Kənd məktəblərini seçən xaricdə təhsil almış, respublika çempionu olan müəllimlər - REPORTAJ | |
Uşaqlıqdan müəllimi, əsasən, sual verən tərəf kimi görməyə öyrəşmişik. Amma bu dəfə müəllimlər onlara ünvanlanan sualları cavablamağa, intellektual səviyyələrini nümayiş etdirməyə gəliblər. 161 nömrəli məktəbin qarşısında sözün əsl mənasında, izdiham hökm sürür. Biri valideyni, biri həyat yoldaşı, digəri isə övladı ilə binanın önündə dayanıb. Onların hamısının bir məqsədi var. Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin müsahibə mərhələsindən uğurla keçib, yeni tədris ilində ilk şagirdlərinin qarşısına çıxmaq. Bizim də məqsədimiz bəllidir. "Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" - deyib, müsahibə mərhələsi ilə bağlı prosesin necə təşkil olunduğunu oxucularımızın diqqətinə çatdırmağa gəlmişik.
Məktəbin yan tərəfində diplomunu sinəsinə sıxıb dayanan bir xanım diqqətimi çəkir. Elə həyəcanlıdır ki, yaxınları onu sakitləşdirmək üçün nə qədər cəhd göstərsələr də, kifayət etmir. Özümdən asılı olmayaraq, vəziyyəti müşahidə edə-edə onlara yaxınlaşıram. Niyə bu qədər həyəcanlı olduğunu soruşuram. Axı, bundan daha çətin və məsuliyyətli olan test imtahanı mərhələsindən uğurla keçib. Mənimlə razılaşmır, deyir ki, ikinci mərhələ daha vacibdir, çünki kompüter önündə əyləşib düzgün bəndləri işarələməklə, kamera və komissiya üzvləri qarşısında fikirlərini ifadə etmək eyni deyil. Anası da onu təsdiqləyir, deyir ki, belə anlarda bildiyini də unudur.
Bir neçə addımlığımızda təlaş hissindən tamamilə uzaq bir namizəd dayanıb. Elə ürəklə danışır ki, yaxınlaşıb həmsöhbət olmaq, təəssüratlarını öyrənmək istəyirəm. Hərhalda müsahibə üçün yaxınlaşdığımı sezir və hələ mən soruşmadan özünü təqdim edir.
Bərdə rayonundan müsahibə mərhələsi üçün gələn Bəylər Əliyev deyir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya müəllimliyi ixtisasını bakalavr, Düzcə Universitetində təhsil proqramları və tədris mütəxəssisi ixtisasını isə magistratura səviyyəsi üzrə bitirib: “MİQ-in test imtahanından 65 bal toplayaraq Bərdə rayonunda vakant yerə qəbul olmuşam. Müsahibə mərhələsinə isə təhsil aldığım müddətdə öyrəndiyim səriştələr vasitəsilə hazırlaşmışam.
Əlavə olaraq öz üzərimdə işləməyi sevirəm, ölkəmizin tarixi, mədəniyyəti, elmi barədə daim araşdırmalar edirəm. Türkiyədə təhsil aldığım müddətdə isə təhsil proqramlarının tətbiqinin dünya təcrübəsindəki yeri ilə tanış olmuşuq. Hədəfim gələcəkdə Azərbaycan təhsilində yeniliklər etməkdən, yeni iz buraxmaqdan ibarətdir”.
B.Əliyev deyir ki, müəllim şagirdlərlə daim ünsiyyətdə olduğu üçün məlumatlı olmalı, öz üzərində çalışmalıdır.
Söhbətimizin bu yerində qapılar açılır və iştirakçıları növbə ilə içəri qəbul edirlər. Onlarla bir yerdə biz də içəri keçirik. Əvvəlcə namizədlərin müvafiq sənədləri yoxlanılır. Elə bu dəm qeydiyyat şöbəsinin yanında dayanan gənc xanımın bir yumub, beş tökdüyünün şahidi oluram. Öyrənirəm ki, magistratura diplomunu gətirməyi unudub.
Bu unutqanlığın xoşagəlməz nəticəsini düşünürəm, ancaq ehtimal vermirəm ki, belə kiçik bir məqama görə imtahana buraxılmasın. Bir neçə dəqiqə sonra qeydiyyat şöbəsinə nəzarət edən nümayəndə yaxınlaşıb, xanımın imtahanda iştirak edə bilməyi üçün lazımi köməyin göstərilməsini tapşırır. Xanımın qorxu içində qızarmış gözlərini indi sevinc bürüyür. İri addımlarla imtahan zalına gedir. Mən də onu izləyirəm.
Müsahibədə iştirak etmiş namizədlərdən biri artıq zaldan çıxır. İngilis dili üzrə imtahan verən Mətanət Quliyeva deyir ki, MİQ-in test imtahanından 83,75 bal toplayıb: “Azərbaycan Dövlət Xarici Dillər Universitetində təhsil almışam. Hazırda Ağdam rayon orta məktəbində çalışıram. Müsahibədən keçdiyim halda bundan sonrakı fəaliyyətimi Ağdam rayon Üçoğlan kənd məktəbində davam etdirəcəyəm. Əvvəlcədən müəllim kimi çalışdığım üçün imtahanlara xüsusilə hazırlaşmamışam. Bütün suallar ixtisasımla bağlı idi”.
M.Quliyeva deyir ki, müəllim şagirdlərlə dost olmalı, onların qəlbini qazanmalıdır: “Hər bir ixtisası ilə bağlı bilgiləri dərindən mənimsəməli, ümumi dünyagörüşünə malik olmalıdır. Ancaq bütün proseslərdən məlumatlı ola bilmərik. Unutmaq olmaz ki, müəllim də hər şeydən əvvəl insandır, həyəcanlandığı anlar da ola bilər”.
Zala yaxınlaşıb prosesi müşahidə edirəm. Müəllimlərdən birinin nitqi xüsusi diqqətimi çəkir. Hiss edirəm ki, komissiya üzvləri də bu düşüncədədir, böyük bir maraqla sözünü kəsmədən dinləyirlər. Müsahibəsini bitirənə qədər gözləyib, onunla həmsöhbət oluram.
Masallı rayon kənd məktəbinin müəllimi Azad Mustafayev deyir ki, bu, imtahana ikinci gəlişidir: “Lənkəran Dövlət Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil almışam. 3 ildir ki, Masallı rayon N.Nərimanov adına 2 saylı tam orta məktəbin müəllimiyəm. Bu dəfə imtahana gəlişimin səbəbi başqa bir məktəbdə də müəllim kimi çalışmaq istəyimdir. Qəbul olsam, Masallı rayon Ərəb kənd orta məktəbində fəaliyyətə başlayacağam. MİQ-in test imtahanından isə 83,25 bal toplamışdım.
Müsahibə mərləhəsindən olduqca razı qaldım. Komissiya üzvləri namizədlərə xoş münasibət göstərir. Həm test imtahanı, həm də müsahibə sualları kifayət qədər maraqlı və düşündürücü idi, çox gözəl hazırlanmışdı. Müsahibədə həm dünyagörüşü, həm ixtisasımız, həm də kurrikulumla bağlı suallar verildi”.
Bu gün ikinci iş yeri üçün imtahana gələn müəllimlərimiz arasında Tovuz rayon Şamlıq kəndinin texnologiya və təsviri incəsənət müəllimi Vüsalə Xəlilova da var: “Azərbaycan Dövlət Pedaqoji Universitetində peşə təlimi üzrə ali təhsil almışam. Hazırda Builki MİQ imtahanında 66 bal toplayaraq Hacılar kənd tam orta məktəbində vakant yerə uyğun görülmüşəm. Həm MİQ-in test imtahanında, həm də müsahibə mərhələsində nəzərdə tutulmuş mövzulardan kənar hansısa bir sual yoxdur, deyə düşünürəm”.
Vüsalə müəllim deyir ki, o öz peşəsinin vurğunudur: “Müəllim qarşısındakı şəxslə empatiya qurmağı, maksimum şəkildə güzəştə getməyi bacaran bir şəxsdir. Müəllim hər bir şagirdə öz övladı kimi yanaşmalı, ona həm elm verməli, həm də nizam-intizamına, xarakterinin formalaşmasına nəzarət etməlidir. Buna görə də mən müəllimlərimizin ixtisas və psixoloji vəziyyətlə bağlı imtahan verməsini zəruri hesab edirəm. MİQ imtahanı bütün bu amilləri tətbiq edə bilən müəllimləri üzə çıxarmaq üçün vacibdir”.
Müsahibəyə öz əl işləri ilə gələn xanımın narahatlığı xüsusi nəzərə çarpır. Onu bir az da olsa, sakitləşdirmək adına yanında əyləşirəm. Zarafatyana tərzdə, rəsmləri təqdim etmək bu qədər həyəcanlıdırsa, onları çəkmək necədir görəsən, - deyə soruşuram. Bayaqdan ağzını bıçaq açmayan Nazima xanım gülümsəyərək deyir ki, ən azından rəsmi hazırlayanda adamın əlləri titrəmir. Həyəcanının dağılması üçün fəaliyyəti və gələcək planları barədə soruşuram.
Nazima İsmayılova Şəki Dövlət Regional kollecinin təsviri incəsənət müəllimiyi ixtisasını bitirib: “MİQ-in test imtahanından 72 bal toplayaraq Zaqatala rayon Yolayrıc kənd tam orta məktəbində vakant yerə qəbul oldum və müsahibədə iştirak şansı əldə etdim. Bu mərhələdən də uğurla keçəcəyimə inanıram.
Təsviri incəsənət sahəsinə uşaqlıqdan böyük marağım var idi. Ona görə də test imtahanı üçün 5 ay hazırlaşdım, müsahibə mərhələsi üçün isə yanlız özüm məlumatlar əldə etmişəm”.
Söhbətimizi bitirib qapıya doğru gedirik. Müsahibə zalından bir xanım iri addımlarla pilləkənlərə tərəf gedir. Yaxasında medal olduğunu görüb, müsahibə üçün dayandırmaq istəyirik. Bir neçə saniyə ayaq saxlayıb deyir ki, rayona gedən avtobusa çatmaq üçün tələsir. Yaxasındakı medalın nə ilə bağlı olduğunu soruşuram. Respublika çempionu olduğunu, müsahibəyə də fiziki tərbiyə ixtisasından imtahan verməyə gəldiyini bildirir.
Həmkarım Aytəkin də yanımdadır. Müəllimliyə namizədin təlaş içərisində olduğunu görüb, təşvişini azaltmaq üçün zarafatla deyir ki, biz elə bilirdik ki, siz çempionlar ancaq finiş nöqtəsinə çatmaq üçün qaçırsınız. Xanım arxaya dönüb gülümsədi və bütün çempionlar kimi fikrini yayındırmadan qaçmağa davam etdi.
Pilləkənlərdən düşəndə Bəylər müəllimin bizi səslədiyini eşidib ayaq saxlayırıq. Bəli, ona artıq müəllim demək olar, çünki müsahibədə komissiya üzvləri özünü təqdim etmə və digər sualları cabablandırmağından olduqca razı qalıblar. Bəylər müəllim müsahibənin uğurlu keçməsinin verdiyi rahatlıq hissi ilə söhbətimizin əvvəlində söylədiyi fikirləri bir daha vurğulayır: “Təhsilin tətbiqi sahəsində yeniliklər edib şagirdlərimizin inkişafı üçün çalışacağam”.
Bu gün imtahanda müəllim adını qazanmaq istəyən digər müəllimlərin də Bəylər müəllim kimi bir arzusu var. Öz bilik və bacarıqlarını şagirdlərinə ötürmək. Onlar öyrətməyi sevdikləri qədər, öyrənməyə də can atırlar. Daim yenilikləri öyrənmək, bütün sahələrdən məlumatlı olmaq kimi böyük bir məsuliyyəti çiyinlərində daşıyan müəllimlərimizin əməkləri əvəzedilməzdir.
Bu mənada milyonlarla insan müəllim adının ziyasından işıq alır. Bu ad bizə əlimizdən qələm tutaraq ilk dəfə ana, vətən kəlmələrini yazdırıb. Vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu adın qarşısında baş əyir. Ümummilli lider Heydər Əliyev də müəllim adının müqəddəsliyini daim vurğulayıb. Müəllim yeni təfəkkürlə böyüyən gənc nəslin mənəvi aləminin əsl memarıdır. Mustafa Kamal Atatürkün dediyi kimi, əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir.
Müəllim uşaqlığımızdan qocalanadək hər birimizin təfəkküründə saf, təmiz duyğulara malik bir şəxsiyyət kimi qalmaqdadır. Bəlkə buna görə, çoxumuz hətta məktəbi bitirdikdən sonra da öz müəllimlərimizdən məsləhət alırıq. Amalı hər zaman cəmiyyətə faydalı bir vətəndaş yetişdirmək olan, uğur yolumuza bələdçilik edən müəllimlərimizə məsuliyyətli və şərəfli peşənin ilk addımlarında uğurlar arzu edirik!
Günel ABBAS
Foto: Kənan QAFAROV
|
|
22.08.2024 | 10:26 | |
|
|
|