Ali məktəblərə qəbulda rekord nəticə | |
Azərbaycan ali təhsil sistemi növbəti təhsil ilinə uğurlu startla başlayır. Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri bunu deməyə əsas verir. Ali məktəblərə növbəti tələbə qəbulu kampaniyasında son illərdə ən yüksək qəbul faizi əldə olunub. Nəticələr sevindiricidir və gözlənilən idi...
Belə ki, DİM-in 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, 55 656 nəfər tələbə adını qazanıb ki, bu da son illərin rekord göstəricisidir.
Ümumilikdə, ali təhsil müəssisələrinə ixtisas seçimində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bu ilin qəbul kampaniyası yeniliklərlə də əlamətdardır. Sevindirici haldır ki, bu il ilk dəfə yeni yaradılan Qarabağ Universiteti, Türkiyə–Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetinə də qəbul aparılıb. İlkin məlumatlara görə, Qarabağ Universitetində plan deyləri, demək olar ki, dolub.
Qarabağ Universiteti
Qarabağ Universitetindən verilən məlumata görə, 2024–2025-ci tədris ili üzrə universitetə ümumilikdə 1104 tələbə qəbul olub.
I ixtisas qrupunda orta qəbul balı 475,5 olub və ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. Olimpiada qalibi olan 1 abituriyent isə ali təhsil müəssisəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasına müsabiqədənkənar qəbul edilib. II ixtisas qrupunda orta qəbul balı 396,7 təşkil edib, ən yüksək nəticə 641,7 balla "Maliyyə" ixtisasında qeydə alınıb.
III ixtisas qrupunda orta qəbul balı 531,3 təşkil edib və ən yüksək nəticə 683,8 balla "Hüquqşünaslıq" ixtisasında qeydə alınıb. Qeyd edək ki, Universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.
IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə isə 570,6 bal olub.
Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan tələbələrin orta qəbul balı 467,6 təşkil edib.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupuna gəldikdə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.
Məlumata görə, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində Universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universiteti
2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri də məlum olub. Nəticələrə əsasən, tələbə adını qazanan 87 nəfər yeni tədris ilindən Türkiyə–Azərbaycan Universitetində ali təhsil alacaq.
Tələbələrdən 30 nəfəri kompüter mühəndisliyi, 30-u sənaye mühəndisliyi, 27-si isə qida mühəndisliyi ixtisasları üzrə təhsil alacaq.
Kompüter mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə isə 452,1 bal olub.
Universitet ölkəmizdən Azərbaycan Texniki Universiteti, Türkiyədən isə Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək. Kompüter mühəndisliyi ixtisası üzrə tədris Türkiyənin Orta Şərq Texniki Universiteti (ODTÜ), sənaye mühəndisliyi ixtisası üzrə İstanbul Texniki Universiteti (İTÜ), qida mühəndisliyi ixtisası üzrə isə Haccettepe Universitetinin proqramları əsasında aparılacaq.
İtaliya-Azərbaycan Universiteti
Ali təhsil müəssisələrinə qəbul nəticələrinə əsasən, İtaliya-Azərbaycan Universitetinə qəbul edilən ilk 200 bakalavr tələbəsi beynəlxalq təhsil təcrübəsi qazanacaq. 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə aşağıdakı ixtisalar üzrə qəbul aparılıb:
- Elektrik və elektronika mühəndisliyi (Turin Politexnik Universiteti ilə ikili diplom proqramı),
- Qida texnologiyaları (Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində təqdim edilir),
- Kənd təsərrüfatı texnologiyaları (Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində təqdim edilir),
- Memarlıq (*Milan Politexnik Universiteti ilə əməkdaşlıq çərçivəsində təqdim edilir),
- İnteryer dizayn (Milan Politexnik Universiteti ilə əməkdaşlıq çərçivəsində təqdim edilir)
Qida mühəndisliyi ixtisası üzrə keçid balı 468, Aqronomluq üzrə 300, Memarlıq üzrə 553, İnteryer dizaynı ixtisası üzrə - 244 ( qəbul V qrup və 300 bal üzərindən aparılıb) təşkil edib.
Göründüyü kimi hər üç ali təhsil müəssisəsinin tələbələri qəbulda yüksək bal toplayıblar. Müşahidə etdiyimiz hal budur ki, gənclər adıçəkilən ali təhsil müəssisələrinə böyük maraq və həvəslə müraciət ediblər.
Bu göstərici ölkəmizdə ali təhsilin əlçatanlığının artması, əhatə dairəsinin genişlənməsi, əmək bazarının tələbələrinə, dünya çağırışlarına uyğun olaraq yeni universitet modellərinin yaradılması, bunun da nəticəsində gənclərin ixtisas və universitet seçimi imkanlarının daha da yaxşılaşması deməkdir.
Ümumiyyətlə isə, rekord nəticənin əldə olunmasına təsir edən mühüm amillərdən biri ayrı-ayrı universitetlərimizin tələbələr üçün yeni ixtisaslar şəbəkəsinin genişləndirilməsi və cəlbediciliyin artırılmasıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkəmizin ali təhsil sistemi qarşısında “Ali təhsilin əlçatanlığının və əhatəliliyinin, o cümlədən dövlət sifarişi yerlərinin sayının artırılması” kimi hədəf durur.
2024-2025-ci tədris ili üzrə tələbə qəbulunun ilkin nəticələri isə bu vəzifələrə nail olmaq istiqamətində müşahidə etdiyimiz əhəmiyyətli irəliləyişdir.
Oruc MUSTAFAYEV
|
|
26.08.2024 | 16:03 | |
|
|
|