Azərbaycan alimlərinin tədqiqatlarının və onlara edilən istinadların sayı artıb
Azərbaycan alimlərinin "Web of Science" bazasında tədqiqatlarının və onlara edilən istinadların sayı artıb.
 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2018-2023-cü illər arasında beynəlxalq bazaya daxil olan jurnallarda Azərbaycan alimlərinə məxsus 8668 tədqiqat işi dərc olunub və dünya miqyasında digər tədqiqatçılar tərəfindən bu məqalələrə 65,927 dəfə (məqalələrin təxminən 57,28%-i) istinad edilib.
 
Sözügedən elmi məqalələrin 1765-i yüksək keyfiyyəti ilə səciyyələnərək Q1 kvartilli jurnallarda dərc olunub. Məqalələrin 88-i yüksək istinadlı məqalə statusuna sahib olaraq öz elm sahələrində ən çox istinad edilən ilk 1% arasındadır.
 
Qeyd edək ki, əvvəllki illərlə müqayisədə 2023-cü ildə bazada Azərbaycana məxsus məqalə sayında da artım müşahidə olunub. Belə ki 2022-ci ildə 309 məqalə dərc olunubsa, bu göstərici 2023-cü ildə 518-ə çatıb. Beynəlxalq əməkdaşlıq nəticəsində xarici həmmüəllifli məqalələr 2018-ci ildə ümumi məqalə sayının 44,87%-ni təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 55,45%-ə, 2024-cü ildə isə 68,3%-ə çatıb. Bu, Azərbaycan tədqiqatçılarının beynəlxalq tərəfdaşlarla əməkdaşlığa meylinin artdığını göstərir.
 
Ümumilikdə, 2023-cü ildə tədqiqat məhsuldarlığında və keyfiyyətində artım müşahidə olunub və bu həm nəşrlərin ümumi sayında, həm də Q1 kvartilli jurnalarda dərc olunan işlərin sayında nəzərə çarpıb.
 


28.08.2024 | 09:53