Fuad Çıraqov: İnsan kapitalının inkişafı hazırda ölkələr üçün milli təhlükəsizlik məsələsidir
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” ölkə başçısının 2022-ci ildə imzaladığı Sərəncama dəyişiklik edilib.
 
Kütləvi informasiya vasitələrində müzakirəsi davam edən dəyişikliklərlə bağlı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov "Azərbaycan müəllimi"nə açıqlamasında bu dəyişikliklərin gözlənilən nəticələrinə diqqət çəkib.
 
Onun fikrincə, Dövlət Proqramı çərçiəsində dünyanın qabaqcıl ali məktəblərində təhsil alan gənclər gələcəkdə qabaqcıl beynəlxalq təcrübənin daha geniş tətbiq edilməsində və islahatların dərinləşdirilməsində mühüm rol oynayacaqlar:
 
“Bu, ölkəmizin gələcəkdə beynəlxalq aləmdə rəqabət qabiliyyətini artıracaq. Proqrama doktorantura səviyyəsində təhsilin əlavə edilməsi xüsusi ilə diqqətə layiqdir. Təhsilin bu səviyyəsində xaricdə təhsil alanlar əldə edəcəkləri bilik və bacarıqları ali məktəblərdə çalışaraq yeni nəslə ötürəcək, nəticədə ölkə universitetlərinin beynəlxalq miqyasda rəqabət qabiliyyəti artacaq. Bu isə gələcəkdə məhz Azərbaycanda, gənclərimizin heç bir yerə getmədən keyfiyyətli və ən qabaqcıl standartlara cavab verən ali məktəb təhsilinə imkan verməklə yanaşı, Azərbaycan elmini dünya səviyyəsinə çıxaracaq”.
 
F.Çıraqov Dövlət Proqramında edilən dəyişikliyin cəmiyyət üçün yenilik olmadığına da diqqət çəkib:
 
“Xatırlayırsınızsa, bu ilin fevralında ölkə başçısı öz andiçmə mərasimindəki çıxışında gənclər və ümumiyyətlə, Azərbaycanın gələcəyi ilə bağlı proqram xarakterli hədəflər göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsində gənclərimizin vətən sevgisinin, fədakarlığının və qəhrəmanlığının müstəsna yerini xatırladaraq, gələcəkdə onların üzərinə düşən tarixi vəzifələrə diqqət çəkdi. Ölkə başçısı gənclərimizin milli ruhda böyüdülməsində ailənin və məktəblərin üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi. Məhz həmin çıxışında prezidentin qarşıda duran vəzifələr sırasına qoyduğu  hədəflər arasında texnoloji inkişaf da vardı. Prezident məhz Vətən Müharibəsində silahlı qüvvələrin texnoloji üstünlüyünün qələbəmizdəki payına diqqət çəkdi. Hazırda dünyada texnoloji inkişaf və innovasiyalar sahəsində rəqabət var və bu rəqabətdə həlledici məqam ölkələrin insan kapitalıdır. Ona görə də insan kapitalının inkişafı hazırda ölkələr üçün milli təhlükəsizlik məsələsidir”.
 
F.Çıraqov Prezident İlham Əliyevin hələ 2011-ci ildə dediyi “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini xatırladaraq, Dövlət Proqramındakı dəyişikliyin bu məqsədə xidmət etdiyini vurğulayıb:
 
“Müasir dünyada texnoloji inkişafın və innovasiyaların aparıcı və hərəkətverici qüvvəsi gənclikdir. Bu baxımdan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” ölkə başçısının andiçmə mərasimində qoyduğu hədəflərin yerinə yetirildiyinin göstəricisidir. Adı çəkilən proqram çərçivəsində bu il dünyanın ən nüfuzlu universitetlərinə gənclərimizin qəbulu üzrə yüksək göstəricilər isə Elm və Təhsil Nazirliyinin ölkə başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini göstərir”.
 
F.Çıraqovun fikrincə, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı proqram sənəddə Azərbaycanın “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”na çevrilməsi 5 Milli Prioritetdən biridir. İnsan kapitalının inkişafı, təkcə Azərbaycanın dövlət kimi deyil, hər bir azərbaycanlının dünya miqyasında rəqabətqabiliyyətli fərdə çevrilməsini nəzərdə tutur. 
 
Dövlət Proqramı iştirakçıları həm də intellektual döyüşçülər olacaq:
 
“Bildiyimiz kimi, dünya erməniliyinin güc mərkəzlərindən biri Azərbaycanın hələ müstəqilliyini əldə etməmişdən uzun illər əvvəl erməni lobbisinin dünyanın aparıcı akademik mərkəzlərində, nüfuzlu beyin və araşdırma mərkəzlərində, qabaqcıl medialarında və şirkətlərində kök salmalarıdır. Azərbaycan gəncliyi dünyanı heyran qoyan özünün xüsusi təyinatlıları ilə döyüş meydanında qalib gəldiyi kimi gələcəkdə özünün intellektual xüsusi təyinatlıları ilə informasiya məkanında qalib gələcə. Ona görə də 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq istedadlı gənclərimizin üzərinə böyük tarixi vəzifə düşür”.
 
 
Ruhiyyə DAŞSALAHLI


14.08.2024 | 16:23