Türkiyə-Azərbaycan Universitetində tədris necə təşkil olunacaq? - AÇIQLAMA
Avqustun 9-dan 2024-2025-ci tədris ili üçün Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu başlayıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə danışan Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova TAU ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.
 
O bildirib ki, Türkiyə-Azərbaycan Universitetində (TAU) tədris prosesinə Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub:
 
"Universitetə tələbə qəbulu kompüter mühəndisliyi (OTDU), sənaye mühəndisliyi (İTU), qida mühəndisliyi (Haccettepe Universiteti) ixtisasları üzrə aparılır. Gələcəkdə ölkə iqtisadiyyatı üçün prioritet hesab olunan digər ixtisasların da açılması nəzərdə tutulur. İlkin olaraq onu deyə bilərik ki, universitetin pedaqoji heyəti, əsasən, Türkiyədən gələn müəllimlərdən ibarət olacaq. Türkiyə-Azərbaycan Universitetində tədris proqramları isə müvafiq olaraq tərəfdaş universitetlərin standartlarına uyğun hazırlanaraq həyata keçiriləcək".
 
 
Sevinc İsgəndərova əlavə edib ki, TAU-da tədris ingilis dilində aparılacaq, lakin tələbələrin ingilis dili biliklərinin mükəmməl olması üçün hazırlıq mərhələsi nəzərdə tutulub:
 
"Hesab edirik ki, Türkiyə-Azərbaycan Universiteti ali təhsildə rəqabəti artıraraq, əmək bazarı üçün yüksəkixtisaslı kadrların hazırlanmasına və ölkə iqtisadiyyatına ciddi töhfələr verəcək. Abituriyentlər Türkiyə-Azərbaycan Universitetinə qəbul prosesi ilə əlaqədar AzTU-da hər gün keçirilən "Açıq qapı" günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər".


09.08.2024 | 17:35