BDU tələbələri Beynəlxalq Riyaziyyat Olimpiadasında böyük uğur qazanıblar
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında böyük uğura imza atıblar.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Bildirilib ki, Vüqar Quliyev Olimpiadada I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.  
 
Olimpiada avqustun 5-dən 11-dək Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilib. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim edilib.
 
Qeyd edək ki, tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.


12.08.2024 | 22:12