Səbuhi Rzayev: Hər bir universitetin "LinkedIn" hesabının olması vacibdir

Əvvəlki yazımızda “LinkedIn” platformasının tələbələr üçün üstünlükləri və faydalı cəhətlərindən bəhs etmişdik. Bu dəfə isə daha çox ali təhsil müəssisələri üçün “LinkedIn”in istifadə imkanlarından danışacağıq.

 

Qeyd edim ki, hazırda 830 milyondan çox aktiv istifadəçisi olan “LinkedIn” işaxtaranlar, işəgötürənlər, beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlar, QHT-lər, tələbə və məzunlar, həmçinin ali təhsil müəssisələri üçün faydalı resurs olmaqla yanaşı, müxtəlif formalarda bir çox maraqlı tərəfləri əlaqələndirən, onlara şəbəkələşmə üçün səmərəli mühit yaradan, şəxsi inkişafa həvəsləndirən platformadır.

 

Azərbaycanda “LinkedIn” istifadəçilərinin sayı təxminən 830 min nəfərdən çoxdur. Lakin qonşu dövlətlər və əhali sayının ölkəmizə bənzər olduğu ölkələrlə müqayisədə bu say bir qədər aşağıdır. Belə ki, qonşu Gürcüstanda əhali sayı Azərbaycandan təxminən 3 dəfə az olsa da, bu platformadan istifadə edənlərin sayı 650 mindir ki, bu da əhali sayına nisbətdə 17-18% aktiv istifadəçi deməkdir. Müqayisə üçün Azərbaycanda bu faiz təxminən 8-9% arasındadır. Digər bir nümunə: əhalisinin sayı ölkəmizə yaxın olan Yunanıstan, Çexiya, Portuqaliya və Macarıstan kimi ölkələrdə müvafiq olaraq 2.4, 2.4, 4.3 və 1.6 milyona yaxın “LinkedIn”istifadəçisi mövcuddur.

 

Ölkəmizin ali təhsil müəssisələrində məzun platforması sistemi, təəssüflər olsun ki, hələ də arzuedilən səviyyədə inkişaf etməyib. Bu inkişafa isə müəyyən mənalarda ehtiyac var. Bunlardan ən birincisi, universitetlərin məzun birliklərinin formalaşdırılması və onların hazırda təhsil alan tələbələrə dəstək göstərməsindən ibarətdir. Bunun üçün isə “LinkedIn” ən səmərəli vasitələrdən biridir.

 

Bildiyimiz kimi, Azərbaycan universitetlərinin son illərdə dünya arenasında tanınması, beynəlxalq qiymətləndirmə və reytinq sistemlərində ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması təhsilin qarşısında duran əsas hədəflərdəndir. Beynəlxalq sistemə uyğunluğun önəmli bir hissəsi də eyni kateqoriyadakı uğurlu qurumlarla əməkdaşlıqdır.

 

“LinkedIn”hesabı ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

 

1)  Universitetin fəaliyyətinin nümayiş etdirilməsi və potensial tələbələrin cəlbi

Araşdırmalar göstərir ki, “LinkedIn” platformasında hazırda 129 mindən çox təhsil müəssisəsi qeydiyyatdan keçib. “Forbes”ə görə, “LinkedIn”dən istifadə edən 40 milyondan çox tələbə və yeni məzun var. Bu platforma həmin tələbələrə sadəcə karyera istiqamətində yox, həmçinin tələbə-məzun əlaqələrinin qurulmasında, universitetlərin məzunlar və digər qurumlarla (təhsil müəssisələri, özəl şirkətlər, beynəlxalq təşkilatlar və s.) əlaqə yaratmasında köməklik göstərir. “LinkedIn”universitetlərin özəl şirkətlərlə tələbələrin karyera istiqamətində fəaliyyətlərinə dəstək, korporativ sosial məsuliyyət layihələrinin icrası və s. mövzularda uğurlu əməkdaşlıqlar yaratmasını təşviq edir, həmçinin onlara yeni, xüsusilə də əcnəbi tələbələrin cəlbi üçün əlverişli fürsətlər yaradır. Buna görə də “LinkedIn” ali təhsil marketinqi üçün əla fürsətdir. Təbii ki, bunun üçün müntəzəm olaraq “LinkedIn”də ali təhsil müəssisənizin unikal cəhətlərini vurğulayan keyfiyyətli məzmunlar hazırlamaq lazımdır.

 

Universitetinizin “LinkedIn” səhifəsini maksimum faydalı etmək üçün bunları edə bilərsiniz:

 

        - universitet reytinqləri, kampusun virtual turları, müraciət və qeydiyyat prosesi haqqında məlumat, universitet həyatına dair görüntülərlə gələcək tələbələri universitet haqqında məlumatlandırmaq;

        - kampus xəbərləri, müxtəlif fəaliyyət və təşəbbüslərlə universitet ab-havası, tələbə mühiti, tələbə-müəllim münasibətlərini vurğulamaq;

        - tələbə və məzunların universitet barədə təəssüratlarını paylaşmaq;

        - tələbə və müəllimlərin akademik, tədqiqat və dərsdənkənar nailiyyətlərini nümayiş etdirmək.

 

Əlavə olaraq, universitetlər üçün məzmun marketinq plang ilə tanış ola bilərsiniz.

 

2)  Hədəf qruplarının əlçatanlığı üçün “LinkedIn” təşviq alətlərindən istifadə

Hədəf qruplarının əlçatanlığı üçün “LinkedIn” təşviq alətləri ilə buradan tanış ola bilərsiniz. Universitetin “LinkedIn” səhifəsindən effektiv istifadə etməklə yeni professor-müəllim və inzibati heyəti işə götürmək, bununla da ixtisaslı kadrlara əlçatanlığı artırmaq mümkündür. Beləcə, yeni iş elanları üçün reklam və işə qəbul prosesi birbaşa universitetinizin səhifəsi vasitəsilə idarə oluna bilər.

 

3) Tələbə və məzunların izlənilməsi  imkanı

“LinkedIn”dəki universitet səhifəniz hazırda müəssisədə təhsil alan tələbələrə universitet həyatı ilə bağlı məsləhətlər vermək, həmçinin karyera və inkişaf imkanlarını vurğulamaq üçün də geniş sosial media strategiyanızın bir parçası ola bilər.

 

Məzunlarla universitetin “LinkedIn” səhifəsi vasitəsilə əlaqə qurmaq, onların şəbəkələşməsini təmin etmək hər bir ali təhsil müəssisəsi üçün müsbət fəaliyyətdir. Belə ki, ali təhsil müəssisələrinin “LinkedIn” səhifəsindəki “Alumni” bölməsi vasitəsilə hazırda universitetdə oxuyan və ya məzun olan tələbələri görmək, onları bu platformada müəyyən etmək mümkündür. Bununla yanaşı, “Alumni” bölməsi vasitəsilə universitet hazırda məzunlarının harada işlədiyi, hansı bacarıqlara sahib olduğu və hansı sahələrə maraq göstərdiyi barədə dataya sahib ola bilər.

 

Beləliklə, hər bir universitetin yaxşı hazırlanan “LinkedIn” səhifəsi tələbə və məzunların öz səhifələrində oxuduqları və ya məzun olduqları ali təhsil müəssisəsini qeyd etmələrinə şərait yaradacaq. Bu, həm universitet üçün piardır, həm də tələbə və məzunların şəbəkələşməsinə kömək edir.

 

Hesab edirəm ki, “LinkedIn” platforması həm bu istiqamətlərdə, həm də xarici universitetlərdəki professor-müəllim heyətinin yerli universitetlərimizlə əməkdaşlığa cəlb edilməsində effektiv kommunikasiya vasitəsi ola bilər.

 

Səbuhi RZAYEV,

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri

 



16.08.2024 | 10:07