Hökumətlərarası Təqaüd Proqramı: Gənclər üçün geniş imkanlar

Biri kənddə doğulub, biri şəhərdə. Biri ucqar kənd məktəbinin məzunu, biri isə paytaxt məktəbinin yetirməsidir. Amma biri-birindən məsafəcə fərqli yerdə yetişən bu iki gənc Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin icra etdiyi Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alacaqlar.

İbrahim Qasımlı: “Öz biliklərimi gənc tələbələrlə bölüşməyi və yeni ixtiralarla elmə töhfələr verməyi hədəfləyirəm”

 

İbrahim Qasımov 2001-ci ildə Naxçıvanda, Sədərək rayonunun Sədərək kəndində anadan olub.Məktəbə Sədərək kəndindəki 1 nömrəli tam orta məktəbdə getsə də, Şərur şəhər Fizika-riyaziyyat təmayüllü liseyindən məzun olub. Dediyinə görə, orta məktəb illərində fizika və riyaziyyata xüsusi marağı vardı. Bu sevgisi sayəsində 2015-ci ildə Şərur şəhər Fizika-riyaziyyat təmayüllü liseyinə birinciliklə qəbul olunub və həmin liseyi 2018-ci ildə qızıl medalla bitirib: “Liseyin şagirdi kimi bir neçə riyaziyyat olimpiadasında iştirak etdim və həm qızıl, həm gümüş medallar qazandım”.

 

Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə alan İbrahim Qasımov məktəbdəki uğurlarını universitetdə də davam etdirib: “657 balla universitetə qəbul olundum. Dördillik bakalavr təhsilim ərzində onlarla təcrübə və təlim proqramlarında iştirak etdim. Eyni zamanda, boş vaxtlarımda uşaqlarla işləyir, fizika üzrə bildiklərimi şagirdlərlə bölüşür, fizikanı onlara da sevdirməyə çalışırdım. Özümə şüar da seçmişdim, “Öyrədərək Öyrən!” prinsipi ilə şagirdlərə fizikadan bilik və sevgi ötürür, özüm də biliklərimi möhkəmləndirir, dərinləşdirirdim”.

 

Biliyini dərinləşdirmək sevdası ilə yolunu bir az uzaqlara salıb. Adından da göründüyü kimi, “uzaq yol!” Nail olmaq o qədər də asan olmayıb: “Təhsilimi daha da dərinləşdirmək məqsədilə magistraturanı xaricdə almağa qərar verdim. Çox zəhmət çəkdim, arzuladım və arzuma çatdım. 2022-ci ildə ən çox arzuladığım Pekin Texnologiya İnstitutunun “Avtomatik idarəetmə elmləri və mühəndisliyi” ixtisası üzrə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin icra etdiyi Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində qəbul aldım. İnanın  ki, sevincimin hədd-hüdudu yox idi. Nəinki Çində, hətta bütün dünyada ən nüfuzlu araşdırma və texnologiya universitetlərindən birinə qəbul olunmuşdum. Buradakı ikiillik təhsil müddətində dərin mühəndislik və riyazi biliklərə yiyələndim. “İnsansız Uçuş Aparatları” üzrə araşdırma qrupunun rəhbəri seçildim və 2024-cü ildə universiteti uğurla bitirdim”.

 

Hökumətlərarası Təqaüd Proqramı ilə Çində təhsil almağın ən böyük üstünlüklərindən biri də öyrəndiyi dil olub: “Dil biliklərimə beşinci dili, yəni Çin dilini əlavə etdim.  HTP proqramının mənə verdiyi imkanlar sayəsində bu təhsildən gözləntilərimdən daha çoxunu əldə etdim.

 

Qazandığım praktiki və elmi təcrübələri vətənimdə texnologiyanın və sənayenin inkişafı üçün tətbiq etmək planları qururdum. Professorlarımın və ailəmin məsləhətləri ilə insanlığa və elmə daha faydalı işlər görmək məqsədilə doktorantura təhsilinə davam etmək qərarına gəldim. Yenidən Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çində doktorantura proqramına müraciət etdim və bütün mərhələləri uğurla tamamlayaraq Pekin Texnologiya İnstitutunun “Avtomatik idarəetmə elmləri və mühəndisliyi” ixtisası üzrə doktorantura proqramına qəbul oldum. Hazırda bu təhsili uğurla başa vurmağı və prinsipimə sadiq qalaraq, öz biliklərimi gənc tələbələrlə bölüşməyi və yeni ixtiralarla elmə töhfələr verməyi hədəfləyirəm”.

 

İbrahim Qasımov deyir ki, həyatı boyu ona ən böyük uğuru fizika və riyaziyyata olan sevgisi qazandırıbsa, arzularının arxasınca düşmək cəsarətini dövlətdən alıb: “Ucqar, dağlıq bir Sədərək kəndindən Çinin paytaxtı Pekinə uzanan bir təhsil həyatım olub və bütün təhsil müddətimdə qazandığım uğurlara görə dövlətimizin təhsilə verdiyi diqqətə və ailəmin dəstəyinə borcluyam. Gələcəkdə bu etimadı ölkəmizdə sənayenin, texnologiyanın və elmin hər bir sahəsində xidmət edərək doğrultmağa çalışacağam”.

 

Leyla Qəmbərzadə: “Azərbaycan elmi mənzərəsinə innovativ perspektivlər gətirmək üçün bu imkanı dəyərləndirəcəyəm”

 

Leyla Qəmbərzadə 2002-ci ildə paytaxtda doğulub. Bakı şəhər 18 nömrəli tam orta məktəbin məzunudur. Bakalavr təhsilini də bu şəhərdə alıb. Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxuyub. “Biologiya” ixtisası üzrə III kurs tələbəsi olanda magistratura haqqında düşünməyə başlayıb: “Təhsilimi xaricdə davam etdirmək arzumu ailəmlə bölüşdüm. Etiraz edəcəklərini düşünmürdüm. Gözlədiyim kimi də oldu, qərarımın doğru olduğunu, bu yolda məni tam dəstəklədiklərini bildirdilər”.

 

Ailəsindən güc alan Leyla Qəmbərzadə dövlətin də dəstəyini almağa çalışıb: “Tam təqaüdlü magistr təhsili üçün tələb olunan şərtlərlə maraqlandım, xüsusilə Çində oxumağı arzulayırdım. Hökümətlərarası təqaüd proqramı çərçivəsində təhsil almaq üçün göstəricilərim uyğun gəlsə də, sosial aktivliyimin olmadığının fərqinə vardım. Sadəcə 1 il vaxtım qaldığından hərəkətə keçdim. Azərbaycanda könüllülük fəaliyyətləri və ixtisasımla əlaqəli praktiki dərslərlə maraqlandım. Kənd Təsərrüfatı Nazirliyində Bitkiçiliyin təşkili və monitorinqi şöbəsində çox uğurlu könüllülük fəaliyyəti göstərdim. Məsələn, məhsuldarlığı artırmaq məqsədi ilə tədqiqatlar apardım, fermerlərlə əməkdaşlıq qurmağı öyrəndim. Başqa sözlə, həm ali təhsildə qazandığım bilikləri tətbiq və nümayiş etdirdim, həm də təhsil aldığım sahədə praktik təcrübə qazandım. Nəticədə, biologiyadakı problemlərə daha geniş perspektivdən yanaşmağa başladım”.

 

O, “İnsan Genomu Layihəsi”nə də qoşulub və fəallığı ilə qısa müddətdə orada da diqqət çəkib: “Tanınmış elmi-tədqiqat institutlarında genetik araşdırmalara qoşulmağım genlər və xəstəliklər haqqında biliyimi əhəmiyyətli dərəcədə genişləndirdi. Bu təcrübələrdə həm nəzəri biliklərimi dərinləşdirdim, sürətli düşünmə və problem həlletmə bacarıqlarımı da inkişaf etdirdim. Bu da mənə genetik resursları ətraflı araşdırmağa, onların tətbiqini nəzərdən keçirməyə imkan verdi. Bu zəngin təcrübələrin birbaşa nəticəsi olaraq özgüvənim artdı və bioloji elmlərdə irəliləyişlərə töhfə vermək arzum baş qaldırdı”.

 

Leyla onun inkişafında çox böyük rolu olan daha bir təcrübəsini də bölüşüb: “Akademik fəaliyyətimdən əlavə, Türkiyədə “Health and Education Together” təşkilatı ilə bir ay müddətində “European Solidarity Corps” könüllüsü olaraq çalışmaq şansım oldu. Xərçəng və sağlam həyat tərzi ilə bağlı təlim, təhsil və məlumat yayımına yönələn bu təcrübə onkologiya sahəsində təhsil və dəstəyin əhəmiyyətli rolunu dərk etməyimə səbəb oldu”.

 

Çində təhsil onun inkişafına təsir edəcək başqa əlaqələrə də səbəb olacaq: “Azərbaycan və Çin arasında Hökumətlərarası Dövlət Proqramında iştirak etmək mənim üçün əhəmiyyətli bir fürsətdir. Bu proqram təkcə ölkələr arasında körpü rolunu oynamır, həm də mədəni mübadilə üçün unikal bir şans yaradır. Bundan əlavə, Çin mədəniyyətinə dərindən bələd olmaq və yerli tələbələrlə uzunmüddətli əlaqələr qurmaq, zəngin tarixi araşdırmaq və mədəni tədbirlərdə iştirak etmək ümumi təhsil təcrübəmə həyəcan qatacaq”.

 

Leyla Qəmbərzadənin Çində təhsilini tamamladıqdan sonrakı dönəm üçün də planları hazırdır: “Bu proqram vasitəsilə biofizika üzrə magistr dərəcəsini bitirdikdən sonra, Azərbaycana qayıtmaq,  əldə etdiyim bilik və bacarıqları elmi ictimaiyyətlə bölüşmək, bu sahəyə töhfələr verməyə yönəltmək arzusundayam. Biofizika üzrə çalışmaq və ümidverici karyera trayektoriyası qoymağı hədəfləyirəm. Azərbaycana qayıtdıqdan sonra əsas məqsədlərimdən biri, biofizika tədqiqatlarında fəal iştirak etməkdir. Yerli tədqiqat institutları və mütəxəssislərlə əməkdaşlıq edərək, bioloji proseslərin anlaşılmasını və onların tətbiqlərini irəlilədən qabaqcıl layihələrə töhfə verməyi hədəfləyirəm. Azərbaycan elmi mənzərəsinə innovativ perspektivlər gətirmək üçün mənə verilmiş bu imkanı dəyərləndirəcəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



16.08.2024 | 09:30