“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları NORM ASC-nin istehsalat zavodunu ziyarət ediblər
Təhsilin İnkişafı Fondu (TİF) və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan NORM ASC-nin istehsalat zavoduna sahə turu təşkil edilib. 
 
TİF-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, sahə turuna başlamazdan əvvəl iştirakçılar Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) qaydaları barədə məlumatlandırılıblar. Daha sonra onlar yüksək standartlara cavab verən və müasir avadanlıqlarla təchiz olunmuş sement və beton laboratoriyaları ilə tanış olublar. 
 
Səfərin məqsədi tələbələri zavodun iş mühiti və burada baş verən proseslərlə tanış etmək olub. Sahə turunun sonunda isə tələbələr sementin istehsal olunma prosesini izləyiblər.
 
Xatırladaq ki, “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində 50 uğurlu tələbə qız aylıq təqaüd ödənişləri ilə təmin olunur. Bundan əlavə, onlar təcrübə, mentorluq və dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış kimi imkanlardan yararlanırlar.


16.08.2024 | 12:54