BDU-nun rektoru: Ekoloji problemlərin həllində milli və beynəlxalq səviyyədə əməkdaşlıq olduqca zəruridir | |
Bakı Dövlət Universitetində ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialı və infrastrukturu daim təkmilləşdirilir. Universitetdə 5 kafedradan ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi, Mükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetdə ekoloji problemlərin mənfi təsirlərinin azaldılması və təbiətin bərpası üçün effektiv metodlar işləyib hazırlayan tədqiqatlar aparılır. Biz fənlərarası əməkdaşlıq vasitəsilə gələcək nəsillər üçün planetimizi qorumağa kömək edəcək davamlı təcrübələri və texnologiyaları təşviq etməyi hədəfləyirik. BDU-nun Elmi şurasının qərarı ilə Baş Prokurorluqla birgə ECOLEAD Klinikası yaradılıb.
BDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, bu fikirləri rektor Elçin Babayev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Şəki şəhərində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktik konfransda söyləyib.
Rektor bildirib ki, BDU tələbələri “yaşıl enerji”, “yaşıl texnologiyalar” sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirlər. 2024-cü il sentyabrın 5-8-də Türkiyənin Antalya şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanmış BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət 2 komandasının “Irrigo” və “E-tarım sulama” layihələri də məhz ekoloji problemlərin intellektual həllinə həsr olunub”.
BDU rektoru qeyd edib ki, təbii səbəblərlə yanaşı, mərkəzində insan amilinin dayandığı ekoloji cinayətlər, qeyri-qanuni fəaliyyətlə ətraf mühitin, o cümlədən yaşıllıqların qəsdən məhv edilməsi respublikamız üçün ən ciddi təhlükələrdən biridir: “Ermənistanın uzunmüddətli və dağıdıcı təcavüzü nəticəsində regionumuzda ekoloji cinayətlərin nəticələri kəskin şəkildə hiss edilməkdədir. İşğal dövründə ərazilərimizin ətraf mühitinə ciddi ziyan vurulub. Həmin ziyanın ekosistemə təsiri davam edir.
Ekoloji pozuntuların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tapşırıqların operativ icrası mühüm əhəmiyyət kəsb edir. Ekoloji problemlərlə effektiv mübarizə aparmaq üçün biz hüquq-mühafizə orqanlarını, elmi araşdırmaları və ictimaiyyətin cəlb olunmasını birləşdirən vahid yanaşmanı qəbul etməliyik. Hökumət və qeyri-hökumət təşkilatları, özəl sektor və ictimaiyyət məlumat, resurslar və təcrübə mübadiləsi üçün birgə işləməlidir. Bu baxımdan ECOLEAD layihəsi ətraf mühitin mühafizəsi istiqamətində yeni əməkdaşlıq və mühüm öhdəlikdir. ECOLEAD platformasının mərkəzində ekoloji cinayətlərin araşdırılması və prokurorluq əməkdaşlarının, ekoloqların, BDU-nun elmi-pedaqoji heyətinin və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə pozuntuların qarşısının alınması kimi mühüm missiya dayanır”.
Elçin Babayev diqqətə çatdırıb ki, BDU-da ECOLEAD Klinikasının yaradılması ekoloji pozuntuların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin etmək baxımından önəmlidir. Klinika birgə elmi-praktik araşdırmaları asanlaşdıracaq, tədqiqatçılara və praktikaya cəlb olunanlara ekoloji problemlərin həllində birgə işləməyə imkan verəcək: “İlk növbədə, ətraf mühitlə bağlı pozuntuları və onların təsirlərini müəyyən etmək üçün tədqiqat və təhlillərin aparılması, tələbələr, mütəxəssislər və ictimaiyyət arasında ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və davamlı təcrübələri təşviq etmək üçün təlim və təhsil proqramlarının təmin edilməsi vacibdir. Həmçinin elmi sübutlara və qabaqcıl təcrübələrə əsaslanan ekoloji siyasət və qaydaların inkişafına nail olmaq, ətraf mühitə müdaxilələrin effektivliyini qiymətləndirmək və gələcək fəaliyyətləri məlumatlandırmaq üçün monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması, ekoloji problemlərin həllində bilik və təcrübəni bölüşmək üçün həm milli, həm də beynəlxalq səviyyədə digər qurumlarla əməkdaşlıq olduqca zəruridir. ECOLEAD Platforması bu istiqamətdə bir çox problemlərin həllinə nail olmağa imkan verəcək. Ekoloji problemlərin elm-təhsil-istehsalat əlaqələri çərçivəsində elmi və hüquqi həlli müəyyənləşəcək, tələbələr, gənc tədqiqatçılar, alim və peşəkar praktik hüquqşünaslar platformanın əsas iştirakçısına çevriləcəklər”.
|
|
28.08.2024 | 09:40 | |
|
|
|