Nicat Məmmədli: Xaricdə təhsillə bağlı Dövlət Proqramına edilmiş dəyişiklik uzunmüddətli perspektivə hesablanıb
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Sərəncama dəyişikliyi şərh edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli hesab edir ki, bu dəyişikliklər ali təhsilin, elmin, kadr potensialının, ümumilikdə gənclərin inkişafında   kifayət qədər mühüm imkan yaradacaq.
 
Dəyişiklik uzunmüddətli perspektivə hesablanıb
 
Vacib məsələlərdən birincisi 2022-ci ildə dövlət başçısının Sərəncamı ilə qəbul edilən Dövlət Proqramnın müddətinin 2028-ci ilə qədər uzadılmasıdır: “Bu müddət ərzində Azərbaycanın ən parlaq gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarına şərait yaradacağıq”. 
 
İkinci mühüm dəyişiklik say məsələsidir: “İndiyə qədər hər il 400 nəfər gəncin xaricdə təhsil alması nəzərdə tutulurdusa, bu say 100 nəfər də artırılıb, bundan sonra hər il 500 gənc dünyanın ən yaxşı universitetlərində təhsil ala biləcək”.
 
Dövlət Proqramı təhsilin bütün səviyyələrini əhatə edəcək
 
“İndiyədək gənclər xaricdə sadəcə bakalavr və magistratura səviyyələrində təhsil ala bilirdisə, artıq doktorantura səviyyəsində də bu, mümkün olacaq. Belə ki, Sərəncama görə, 2025-ci ildən başlayaraq doktorantura təhsili maliyyələşdiriləcək. Bilirsiniz ki, “2019-2023-cü illərdə Azərbaycanda təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” həyata keçirildi və biz hər il bu sərəncama əsasən 100 nəfərə qədər gəncin xaricdə doktorantura təhsili almasını maliyyələşdirirdik. Bu proqram 2023-cü ildə başa çatdı. Amma sosial sifariş alırdıq. Potensiallı gənclər dünyanın ən nüfuzlu universitetlərində doktorantura təhsili almaq arzusundadırlar. Hazırda da xaricdə təhsili davam edən çoxlu gənclərimiz var ki, onların təhsilini Azərbaycan dövləti maliyələşdirir. Yenidən qəbul üçün də çoxlu təklif və tələblər var idi. Dövlət başçısı sosial sifarişi nəzərə alaraq Dövlət Proqramına doktorantura səviyyəsinin də artırılmasına qərar verib. Bundan sonra doktorantura səviyyəsində gənclərin təhsilini sözügedən Dövlət Proqramı çərçivəsində maliyyələşdirəcəyik”.
 
Dünyanın ən yaxşı universitetlərində təhsil almış, tədqiqat aparmış azərbaycanlı tədqiqatçıların, alimlərin yetişdirilməsi Azərbaycan elminə də, ali təhsilinə də öz töhfələrini verəcək
 
Burada çoxlu texniki detallar da olduğunu vurğulayan N.Məmmədli hesab edir ki, Dövlət Proqramındakı dəyişiklikdə ən vacib məsələ odur ki, gəncləri dövlət hesabına daha uzun müddət xaricə göndərə biləcəyik. Bu da ölkəmizin kadr potensialının zənginləşməsinə səbəb olacaq. N.Məmmədlinin fikrincə, 2022-ci ildən başlayan proqram çərçivəsində təhsil alıb ölkəmizə qayıdan kadrlar var ki, artıq ölkə iqtisadiyyatına kifayət qədər ciddi töhfələr verirlər: “Bundan sonra da proses davam edəcək. Təhsil alıb ölkəmizə qayıdan kadr potensialımız ildən-ilə artacaq. Həm say, həm keyfiyyət etibarı ilə doktorantura səviyyəsi həm də Azərbaycan ali təhsilinin gələcəkdə kadr potensialının yaxşılaşmasına, elm potensialının güclənməsinə imkan yaradacaq. Azərbaycan elminin dünya elminə uyğunlaşdırılması, dünya səviyyəsində elmi tədqiqatların aparılması qarşımızda duran əsas məsələlərdən biridir. Dünyanın ən yaxşı universitetlərində təhsil almış, tədqiqat aparmış azərbaycanlı tədqiqatçıların, alimlərin yetişdirilməsi Azərbaycan elminə də, ali təhsilinə də öz töhfələrini verəcək”.
 
Ruhiyyə DAŞSALAHLI


12.08.2024 | 16:53