UNEC “Absheron Hotel Group”la razılaşdı

“UNEC-də real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Ona görə də bu sektorla ciddi və faydalı əlaqələrin qurulması universitetin prioritetlərindəndir”.

 

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov UNEC ilə “Absheron Hotel Group” arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimində deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təhsil müəssisəsi bu cür hər əməkdaşlığa böyük ümidlərlə baxır:  “Absheron Hotel Group”la əməkdaşlığın da turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında faydalı olacağına inanırıq”.

 

UNEC rektoru onu da bildirib ki, bu Memorandum Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandıracaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssis hazırlığını həyata keçirməyə xidmət edəcək.

 

“Absheron Hotel Group” direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu bildirən G.Kobos hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu ifadə edib. O, həmçinin deyib ki, dinamik inkişaf edən turizm və otelçilik sahəsində əməkdaşlığın qurulması universitetin tələbə və məzunlarının məşğulluğu üçün geniş imkanlar yaradacaq.

 

Tədbirdə “Absheron Hotel Group” haqqında təqdimat nümayiş etdirilib.

 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında praktiki bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək. Turizm və otelçilik sənayesinin çoxşaxəliliyini nəzərə alaraq, tələbələrin karyera planlamalarında müvafiq mentorluq məsləhəti veriləcək.

 

Gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübəsinin təşkilinə dəstək məqsədilə UNEC-in tələbələrinə təcrübə müddətində otellərdəki iş prosesinə qatılamaq imkanı yaradılacaq. Bununla onlar praktiki biliklərini artırmış olacaqlar. Həmçinin, UNEC-in Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin şirkətin regional otellərində təcrübəyə və işə cəlb edilməsinə şərait yaradılacaq. O cümlədən, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, ustad dərsləri təşkil ediləcək. UNEC-də təşkil edilən beynəlxalq konfranslara xarici ölkələrdən dəvət olunan nümayəndələrin qonaqlanması da şirkət tərəfindən təmin olunacaq.

 

UNEC-in Zaqatala filialının rəhbərliyi, professor-müəllim və tələbə heyəti əməkdaşlıq görüşünü video bağlantı ilə canlı izləyib. 

 



20.11.2018 | 16:10