Peşə təhsili aldı, sahibkar oldu

Qənnadıçı-şirniyyatçı Pəri Rəcəbəliyeva Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarından biridir. Şirniyyata həvəsi uşaqlıqdan başlayıb. İndi deyəcəksiniz ki, şirniyyat sevməyən uşaqmı var? Amma bu uşaq yeməkdən çox, bişirməyə həvəs göstərib. Əli dəftər-kitab tutmadan naqqaş tutub. Kiçik barmaqları anasının bükdüyü şəkərburalara bəzək vurub. Yavaş-yavaş əlini alışdırıb. Bir də onu görüb ki, şirniyyatlarının dadı damağında qalanların əhatə dairəsi genişlənib.Pəri qohum-əqrəbadan sifariş götürüb şirniyyatlar hazırlayır: “Anam marağımı görüb həmişə köməyə çağırardı məni. Sonra ətrafımızdakılar - yaxınlar, qonşular da bişirdiklərimi sevməyə başladılar”.

 

Həvəskar şirniyyatçıdan peşəkara doğru

 

Pəri Rəcəbəliyeva Qəbələ şəhərində doğulub. Təhsilini də elə burada alıb, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində. Elə ətrafındakı insanların, şirniyyatını dadanların təklifi ilə təhsil almağa qərar verib, üz tutub Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə.

 

Həvəskar şirniyyatçı qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil almağa başlayıb: “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 6 aylıq təhsil müddətində yeni şirniyyatlar öyrəndim. Hər gün həvəslə gedir, çox maraqlı təcrübə və bacarıq qazanır, reseptlərimin siyahısını genişləndirirdim”.

 

34 yaşlı şirniyyatçı artıq həm də sahibkardır

 

Deyir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ona, sadəcə sevdiyi sənətin sənədini yox, həm də “Gülüm” Şirniyyat evinin də qapılarını açmaqda dəstək verib.Məhz mərkəzdəki təhsili sayəsində peşəkarlıq qazanıb, sahibkara çevrilib. Burada iştirak etdiyi layihə ilə özünün şirniyyat evini açıb: “Gənclərin Biznes Emalatxanası layihəsi keçirilirdi. COBİA ilə birlikdə keçirilən Gənclərin Bines Emalatxanası layihəsinə qatıldım. Qalib oldum və avadanlıqlar aldım”.

 

“Gülüm”

 

Aldığı avadanlıqlarla şirniyyat evini yaradıb: “Ötən ilin dekabrında öz şirniyyat evimi açdım”.

 

“Gülüm” şirniyyat evi adını Pərinin balalarının adından götürüb. Qızı Gülayın adının “Gül”ünü, oğlu Ümidin adındakı “üm”lə tamamlayıb üçüncü “bala”sına ad qoyub.

 

Şirniyyatçının ilk tortu

 

Pəri Rəcəbəliyeva hazırlamağa 1 saat sərf etdiyi tortu ilk dəfə özünün 20 yaşında bişirib:

 

“Tort haqqında məlumatım yox idi. Qayınanam bişirdiyi tortları onun kimi bişirməyə çalışaraq öyrəndim. İlk dəfə öz ad günüm üçün onun resepti ilə bişirdim. Qayınanam sadə biskviti ev kremi ilə bəzəyirdi. Mən onun bu reseptini çox genişləndirmişəm. Keçən il onun 60 illiyinə öz reseptimlə böyük tort bişirdim”.

 

Əvvəlcə özüm, sonra müştəri

 

20 yaşından -  ad günündən bəri Pəri Rəcəbəliyevanın həyatında da, əl qabiliyyətində də çox dəyişiklik - inkişaf olub: “14 ildə tortumun dadı çox dəyişib. Bişirdiyim şirniyyatın dadına əvvəlcə özüm baxıram. Tortlarıma hər dəfə bir yenilik qatıram, ancaq özüm dadına baxmadığım heç bir şirniyyatı müştərilərimə satmıram".

 

 

Peşəkarlar ailəsinə çevrildilər

 

Gənc yaşında evlənən Pəriyə qayınanası, həyat yoldaşı dəstək verib, o da uğurla təhsil alıb, artıq sahibkara çevrilib. Özünün bu seçimini indi başqalarına da tövsiyə edir. Deyir tam seçim zamanıdır, gənclər öz peşələrini seçib peşə təhsili müəssisələrinin birində oxusunlar, sonra nəinki peşəkar olsunlar, hətta öz işlərini, bizneslərini qursunlar: “Mən peşə təhsili alaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, sadəcə yaxşı şirniyyatçı yox, sahibkar olmağı da öyrəndim. 2022-ci ildə məzun olduğum peşə təhsili müəssisəsindən şirniyyatçı sahibkar kimi çıxdım. Məndən sonra elektrik montyoru olan yoldaşım da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu oldu”.

 

3 bölgədən olan 20 məzuna aktivlər verilib

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev gənclərə öz işini qurmaqda dəstək verən layihədən danışaraq gənclərin “Biznes emalatxanası”fikrinin hardan qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi ölkədə aztəminatlı ailələrə müəyyən qısamüddətli kurslar keçərək onlara aktivlərin verilməsini təmin edir: “Biz də düşündük ki, sahibkar olmaq arzusunda olub amma bu məqsədinə çata bilməyənlər var.  Ona görə də bir təşəbbüslə çıxış etdik. Qarşılıqlı öhdəliklərin əksini tapdığı bir memorandum imzaladıq. Məzunlarımız arasında seçilənlər Məşğulluq Agentliyinin meyarlarına uyğun olaraq qiymətləndirilirdilər. İndiyə qədər - Qəbələ, Cəlilabad və Ağdam daxil olmaqla 3 bölgədən olan 20 məzuna aktivlər verilib”.

 

Ruhiyyə DAŞSALAHLI



23.08.2024 | 10:00