər dərsə kifayət qədər hazırlıqlı gəlmir və bu vəziyyət tədris keyfiyyətinə mənfi təsir edir. Bəziləri dərsi dərslikdən oxuyaraq dərsi keçir və bu da şagirdlər arasında dərsə qarşı etimadsızlıq yaradır.


- Şablon dərs planlarından uzaqlaşmaq və hər dərsə fərdi yanaşmaq lazımdır. Mövzunun dərindən təhlil edilməsi və şagirdlərin qavrama səviyyəsinin nəzərə alınması planlaşdırmanın əsas komponentidir. Nəzərə almaq lazımdır ki, dərslərin maraqlı olması yalnız mövzunun özü ilə deyil, müəllimin dərsə yanaşma tərzi ilə də əlaqədardır.


- Bəzi müəllimlər dərsə formal olaraq hazırlaşır, lakin bu hazırlıq real sinif vəziyyətini və şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almır. Onlar dərsin mövzusuna çox diqqət yetirsələr də, şagirdlərin necə reaksiya verəcəyini və materialı necə qavrayacaqlarını nəzərə almırlar. Peşəkar müəllimlər isə dərsə hərtərəfli və yaradıcı şəkildə hazırlaşırlar. Belə müəllim materialları diqqətlə seçir, icmallar hazırlayır və dərsin bütün gedişini təsəvvür edir. Bu hazırlıq onların sinifdə daha sərbəst və yaradıcı olmalarına imkan verir.


- Müəllimlər şagirdlərin dərsə maraq göstərmələrini təmin etməlidirlər. Təəssüf ki, çox zaman dərslər şablon qaydada aparılır və şagirdlərdə maraq oyatmır. Dərslərin maraqlı olması yalnız mövzunun özü ilə deyil, müəllimin dərsə yanaşma tərzi ilə əlaqədardır. Hər bir mövzunun maraqlı olması mümkündür və bunun üçün dərsin məqsədi şagirdlərə aydın şəkildə çatdırılmalı, dərsdə fəal iştirak təmin edilməlidir. Bununla yanaşı, şagirdlərin fərdi xüsusiyyətləri, onların yeni materialı mənimsəmədəki çətinlikləri nəzərə alınmalıdır.


- Effektiv müəllimlər ev tapşırıqlarını düşünülmüş şəkildə təşkil edir, şagirdlərin dərsə necə hazırlaşmalı olduqlarını izah edir və onların motivasiyasını yüksəldir. Təəssüf ki, bəzən ev tapşırıqları tələsik verilir və şagirdlərin onları ciddi şəkildə hazırlayacaqları gözlənilmir.
 

Göründüyü kimi, hələ ötən əsrdə də dərsin səmərəli planlaşdırılması məsələsi aktual olub. Bu məsələ hazırda da öz aktuallığını qoruyur.
 

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda məktəblərdə müəllimlər, əsasən, iki tip planlaşdırmadan istifadə edirlər: cari (gündəlik) illik (perspektiv).
 


 

a) Cari (gündəlik) planlaşdırma müəllimin hər yeni gün üçün dərs prosesini məqsədyönlü şəkildə təşkil etməsidir. Müəllim öz işinin keyfiyyətinə və təhsilalanların inkişafına görə məsuliyyət daşıdığı üçün gündəlik planlaşdırma dərsin uğurlu keçməsi üçün vacibdir. Bu proses müəllimin sinif mühiti, şagirdlərin öyrənmə ehtiyacı və maraqlarına, şagird sayına və müəllimin nəzəri-metodiki hazırlığına uyğun olaraq həyata keçirilir. Gündəlik planlaşdırma təlim məqsədlərinin müəyyən olunması, materialların seçilməsi, öyrənmə strategiyalarının müəyyənləşdirilməsi, tapşırıqların hazırlanması və qiymətləndirməni (refleksiyasnı) əhatə edir. Bu elementlərin sistematik planlaşdırılması olmadan müəllimin işi çətinləşir və nəticələr zəifləyə bilər. Bu səbəbdən cari planlaşdırma müəllimin fəaliyyətinin effektivliyini təmin etmək üçün vacibdir.

Nümunə üçün:

1. https://arti.edu.az/wp-content/uploads/2024/08/Gund%C9%99lik-planlama-numun%C9%99si1.pdf

2. https://arti.edu.az/wp-content/uploads/2024/08/Gund%C9%99lik-planlasdirma-numun%C9%99si-2.pdf

 

b) İllik planlaşdırma isə bir tədris ili boyunca təlim prosesinin effektiv və sistemli şəkildə idarə olunmasını təmin etmək üçün hazırlanan planlama sənədidir. Bu plan müəllimin il ərzində tədris edəcəyi mövzuları, dərslərin sırasını, istifadə ediləcək resursları və tədris metodlarını əhatə edir. İllik planlaşdırma müəllimin tədris prosesində hansı nəticələrə nail olmaq istədiyini müəyyən edir. Həmçinin tədris ili ərzində hansı mövzuların hansı zaman aralığında keçiriləcəyini təyin edir, müəllimin zamanı daha effektiv şəkildə idarə etməsinə imkan verir, belə ki, dərslərin və mövzuların planlaşdırılmış zaman çərçivəsində keçirilməsi təmin olunur. Beləcə, müəllim tədris ilinin əvvəlindən müəyyənləşdirdiyi məqsədlərə nail olub-olmadığını yoxlaya bilmək üçün illik planı izləyir və lazım gəldikdə düzəlişlər edir. Təbii ki, plan gözlənilməz hallara və ya öyrənmə ehtiyaclarına uyğun şəkildə dəyişdirilə bilər. Bu da müəllimin dərs prosesinə çevik yanaşmasını təmin edir.
 

Nümunə üçün:

1. https://arti.edu.az/wp-content/uploads/2024/08/Perspektiv-illik-planlasdirma-numun%C9%99si-1.pdf
 

İllik planda sinfin səviyyəsi, diaqnostik qiymətləndirmənin nəticəsi və ilboyu gedən davamlı inkişaf nəzərə alınmalıdır
 

Məsələ ilə bağlı Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək Mərkəzi ilə də əlaqə saxladıq. Mərkəzdən bildirildi ki, illik planlaşdırma müəllimin özünün standartlar əsasında dövlətin verdiyi tələbləri il boyu bölməsi və onların müəyyən priotetlər əsasında qurmasıdır. Hər bir müəllimin illik planlaşdırmanı öz sinfinə uyğun hazırlaması məqsədəuyğundur. Burada sinfin səviyyəsi, diaqnostik qiymətləndirmənin nəticəsi və ilboyu gedən davamlı inkişaf nəzərə alınmalıdır. Müəllim sinfin səviyyəsini nəzərə alaraq illik planlaşdırmada qeyd etdiyi fəaliyyətləri yerinə yetirməlidir.
 


 

Görünür, 1948-də olan problem hələ də aktualdır...
 

Mərkəzdən bildirilir: “Təəssüf ki, ölkəmizdə bəzi müəllimlərin məqsədi daha çox mövzu öyrətməkdir. Amma məqsəd bu olmamalıdır. Məqsəd dövlətin qoyduğu standartlarını yerinə yetirmək olmalıdır. Əlbəttə, dərslik də dövlət siyasətidir. Lakin mövzuların tədrisi mövzu yönümlü yox, bacarıq yönümlü olmalıdır. Dərsliyin verilməsi bir növ müəllimlərin işini asanlaşdıır. Bunun səbəbi isə müəllimlərin perspektiv planlaşdırmanı həyata keçirərkən artıq mətn, mövzu axtarmamasıdır. Müəllimlər standartlara uyğun mövzuları keçir, lakin bunun sinfə hansı səviyyədə (asan və ya çətin) çatdırılması müəllimin öhdəliyindədir. Müəllimlər bilməlidir ki, onlar hansı bacarığı formallaşdırır, bu bacarıq hansı mövzu üzərində formalaşır və bu bacarığın formalaşması üçün neçə saat (və ya dəqiqə) ayrılır. 
 

Metodik vəsait dərsliyi müşayiət edir
 

İllik planlaşdırma cari planlaşdırmaya nisbətən daha ümumidir. Yəni, müəllim standartlara və ya digər vəsaitlərə əsasən, dərslikdəki mövzulardan istifadə edərək standartların tələbini necə yerinə yetirdiyini planlaşdıra bilər.
 

Metodik vəsait dərsliyi müşayiət edir. Yəni, metodik vəsait müəllimə dərslikdəki informasiyanın şagirdlərə necə ötürməsini izah edir.
 

Müəllim mütləq konkret bir nümunəyə əsasən, planlaşdırma etməlidir deyə bir qayda yoxdur
 

Bildiyiniz kimi, biz bu yaxınlarda illik və cari planlaşdırma üçün cədvəl təqdim etdik. Bu bir nümunədir. Hər bir müəllim öz sinfi ilə yaxından tanış olduğu üçün illik və gündəlik planlaşdırmanı da özü tərtib etməlidir. Bu, müəllimlərə kömək edir ki, onlar hazır formada planlaşdırmanı cədvələ qeyd etsin. Əgər müəllim oraya illik planlaşdırmada hər hansı başqa informasiyanı daxil etmək istəyirsə, o bu işdə sərbəstdir. Qeydlər apara bilər, informasiyanı artıra bilər.
 

İllik planlaşdırmada fəalliyyətlərin ardıcıllığı dəyişə bilərmi?
 

Bu sinifdə gedən prosesdən asılıdır. Əgər, planlaşdırma düzgün aparılıbsa, adətən dəyişiklik olmur. Planlaşdırma üzərində gedişata uyğun bəzi qeydlər aparılırsa və planlaşdırmada dəyişiklik aparmaq lazım gələrsə, o zaman müəllim dəyişiklik edə bilər.
 

Müəllimin əsas məqsədi şagirdin bacarığa yiyələnməsidirsə, müəllim bunu istədiyi formada həyata keçirə bilər
 

Gündəlik planlaşdırma illik planlaşdırmanın detallarını özündə əks etdirir. Müəllimlər gündəlik planlaşdırmada təlim nəticələrini, qiymətləndirmə meyarlarını, müəyyənləşdirilən mövzuları və fəaliyyəti, təlim strategiyasını və şagirdlər üçün differensiallaşmış tapşırıqları qeyd etməlidir.
 

İllik planlaşdırmada alt standartlar, ona uyğun mövzular, saatların bölünməsi, mövzuların keçirildiyi tarix və s. öz əksini tapır. Bundan əlavə, dərslərin hansı mühitdə keçirilməsi keçirilməsi də nəzərə alınmalıdır. Məsələn, təbiətdə, ekskursiyada, muzeydə və ya başqa siniflə inteqrativ formada və s. Müəllimin əsas məqsədi şagirdin bacarığa yiyələnməsidirsə, müəllim bunu istədiyi formada həyata keçirə bilər. 
 

Müəllim istədiyi şəkildə meyarları nəzərə alaraq planlaşdırmanı əl yazısı və ya kompüterlə yaza bilər.
 


 

Planlaşdırma olmayan yerdə heç bir iş səmərəli ola bilməz
 

Əlbəttə , bütün bunlar müəllimin işinin səmərəli olması üçündür. Planlaşdırma olmayan yerdə heç bir iş səmərəli ola bilməz. Burada əsas məqsəd müəllimlərin planlaşdırma tərtibetmə qabiliyyətinin formalaşdırılması, onun mahiyyətinin dərk edilməsidir. Bəzi müəllimlər öz həmkarından illik planlaşdırmanı alaraq oradakı tarixləri və s. köçürür. Bu kimi hallara isə müəllimlər yol verməməlidir”, - deyə Metodik Dəstək Mərkəzindən məsələyə münasibət bildirilib.
 

Beləliklə, müəllimlərin dərs və illik planlaşdırma etməsi fənn üzrə təlim nəticələrinə çatmaq üçün vacibdir. Dərs planlaşdırılması tədris prosesində müəllimin məqsədləri, məzmunu, metodları və qiymətləndirmə üsullarını əvvəlcədən müəyyənləşdirib təşkil etməsidir. Effektiv planlaşdırma müəllimə tədrisi daha optimal şəkildə aparmağa imkan verir. Müəllimlər şagirdlərin inkişafını, tədris keyfiyyətini və nəticələri təmin etmək üçün həm gündəlik, həm də illik planlaşdırmadan istifadə edirlər. Gündəlik plan dərs prosesini təşkil etməyə, illik plan isə tədris ili boyunca bütün təlim prosesini sistemli idarə etməyə kömək edir.
 

Unutmayaq ki, bütün bunlar müəllimlərin fəaliyyətini daha keyfiyyətlə yerinə yetirməsi və şagirdlərin təhsil proqramını (kurikulumu) daha effektiv mənimsəməsi üçündür.


Vaqif FƏTULLAYEV



30.08.2024 | 16:18