Rəsədxanada şəhid və qazi övladları üçün düşərgə təşkil olunub
10-14 avqust tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) dəstəyi və “ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi”nin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 4-cü "Yay düşərgəsi" təşkil olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə rəsədxanadan məlumat verilib. Bildirilib ki, ardıcıl 4 il davamlı olaraq təşkil olunan düşərgənin məqsədi şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsini, onların əyləncəli və intellektual-mədəni istirahətini təmin etməkdir. 2024-cü ildə şüarı “Təbiətə əmanət” olan düşərgədə ətraf mühitin qorunması ilə bağlı müxtəlif təlim və əyləncələr üstünlük təşkil edib, mentorlarla görüş təşkil olunub.
 
Düşərgənin 4-cü günü isə ŞAR-ın muzeyinə ekskursiya başlayıb, rəsədxananın tarixi, Yardımlı meteoridi, digər daha kiçik meteorid nümunələri, 2 metrlik teleskopun mexaniki idarəetmə sistemi və digər eksponatlar haqqında məlumat verilib. Daha sonra ŞAR-ın konfrans zalında düşərgə iştirakçılarına rəsədxananın əməkdaşları Əminə Hümbətova və Ülviyyə Bəşirovanın iştirakı ilə elmi-populyar seminar təşkil olunub. Əminə Hümbətova “Günəş sistemi obyektləri və ekzoplanetlər” haqqında çıxış edib, sonra isə uşaqları maraqlandıran suallara cavab verilib.
 
Daha sonra ŞAR-ın 2 metrlik, 60 və 70 santimetrlik teleskoplarına ekskursiya təşkil olunaraq, müşahidə prosesi, elmi materialların alınması, teleskopların iş prinsipi izah olunub. Əlavə olaraq, balaca qonaqlar ŞAR-ın 70 santimetrlik teleskopunda müşahidə gecəsində iştirak ediblər.
 
Düşərgə müddətində “Təkrar emal” masterklassı, o cümlədən Şamaxı Safari parka və Dəmirçi Arxeologiya Muzeyinə ekskursiyalar təşkil olunub.


15.08.2024 | 12:39