Almaniya universitetinin tələbələri Coğrafiya İnstitutunda olublar | |
Almaniyanın Gissen şəhərindəki Yustus Libix Universiteti ilə AR Elm və Təhsil Nazirliyinin H.Ə. Əliyev adına Coğrafiya İnstitutu arasında bağlanmış memoranduma əsasən Almaniya universitetin tələbələri - Florian Behrens və Gülay Göktaş Coğrafiya İnstitutunda olublar.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər DAAD (Alman Akademik Mübadilə Xidməti) fondunun maliyyə dəstəyi ilə “Management of Geoparks in the southern Caucasus” (Cənubi Qafqazda geoparkların idarə edilməsi) layihəsi çərçivəsində baş tutub.
İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova tələbələrə İnstitutun tarixi, elmi fəaliyyəti və son dövrlərdə görülən elmi işlər barəsində geniş məlumat verib, yeni nəşrlərlə onları tanış edib.
Tələbələr iki həftə ərzində Coğrafiya İnstitutunda elmi-tədqiqat işi ilə məşğul olacaq, eləcə də Azərbaycanda geoparkların yaradılması üçün potensial və geoturizm imkanları yüksək olan ərazilərə səfər edəcəklər. Səfər proqramı çərçivəsində tələbələrin Samur-Yalama və Hirkan Milli Parklarına, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Altıağac Dövlət Təbiət Qoruğu və digər ərazilərə ezam olunması nəzərdə tutulub.
Tədqiqat işinin yekun mərhələsində tələbələr Azərbaycanda tanış olduqları ərazilərdə geoparkların təşkili, geoturizmin müasir vəziyyəti, inkişafı və digər məsələlər haqqında hesabat hazırlayacaq, topladıqları məlumatlar əsasında Verilənlər Bazası yaradacaqlar.
|
|
19.08.2024 | 14:58 | |
|
|
|