“Bir Peşənin Sirri” Festivalı bu dəfə paytaxtda keçiriləcək
14 avqust 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Bir Peşənin Sirri" Festivalı keçiriləcək. Tədbir, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev parkda saat 17:00-dan 20:00-dək baş tutacaq.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, festivalda iştirakçılar müxtəlif peşə sahələri üzrə ustad dərslərində iştirak edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Eyni zamanda, emalatxanalarda istifadə olunan avadanlıqların nümayişi və istifadəsi barədə geniş məlumat veriləcək.
 
Tədbirin məqsədi peşə təhsilinə marağın artırılması, gənclərin bu sahəyə cəlb olunması və onların peşəkar karyera qurma potensialını üzə çıxarmaqdır. Festival çərçivəsində ziyarətçilər müxtəlif peşə sahələri üzrə mütəxəssislərlə tanış ola biləcək, onların təcrübələrindən bəhrələnəcək və maraqlandıran suallarını birbaşa cavablandırma imkanı əldə edəcəklər.
 
"Bir Peşənin Sirri" Festivalı, həmçinin iştirakçıları gələcəkdə bu sahədə fəaliyyət göstərməyə təşviq edəcək və onların peşəkar bacarıqlarını inkişaf etdirilməsinə şərait yaradacaq. Tədbir, peşə təhsili və karyera inkişafı ilə maraqlanan hər kəs üçün açıqdır və ödənişsiz olaraq təşkil olunacaq.
 
Festivalda iştirak etmək istəyənlər üçün əlavə məlumat və proqram detallarını Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsindən və sosial media hesablarından əldə etmək mümkündür.


12.08.2024 | 13:39