Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər
14-22 avqust 2024-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində 8-ci dəfə təşkil edilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (ejoi2024.gov.md) keçirilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirlib ki, sözügedən müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək medallarla geri dönürlər. Belə ki, Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı şəhəri, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.
 
Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.
 
Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal qazanıblar.


22.08.2024 | 11:22