Dövlət Proqramı təqaüdçüsü: Ölkəmin enerji sektoruna töhfə vermək ən böyük istəyimdir | |
İsmayıl Məmmədov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanıb. Bu ildən etibarən həmin proqramın dəstəyi ilə London İmperial Kollecində (Imperial College London) magistr təhsili alaraq Maşın öyrənməsi və data elmi ilə geo-enerji ixtisasına yiyələnəcək. Onun sözlərinə görə, neft və qaz sənayesində rəqəmsal texnologiyaların, xüsusən də, data elmi və maşın öyrənməsinin tətbiqi sürətlə genişlənir. Bu texnologiyalar sənayedə əməliyyatların optimallaşdırılması, xərclərin azaldılması və daha dəqiq proqnozların verilməsi kimi bir çox üstünlüklər təmin edir.
Bu üstünlüklər İsmayıl Məmmədovun sözügedən ixtisası seçməsinin əsas səbəbi olub. İsmayıl neft-qaz mühəndisidir. 2016-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 599 bal toplayaraq bu ixtisası seçib. O, Bakı şəhərində yerləşən 67 nömrəli tam orta məktəbin məzunudur. Bakalavr təhsilini tədrisi ingilis dilində aparılan "Neft-qaz mühəndisliyi" ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb və bu təhsil səviyyəsini fərqlənmə diplomu ilə başa vurub.
Mühəndislik yolunda addım-addım
Ali təhsil aldığı müddətdə hədəflərini genişləndirib. Böyük hədəflərə gedən ən müxtəlif yollar arasında özünə ən yaxın hesab elədiklərindən gedib. Çoxsaylı təcrübə proqramlarında iştirak edib, təqaüd proqramlarına layiq görülüb: “Universitetdə təhsil aldığım müddətdə, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin təcrübə proqramı çərçivəsində həyata keçirilən tədqiqat layihəsinə qatıldım. Bu layihə çərçivəsində Xınalı dağlarına ezam olunaraq, süxurların tədqiqi ilə məşğul oldum və burada əldə etdiyim praktiki biliklər mənim üçün son dərəcə faydalı oldu. Həmçinin, üzvü olduğum Neft Mühəndisləri Cəmiyyətində fəal iştirak edərək, müxtəlif yarışlar təşkil edir, seminarlar planlaşdırır və dərin elmi müzakirələr aparırdıq. Universitetimizdə müntəzəm olaraq maraqlı görüşlər keçirilir, xaricdən dəvət olunan mütəxəssislər öz təcrübələrini bizimlə bölüşürdülər ki, bu da mənim akademik inkişafıma töhfə verirdi”.
İsmayılın qazandığı mükafatlar və təqaüdlər sırasında "Turan Drilling & Engineering" şirkətinin təqdim etdiyi prestijli təqaüd proqramı da var. Bu təqaüd tələbələrə həm maliyyə dəstəyi, həm də peşəkar inkişaf imkanları təqdim etməklə, onların karyera yollarında daha möhkəm addımlar atmalarına şərait yaradır. Proqram çərçivəsində İsmayıl hər ay kurs çalışmalarını davam etdirmək üçün maliyyə yardımı alıb.
“Bu təqaüd mənim üçün çox böyük bir fürsət oldu. "Turan Drilling & Engineering" şirkətinin maliyyə yardımı ilə yanaşı, qazma əməliyyatları sahəsində əhəmiyyətli təcrübə və biliklər qazandım. Bu təlimlər, əslində, bir mühəndisin gündəlik iş həyatında qarşılaşdığı əsas risk və təhlükəsizlik məsələləri ilə bağlı mənə daha geniş bir baxış bucağı verdi. Təqaüd müddətində qazandığım bilik və təcrübələr, gələcək karyeramda mənə çox böyük bir üstünlük yaradır. Həmçinin, bu təlimlərdə iştirak etməklə mən praktiki olaraq təhlükəsizlik və ətraf mühit məsələlərinə necə yanaşmalı olduğumu öyrəndim. Bu, mənim üçün əvəzolunmaz bir təcrübə oldu", - deyə o bildirir.
İ. Məmmədov Heydər Əliyev Fondu və transmilli neft və qaz şirkəti olan "Technip FMC"nin təqdim etdiyi təcrübə proqramının da qalibi olub. Bu proqram çərçivəsində Fransada təcrübə imkanı əldə edib:
“IV kursda oxuyanda bu layihə çərçivəsində Fransaya ezam olunmuşdum. Orada proses mühəndisi kimi təcrübəçi olaraq çalışırdım. Öz fəaliyyətimdə platformaların dizaynı və texniki göstəricilərini ətraflı şəkildə öyrəndim, dənizdə olan layihələrin həyata keçirilməsi ilə bağlı real praktik biliklər qazandım. İşim çərçivəsində, müxtəlif dəniz platformalarının strukturunu, fəaliyyətini və təhlükəsizlik standartlarını analiz etdim. Eyni zamanda, bu layihədə qazanılan təcrübə, mənim mühəndislik sahəsindəki bacarıqlarımı inkişaf etdirərək sənayenin müxtəlif aspektlərini daha dərindən başa düşməyimə kömək etdi. Uğurla tamamladığım bu layihə mənim peşəkar inkişafımda mühüm bir mərhələ oldu”.
Sənayeyə açılan ilk qapısı CDF oldu
İ.Məmmədovun iş həyatı "Caspian Drilling Fluids" şirkətindən başlayıb: “Hazırda qazma və tamamlama məhlulu mühəndisi vəzifəsində çalışıram. Burada qazandığım peşəkar təcrübə neft və qaz sənayesində həm praktiki, həm də nəzəri biliklərimi artırmaqda kömək olub, qazma və tamamlama məhlulu üzrə dərin biliklərə yiyələnməyə imkan yaradıb”.
Bu imkanı ona ilk yaradan bu müəssisə ilə yolları ayırmaq, sənayeyə girişinin bu ilk qapısını bağlamaq fikri yoxdur: “Şirkətimiz peşəkar olaraq yetişməyimdə böyük rol oynayıb. Məşğul olduğum mühəndislik istiqaməti üzrə mütəxəssis yetişdirmək asan deyil və uzun müddət tələb olunur. Çalışdığım şirkət də yetişməyimə sərmayə qoyub, məni müxtəlif və önəmli təlimlərə göndərərək peşəkarlığımı və bacarıqlarımı artırmağıma dəstək verib”.
“Dayanıqlı enerji resurslarının inkişafına töhfə vermək istəyirəm”
Artıq həm də magistratura pilləsi üzrə təhsil alacaq: “"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üzrə Dövlət Proqramı" elan olunduğu gündən müraciət barədə düşünürəm”, - deyən gənc İsmayıl Məmmədovun sözlərinə görə, o, təhsil alacağı müəssisəni sadəcə reytinqi yüksək olduğuna görə yox, onun maraqlandığı ixtisas sahəsindəki nailiyyətlərinə əsaslanaraq seçib: “Yüksək reytinqi bu sahələrdəki mükəmməl tədris və tədqiqat imkanlarını əks etdirir. İnanıram ki, geoenerji və maşın öyrənməsi kimi qabaqcıl sahələrdəki təhsil və tədqiqat imkanları, mənə enerji sektorunun gələcəyində mühüm rol oynayacaq biliklər və bacarıqlar təqdim edəcək. London İmperial Kollecində (Imperial College London) müasir tədqiqat laboratoriyaları və dünya səviyyəsində tanınmış mütəxəssisləri ilə işləmək, bu sahədə inkişafın son uğurlarını öyrənmək və tətbiq etmək imkanı yaradacaq. Maşın öyrənməsi və data elmi vasitəsilə böyük məlumat bazalarının analizi və daha yaxşı qərarlar qəbul etmək mümkündür. Bu sahədə dərin biliklər əldə edərək, enerji sektorunda daha effektiv və yenilikçi həllər tapmaq, eyni zamanda dayanıqlı enerji resurslarının inkişafına töhfə vermək istəyirəm. Neft və qaz sənayesi üçün vacib olan bu yenilikçi yanaşmalar mənim həm akademik, həm də peşəkar maraqlarıma tam uyğundur. Bu ixtisası seçməyimin əsas səbəbi, enerjinin gələcəyində mühüm rol oynayacaq texnologiyaları öyrənərək, bu sahədə qabaqcıl bir mütəxəssis olmaq və ölkəmin enerji sektoruna töhfə vermək ən böyük istəyimdir”.
Ruhiyyə DAŞSALAHLI
|
|
12.08.2024 | 12:48 | |
|
|
|