MİQ-in müsahibə mərhələsində iştirak edən namizədlər təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər | |
Xəbər verdiyimiz kimi, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. 50 264 namizəd arasından 5740 nəfər vakansiya seçimi mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə dəvət olunub.
“Azərbaycan müəllimi” müsahibə mərhələsində iştirak edən namizədlərin təəssüratlarını öyrənib.
Müsahibədə iştirak edən riyaziyyat müəllimi Fərid Xəlilov deyir ki, ixtisası üzrə keçirilən test imtahanında 47,25 bal toplayıb, indi də müsahibə mərhələsində iştirak edib:
“Hesab edirəm ki, bu mərhələ də olduqca uğurlu idi. Ümumiyyətlə, ixtisasımı çox sevirəm və bu sahədə daim inkişaf etməyə həvəsim var. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Riyaziyyat-İnformatika ixtisası üzrə təhsil almışam. Həm test imtahanı, həm də müsahibə üçün xüsusi hazırlaşmışam. Məncə, yaxşı və məsuliyyətli hazırlaşan hər kəs bu mərhələlərdə uğur qazanacaq”.
Texnologiya müəllimi Aynur Rzayeva isə ixtisası üzrə keçirilən test imtahanında 93,75 bal toplayıb:
“Gəncə humanitar kollecini bitirmişəm, elə çalışmaq istədiyim məktəbi də Gəncə şəhərindən seçmişəm. Müsahibə mərhələsinə isə xüsusi həvəslə hazırlaşmışam. Əsasən, ixtisasım və dünyagörüşü ilə bağlı məlumatlar əldə etmişəm. Müsahibəyə də özümlə bərabər ən bəyəndiyim əl işlərimdən birini nümunə kimi gətirmişəm”.
Aynur Rzayevanın sözlərinə görə, həm test imtahanı, həm də müsahibə hazırlaşan hər kəs üçün asandır:
“Mənim üç övladım var. Onlarla maraqlanmaqla paralel olaraq uğur qazana bilmişəmsə, deməli hər kəs bunu edə bilər. Sadəcə hər işdə olduğu kimi burada da zaman sərf etmək, həvəsli və məsuliyyətli yanaşmaq lazımdır. Belə olduqda çıxdığımız bütün yolları uğurla başa vururuq”.
Günel ABBAS
|
|
14.08.2024 | 14:54 | |
|
|
|