Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-Praktiki Konfrans keçirilib | |
Avqustun 16-da Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-Praktiki Konfrans keçirilib.
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər şəxslər iştirak edib.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq miqyasda nüfuzunu gücləndirir, eləcə də ölkəmizdə iri layihələrin sürətlə icrası davam etdirilir.
Qarabağ və digər ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə aparılan titanik layihələrə toxunan Baş prokuror işgaldan azad olunan şəhər və kəndlərimizin yenidən qurulduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycan Respublikasında keçirilməsi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq.
Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Qarabağda olan zəngin su ehtiyatlarından məhrum qaldığını vurğulayıb.
Bundan başqa, “BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulması xüsusi qeyd olunub.
Elmi-praktiki konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ermənistan tərəfindən metalların zəhərli tullantılarının həm Araz çayına, həm də “Şir arxı”na axıdılmasının burada olan yüzlərlə köçəri quş və balığın məhvilə nəticələndiyini, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsinin bu gün də davam etdiyini və bunun Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olmasını qeyd edib.
Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev, Azərbaycan Respublikası elm və təhsil nazirliyi aparatının rəhbəri Mətin Kərimli, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Baş Prokurorluğun idarə prokuroru Elşad Ağayev tərəfindən çıxışlar edilmiş və mövzu ətrafında səmərəli müzakirələr aparılıb.
Daha sonra, konfrans iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında vidoçarxlar izlənilib.
Sonda Baş Prokurorluq, Ekologiya və təbii sərvətlər nazirliyi və Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumuna uyğun olaraq təsis edilmiş "Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi" (ECOLEAD) layihəsinə Naxçıvan Dövlət Universitetinin tərəfdaş qismində qoşulmasına dair sənəd imzalanıb.
|
|
23.08.2024 | 10:00 | |
|
|
|