"Təhsildə gedən dəyişikliklər şagirdlərin əldə etdikləri bacarıqlara yönəlib" | |
"Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələlər deyil, məzmun və şagirdlərin əldə etdikləri bacarıqlara yönəlib".
Bu sözləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 5 il ərzində təhsilin bütün sahələrində əsaslı nailiyyətlər əldə edilib: "Təhsil ölkənin bütün əhalisi üçün əhatəliliyi, genişliyi, əlçatanlığı baxımından böyük əhəmiyyət kəsb edib. 11 ildir tətbiq olunan kurikulum əsasında şagirdlərə aşılanması vacib olan amillər arasında maliyyə savadlılığı da önəm kəsb edən istiqamətlərdəndir".
Nazir müavini qeyd edib ki, məktəblərdə tədris olunan Həyat bilgisi fənnində şagirdlər məhz bu yöndə müvafiq bilik və bacarıqlara yiyələnirlər: "Bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tətbiqi Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. Bu istiqamətdə müxtəlif miqyaslı maliyyə savadlılığının artırılması ilə bağlı layihələr həyata keçirilir".
Adıçəkilən layihənin məktəbyaşlı uşaqlar arasında keçirilməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva bildirib ki, əlbəttə, ilkin yaşda uşaqlarda maliyyə savadlılığı və sahibkarlıqla bağlı müvafiq bacarıqların formalaşdırılması onların gələcək həyatlarında, iqtisadi cəhətdən özlərinin təminatı baxımından mühüm rol oynayacaq: "Ona görə də bu qəbildən layihələrin gələcəkdə də tədbiqi nazirliyin marağındadır. Layihə tək Bakıda deyil regionlarda da tətbiq olunacaq. Nəticədə nazirliklə özəl təşkilatlar arasında bu istiqamətdə işin uzun olacağından xəbər verir". |
|
21.11.2018 | 13:20 | |
|
|
|