“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlərin ikinci mərhələsi yekunlaşıb
Ümumi təhsil müəssisələrində metodik fəaliyyətin təşkili məqsədilə ARTİ tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində keçirilən metodist hazırlığı təlimlərinin ikinci mərhələsi yekunlaşıb.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, təlimlərdə iştirak edən müdavimlər sertifikasiyadan müvəffəqiyyətlə keçmiş Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat fənlərini tədris edən müəllimlər olub.
 
Təlimlərin keçirilməsinin əsas məqsədi ümumi təhsil müəssisələrində fəaliyyətə başlaması nəzərdə tutulan metodistlərin metodiki və pedaqoji bacarıqlarının təkmilləşdirilməsi, müəllimlərə metodiki dəstəyin göstərilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması, münbit öyrənmə mühitinin yaradılması olub. Təlimdə metodik xidmətin effektiv təşkil edilməsi üçün vacib olan müxtəlif modullara uyğun fəaliyyətlər təşkil olunub.
 
Təlimin əsas komponentlərinə dərsin planlaşdırılması və məktəbdaxili qiymətləndirmə, effektiv sinif idarəetmə üsulları, müxtəlif öyrənmə ehtiyaclarına uyğunlaşdırılmış innovativ tədris metodları, oxuyub-anlama bacarıqlarının inkişafı, səmərəli, sağlam emosional öyrənmə mühitinin yaradılması və qorunması, dərsdinləmənin təşkili və rəyvermə, müəllimlərə diferensial metodik dəstəyin göstərilməsi strategiyaları və s. daxil olub.
 
Təlim boyu aparılan interaktiv müzakirələr, keçirilən praktiki tapşırıqlar və situasiya simulyasiyaları müdavimlərin metodiki bacarıqlarının inkişafı, məktəblərdə bu bacarıqların tətbiqi, metodiki dəstəyin göstərilməsi üçün nəzərdə tutulub. Müdavimlər müzakirə prosesində aktiv iştirak edib, təcrübə mübadiləsi aparıblar.
 
Qeyd edək ki, “Müasir metodist” layihəsi üzrə metodist hazırlığı təlimlərinin davamı nəzərdə tutulur.


21.08.2024 | 12:21