Onlar yüksək təhsil almaq adına bir yola çıxdılar...
Murad Məmmədzadə, Sona Abdullayeva, Həmid Xəlilov və Aysun Məmmədli... Adlarını qeyd etdiklərimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil almaq imkanı qazanan şanslı tələbələrdən bir neçəsidir. Dövlət Proqramı iştirakçısı olmağın sevincini yaşayan, yüksək təhsil almaq adına bir yola çıxan gənclərimiz öz uğur hekayələrini, təəsüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.
 
Tovuzdan Southamptona gedən yol 
 
Murad Məmmədzadə 2003-cü ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 2020-ci ildə Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbini fərqlənmə attestatı ilə bitirən gəncimiz məktəb illərində bir sıra uğurları ilə fərqlənib. O, Rrespublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə iştirak edib. “Kim? Nə? Hara?” intellektual oyununda II yerin qalibi olub. Bir çox idman növləri ilə məşğul olan Murad taekvando üzrə qızıl, gümüş, bürünc medalların sahibidir. O, 2020-ci ildə 626.5 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) inzibati idarəetmə fakültəsinin “Kompüter elmləri” ixtisasına qəbul olunub və 2024-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. 
 
Murada ünvanladığımız “Bəzən deyirlər ki, rayon məktəblərində tədrisin keyfiyyəti paytaxtla müqayisədə bir qədər zəif olur. Sən necə fikirləşirsən, paytaxt məktəblərində təhsil alan şagirdlərlə rayon məktəbliləri arasında təlim-tədris baxımından çoxmu fərq var?” sualına cavabı özünəməxsus olur:
 
- Düşünürəm ki, orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti birbaşa məktəbin rəhbərliyindən asılıdır. İstər paytaxt, istərsə də respublikanın bölgələrinin məktəblərinin müəllim və şagirdlərinin hamısı eyni metodik və dərs vəsaitlərindən istifadə edir. Bizim məktəblərimizdə kifayət qədər savadlı müəllimlərimiz var. Əgər məktəbdə keyfiyyətli tədris varsa, sağlam rəqabətli bir mühit mövcuddursa, rayon şagirdləri də paytaxtdakılar qədər uğur əldə edirlər. Sadəcə, rayonda və yaxud kənddə təhsil alan şagirdlər üçün ən böyük çətinlik onların bəzi materiallara və müasir texnologiyalara paytaxdakı qədər rahat əlçatanlığın olmamasıdır. 
 
 
Dövlət Proqramına müraciət etməyi əslində uzun müddət idi ki, qarşısına hədəf qoyduğunu söyləyən Murad keçirilən mərhələlərdən də söz açır: “Xarici universitetlərə müraciət etməmişdən qabaq mənə xarici dil sertifikatı lazım idi. IELTS imtahanından 7 bal topladıqdan sonra Dövlət Proqramına müraciət etdim. Bir müddətdən keçdi və müsahibə üçün dəvət aldım. Müsahibəyə qədər proqrama seçilmək şansımın az olduğunu düşünürdüm. Çünki 600-dan çox namizədin sənədləri təsdiq olunmuşdu və cəmi 400 boş yer ayrılmışdı. Lakin müsahibə mərhələsində ixtisasım üzrə, eləcə də digər suallara çox yaxşı cavab verdim və qəbul olacağıma dair özümə  inamım artdı. Artıq "University of Southampton"a qəbul olunmuşam. Magistratura təhsilimi “Proqram təminatı mühəndisliyi (software engineering)” ixtisası üzrə alacağam. 
 
Bu universiteti seçməyimdə bir çox amil rol oynadı.Universitetin reytinqi dünya universitetləri sıralamasında 80-ci yerdədir. Həmçinin ali təhsil müəssisəsi haqqında araşdırma etdiyimdə universitetin komputer elmləri departamentinin İngiltərənin ən qüvvətlilərindən biri olduğunu öyrəndim. Eyni zamanda, universitet sahəm üzrə yaxşı araşdırma qabiliyyətinə, keyfiyyətli tədris proqramına, istedadlı mütəxəssis heyətinə malikdir”.
 
Seçdiyi unuversitetin özəlliklərindən söz açan gəncimiz deyir ki, ali təhsil müəssisəsinın böyük bir kampusu var. Kampus daxilində tələbə üçün lazım olan hər bir şərait yaradılıb. Bu universitetdə təhsil almaqla Murad  həm nəzəri və praktik biliklərini inkişaf etdirəcəyini, həm də öz sahəsi üzrə tanınmış mütəxəssislərlə və yeni dostlarla tanış olmaq imkanının olacağını söyləyir. Həmsöhbətimiz bütün bunlara Dövlət Proqramı sayəsində nail olduğunu qeyd edir: “Dövlət Proqramı sayəsində biz gənclər ən müasir və keyfiyyətli təhsilə sahib ola bilirik. Bu proqram bizlərə öz xəyallarımızı gerçəkləşdirməyimizə imkan yaradır. Xərclərimiz qarşılandığı üçün rahat şəkildə təhsilimizə fokuslana bilirik”.
 
Murad xaricdə təhsil almaq istəyən yeniyetmələrə tövsiyə edir ki, ali məktəbdə oxuduqları müddətdə ixtisasları üzrə özlərini davamlı inkişaf etdirsinlər və universitet ortalamasını yüksəkdə tutmağa çalışsınlar. Könüllülük, sertifikatlar, iş təcrübəsi kimi detallara fokuslansınlar. Ali məktəb seçimi edərkən ixtisasın sillabusuna, tədirisin keyfiyyətinə, universitetin məxsus olduğu ölkə daxilində reputasiyasını araşdırsınlar.
 
Gələcək hədəflərindən də danışan Murad Məmmədzadə təhsilini başa vurduqdan sonra ölkəmizə qayıdaraq öz ixtisası üzrə çalışmaq, həmçinin ali təhsil müəssisələrində və özəl kurslarda proqramlaşdırma üzrə dərs keçmək arzusunda olduğunu bildirib. 
 
Oksford Universitetində təhsil almaq onun 8-ci sinifdən xəyalı idi
 
Oksford Universitetində “Hüquq” ixtisası üzrə magistratura  təhsili almaq hüququ qazanan digər Dövlət Proqramı iştirakçısı Sona Abdullayeva 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbini qızıl medalla bitirən Sona orta təhsil illərində müxtəlif mövzularda keçirilən bir sıra bilik yarışlarında və müsabiqələrdə uğurlu nəticələr əldə edib.O, Respublika fənn olimpiadalarında tarix fənni üzrə 2017-ci ildə gümüş, 2018-ci ildə isə bürünc medallar qazanıb. “Ədəbiyyat biliciləri” müsabiqəsində respublika üzrə III yerə çıxıb. 
 
2018-ci ildə 677 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasına daxil olub və tədris ingilis dilində olan qrupda təhsil alıb. Ali məktəbi 2022-ci ildə fərqlənmə diplomu ilə bitirən Sona Dövlət Proqramına qəbul mərhələlərindən danışır: “Qəbul olduğum xarici ali təhsil müəssisəsinin maliyyə şərtləri ailəmin maddi imkanlarından çox yüksəkdə olduğu üçün təhsilimi maliyyələşdirəcək başqa mənbələr axtarırdım. Və bu zaman Dövlət Proqramına müraciət etmək qərarına gəldim. Əslində, Dövlət Proqramına qədər keçilən mərhələlər müəyyən mənada daha həlledicidir, çünki elə məhz bu etaplarda DP-yə qəbul olunmaq şansımızın olub-olmayacağı müəyyənləşir. Bu mərhələlərin ən ilki və əsası oxumaq istədiyiniz xarici ali təhsil müəssisəsinə müraciət etmək və oradan qəbul almaqdır. Uğurlu olduğu təqdirdə Dövlət Proqramına müraciət etmək rahatdır və onun şərtləri də mürəkkəb deyil. Düzünü desəm, Dövlət Proqramına qəbul olacağıma tam əmin deyildim, çünki ixtisasım üstünlük verilən sahələrin içərisində deyildi və bunun nəticəmə nə qədər təsir edəcəyini bilmirdim. Amma əlbəttə ki, tam ümidsiz də deyildim, özlüyümdə “məncə, qəbul olacağam”, - deyə düşünürdüm”.
 
 
Bizimlə söhbəti zamanı Sona qeyd edir ki, bu onun üçün sadəcə bir “Top10” seçimi deyil. Oksford Universitetində təhsil almaq onun 8-ci sinifdən xəyalı idi, hətta bakalavr təhsilini belə orada almaq istəsə də, maddiyat məsələləri ilə bağlı bunu reallaşdırmaq imkanı olmayıb: “Ona görə də Dövlət Proqramına müraciət etməklə mən çoxdankı arzumun yerinə yetəcəyinə köklənmişdim. O ki qaldı hüququ seçməyimə, mən ixtisasca hüquqşünasam. 2 ildən çox idi ki, öz sahəm üzrə fəaliyyət göstərirdim. Buna görə də Oksford Universitetində ixtisasımla bağlı təhsilimi davam etdirməyin ən yaxşı seçim olduğunu düşünürəm. Oksford Universiteti uzunillik təhsil ənənələrinə malikdir. Universitetin böyük bir təcrübə və uzun illər boyunca ən yaxşı olmaq üçün göstərdiyi səyin nəticəsidir ki, həmişə reytinq cədvəllərində ən yuxarı yerlərdə qalmağı bacarır”.
 
Sona Dövlət Proqramının Azərbaycanın ehtiyac duyduğu parlaq gənc nəslin yetişməsi üçün çox böyük əhəmiyyət kəsb etdiyini söyləyir: “Dövlət Proqramı mənim kimi neçə-neçə gəncə xəyallarını reallaşdırmağa və potensiallarını göstərməyə geniş imkanlar yaradır”.
 
Onun fikrincə, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində oxuyan gənclərimiz ölkəmizin uğurlu gələcəyinin formalaşmasında böyük paya sahib olacaqlar. Bir növ, necə deyərlər “get, gör, götür, ən yaxşısını Vətənə gətir” prinsipində olduğu kimi. Gəncimiz Dövlət Proqramının həmçinin azərbaycanlı tələbələrin dünyanın müxtəlif yerlərində Vətənimizi daha geniş şəkildə tanıtmaları və ölkəmizlə bağlı həqiqətləri düzgün olaraq çatdırmaları baxımından da çox böyük rolu olduğunu xüsusi vurğulayır. 
 
Sona gənclərimizə də tövsiyə edir ki, xəyallarını gerçəkləşdirmək üçün addım atmaqdan və bu yolda bəzən uğursuz olmaqdan belə çəkinməsinlər, qorxmasınlar: “Addım atmamış nəticənin nə olacağını heç vaxt tam bilmək olmur. Gənclərimiz ali məktəb seçimi zamanı təhsil almaq istədikləri ixtisas üzrə ən yaxşı təhsil verən universitetlərin olmasına fikir versinlər”.
  
Söhbət əsnasında Sona Abdullayevanın gələcək hədəflərini soruşuruq. Söyləyir ki, bu barədə çox düşünməyi, danışmağı sevmir, çünki həqiqətən həyat çox dəyişkəndir və o kiçik bir an içərisində tamamilə fərqli bir istiqamə doğru yönələ bilər: “Əsas arzum magistratura təhsilimi başa vurub ölkəmə qayıtdıqdan sonra ali təhsil müəssisələrində tədrislə məşğul olmaqdır. Bunu da bir məzunu olduğum Bakı Dövlət Universitetində, bir də Qarabağ Universitetində həyata keçirmək istəyirəm”.
 
“Beynəlxalq olimpiadalarda əldə etdiyim uğurlar Sinqapurda təhsilimi davam etdirməyimi əlçatan etdi”
 
Bunu digər həmsöhbətimiz Həmid Xəlilov söyləyir. 2023-cü ildə Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzun olan Həmid  Dövlət Proqramı çərçivəsində Sinqapur Milli Universitetində bakalavriat səviyyəsi üzrə “Mühəndislik” ixtisasında təhsil almaq hüququ əldə edib. O, liseydə oxuduğu vaxtlarda bir sıra həm yerli və xarici ölkələrdə keçirilən beynəlxalq olimpiadaların qalibi olub. Respublika fənn olimpiadalarında 2-si qızıl, 1-i gümüş olmaqla 3 medala, beynəlxalq olimpiadalarda isə kimya fənni üzrə 2 bürünc medala layiq görülüb. Liseyi bitirdiyi il olimpiadalar qalibi olduğum üçün Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına müsabiqədənkənar qəbul oluub.
 
Dövlət Proqramı iştirakçısı olmaq Həmidin məktəb illərindən ən böyük arzusu olub. Və artıq öz arzusuna çatıb: “Beynəlxalq olimpiadalar qalibi olduğuma görə Dövlət Proqramının müsahibə mərhələsindən azad olundum və bunun üçün də təqaüd qazanacağıma inanırdım. Beynəlxalq olimpiadalarda əldə etdiyim uğurlar Sinqapurda təhsilimi davam etdirməyimi əlçatan etdi”.
 
 
İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə keçirilən nüfuzlu olimpiadaların istedadlı şagirdlərimizin üzə çıxarılmasında önəmli rol oynadığını qeyd edən gəncimiz deyir ki, nailiyyətləri ilə fərqlənən məktəblilərimizin ali təhsil müəssisələrinə qəbulda da şansları digərlərinə nisbətən daha yüksək olur. Sinqapur Milli Universitetini seçməyində əsas səbəb onun dünya universitetləri sırasında yüksək yer tutmasıdır. Bu universiteti reytinqli edən səbəblərdən biri müxtəlif sahələr üzrə tanınmış beynəlxalq məqalələri ilə məşhur olmasıdır. Həmid bildirir ki, universitetin əsas özəlliklərindən biri həm də tələbələr üçün müxtəlif dərsdənkənar fəaliyyətlərin təşkil olunmasıdır. Kimya mühəndisliyi sahəsini seçməyində əsas səbəb isə kimya və riyaziyyat fənlərinə olan böyük marağıdır:
 
“Uşaq vaxtından olan bu marağım olimpiadalar sayəsində daha da gücləndi və ali təhsilimi “Kimya mühəndisliyi” ixtisası üzrə alacağıma qərar verdim. Mən deyərdim ki, Dövlət Proqramı xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində təhsil və yaşayış haqqını qarşılamağa imkanı olmayan, ancaq oxumaq arzusunda olan hər bir Azərbaycanlı gənci üçün böyük şans və geniş imkanlar deməkdir”.
 
Həmidin hədəflərindən biri gələcəkdə öz sahəsi üzrə ixtisaslaşmış mütəxəssis kimi tanınmaq, ölkəmizin və dünyamızın inkişafı üçün vacib qərarlar qəbul edib və əhəmiyyətli addımlar atacaq insanlardan biri olmaqdır.  
 
Dövlət Proqramı dünya reytinqində “Top 10”da olan bir universitetdə təhsil almaq arzusunu gerçəkləşdirdi
 
Sonuncu müsahibimiz Aysun Məmmədli Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olsa da, orta təhsilini Gəncədə alıb. Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin məzunudur. 11 illik orta təhsili dövründə fərqlənən şagirdlərdən olub. Dərslərində yüksək nəticələr göstərməklə yanaşı, müxtəlif olimpiada və bilik yarışlarında iştirak edib. 2019-cu ildə 614 balla  Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” ixtisasına qəbul olunub. Universitetdə təhsil aldığı dönəmdən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrdən biri olub. Ali məktəbdə təhsil aldığı illərdə şəxsi və peşəkar bacarıqlarımı inkişaf etdirərək bir çox yerli və beynəlxalaq layihələrdə, təlimlərdə, konfranslarda, təcrübə proqramlarında iştirak edib, müxtəlif təşkilatlarda könüllü olaraq fəaliyyət göstərib. 3-4-cü kurslardan isə təhsillə bağlı real iş təcrübəsi əldə edərək korporativ mühit təcrübəsi qazanıb. Təhsillə əlaqədar, eləcə də oxuduğu ali məktəbin ictimai həyatındakı fəaliyyəti nəzərə alınaraq Aysun Məmmədli Azərbaycan Dillər Universiteti tərəfindən “Fəxri məzun” diplomu ilə təltif edilib.
 
 
Aysun Dövlət Proqramına müraciətindən söz açır: “Uzun müddət idi ki, Harvard Universitetində təhsil almaq istəsəm də təhsil xərcinin yüksək olması bu arzumun reallaşmasını mənim üçün mümkünsüz edirdi. 2022-ci ildə təsadüfən Dövlət Proqramının iştirakçısı olanların siyahısında Harvard Universitetində təhsil almaq imkanı əldə edən bir tələbənin adını görüncə mənim üçün hər şey dəyişdi və Xarici Dillər Universitetindən məzun olduqdan sonra bütün zamanım bu məqsədimə çatmaq üçün sərf olundu. Dövlət Proqramına müraciət üçün sənədlərimi hazırlayıb təqdim etdim. Açıqcası, hər zaman atdığım addımlarda bacaracağıma inanmışam, lakin Azərbaycanda kifayət qədər güclü bilik və bacarıqlara malik gənclərimizin olması və hər birinin dünyanın müxtəlif nüfuzlu universitetlərindən qəbullar alması Dövlət Proqramı çərçivəsində təqaüd qazanma prosesini daha da rəqabətli etdiyi üçün qəbul xəbərimi alana qədər daxilimdə bir narahatlıq hissi də daim mənimlə idi. Həm də, ümumilikdə 400 yer ayrılmasına baxmayaraq 835 namizədin müraciət etməsi də mənə bu qənaətə gəlməyimə imkan verirdi. Lakin aldığım xoş xəbər mənim narahatlığıma son qoydu. Harvard Universitetinə “Education Leadership Organizations and Entrepreneurship” proqramı üzrə magistratura səviyyəsinə qəbul oldum”. 
 
Bu universitetin dünya reytinqində hər zaman “Top 10”da yer alaraq təhsil sahəsində unikal imkanlar təqdim etdiyini deyən Aysun onun dünya miqyasında tanınmış nüfuza malik olması, keyfiyyətli təhsil, elmi araşdırma imkanları, ən yaxşı professor heyətinə malik olması, MIT və Harvardın digər məktəblərindən də dərs götürərək daha çox öyrənmə imkanının verilməsi, ən yaxşı və müasir tələblərə cavab verən metodlarla təhsil prosesinin idarə edilməsi və digər çox güclü arqumentlərin olmasının bu universitetin seçimində həlledici rol oynadığını bildirir: “Dünyanın müxtəlif ölkələrindən diqqətli seçim mərhələsindən keçərək Harvard Universitetinin tələbəsi olan çox keyfiyyətli və illərin təcrübəsinə malik şəxslərlə tələbə yoldaşı olmaq və bir yerdə öyrənmək, bir-birimizə dəstək olmaq, vacib məsələlər haqqında elmi müzakirələr aparmaq məni daha çox cəlb edən məqamlardandır”.
 
Dövlət Proqramının Azərbaycan gəncləri üçün yaratdığı imkanlardan məmnunluqla danışan həmsöhbətimiz onun əmək bazarında rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə böyük dəstək verdiyini söyləyir. Proqramın Azərbaycan gəncləri üçün dünyanın ən nüfuzlu universitetlərində təhsili almalarını əlçatan etdiyini bildirir: “İllər öncə xaricdə təhsil almaq nə qədər çətin və keşməkeşli idisə, artıq indi bütün gənclər üçün bu bir addım qədər yaxındır. Proqram sayəsində minlərlə gənc keyfiyyətli bilik və bacarıqlar əldə edib və onlar yüksəkixtisaslı mütəxəssislər kimi ölkəmizin inkişafına töhfə verməkdədirlər. Azərbaycanlı gənclərin təhsil xərclərinin tam şəkildə qarşılanması, oxuduqları müddət boyunca, eləcə də, məzun olduqdan sonra onlara dövlətimiz tərəfindən yaxından dəstək göstərilməsi hesab edirəm ki, bu proqramı daha uğurlu və nəticəyönümlü edən faktorlardandır. Mən ilkin olaraq ölkəmi layiqincə təmsil edərək Harvard Universitetinin yaratdığı bütün imkanlardan yararlanaraq özümün ən yaxşı versiyasımı formalaşdıraraq faydalılıq əmsalımı artırmaq istəyirəm. Əsas hədəfim Azərbaycan gənc olaraq  təhsilimizin inkişafına öz töhfəmi vermək və yeniliklərə imza atmaqdır".
 
Samirə KƏRİMOVA


13.08.2024 | 10:10